Jurnalistin həyat yoldaşı etiraz aksiyası keçirib

İyunun 29-da “Azel TV” xəbər saytının təsisçisi, həbsdə olan jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin binası qarşısında etiraz aksiyası keçirib.

O, həyat yoldaşının sərbəst buraxılmasını tələb edib. Sadıqova Baş İdarənin binası qarşısında səkinin üzərinə `Ədalətsiziliyə son!`, `Kölə etmə, azad et!` şüarlarları yazıb.

Əfqan Sadıqov bu il mayın 13-də saxlanılıb.

İstintaqın bildirdiyinə görə, Əfqan Sadıqov Xəbərfakt.az nəşrinin redaktoru Sakit Muradov ilə birlikdə 10 min manat rüşvət alarkən cinayət başında saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb.

Əfqan Sadıqov və Sakit Muradov təqsirləndirilən şəxs qismində cəlb edilərək Sadıqovun barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs, Muradovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədiimiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalıist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsi də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin hardan gəldiyini yaxşı bilirik”, Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Sevinc Sadıqova bu gün keçirdiyi etiraz aksiyası zamanı istintaqın düzgün aparılmadığını, həyat yoldaşının tənqidi yazılarına görə sifarişlə həbs edildiyini bildirib.

“Mənim həyat yoldaşımı necə sifarişlə həbs ediblər, elə də azad etsinlər. Mənim həyat yoldaşımı əsirlikdən buraxın. O öz ölkəsində əsirdir. Əfqana qarşı ağır ittihm irəli sürüblər. Necə olur ki, qrup halında məmurları şantaj edib pul alan jurnalistin həyat yoldaşı olan mən, onun həbsxanada yanına getməyə pul tapa bilmirəm. Gəlsinlər bizim yaşayışımıza baxsınlar. İki azyaşlı uşaqla qalmışam, dolana bilmirəm. Bir də sifariş verən məmurların yaşayışına baxsınlar. Görsünlər korrupsiner kimlərdir.”

Sadıqova həyat yoldaşının həbsinin sifarişli olmasını sübut etmək üçün sual edib ki, `necə olur Əfqanla birgə olan Sakit Muradov həbs edilmir?`.

“Müstəntiq mənə deyir ki, Muradovun azadlıqda gəzməsi istintaq sirridir. Bu necə istintaq sirridir? Mənə cavab versinlər,” o qeyd edib.

Sevinc Sadıqova Amerikanın Səsinə bildirib ki, bu gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Anar Məmmədov tərəfindən qəbul edilib.

“Mən Əfqanın sifarişlə həbsi barədə qabaqcadan plan hazırlandığını, bir sıra şəxslərin bu planda iştirakdan boyun qaçırdığını, Sakit Muradovun hazırlanan planı icra edəcəyini boynuna götürdüyünü Məmmədovun diqqətinə çatdırdım. Əfqan Sadıqovun rüşvət almadığını, onun rüşvət almaq üçün qabaqcadan hazırlanan plan əsasında şərləndiyini bildirdim. Həyat yoldaşıma qarşı çox ağır ittiham irəli sürüldüyünü dedim. Necə olur ki, külli miqdarda rüşvət alan adamın ailəsi çörək pulu tapmır. Biz jurnalist kimi çoxsaylı insanların hüquqlaqrını müdafiə etmişik. İtirəcəyim bir şey də yoxdur. Mənim tələbim Əfqanın azadlığıdır və bu tələbim uğrunda axıradək gedəcəm. Anar Məmmədov dedi ki, ona iki həftə vaxt verim. İki həftə ərzində Əfqanın vəkili ilə birgə yenidən araşdırma aparılacaq və ədalətli qərar qəbul ediləcək,” Sadıqova Amerikanın Səsinə deyib.

Jurnalist daim kəskin tənqidi yazıları və araşdırmaları ilə tanınıb.

Sadıqov bundan öncə Cəlilabad rayonunda məmurları tənqid etdikdən sonra, 2016-cı il noyabrın 22-də həbs edilib. O, Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunuraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan jurnalistin cəzası 1 il azaldılıb.

O, bir neçə dəfə isə müxtəlif müddətlərdə inzibati qaydada həbsə məruz qalıb.

Sadıqov bütün hallarda ittihamları qəbul etməyib və bunun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.

Jurnalist yerli hüquq müdafiəçiləri tərəfindən əvvəlki həbsi zamanı siyasi məhbus kimi tanınıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button