Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

Yayımlandı: 28 Mart 2024 13:04

O, pis rəftarla bağlı prokurorluğun çıxardığı qərarları illərdir ki, ala bilmədiklərini deyir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir.

Onun sözlərinə görə, həyat yoldaşının həbs olunarkən Dövlət Təhlükəsizliyi Xidmətində (DTX), eləcə də sonradan Bakı İstintaq Təcridxanasında məruz qaldığı təzyiqlər, pis rəftarla bağlı şikayətləri üzrə prokurorluğun çıxardığı qərarları illərdir ki, ala bilmirlər.

Gülmirə Aslanovanın Meydan TV-yə dediyinə görə, şikayətlərdən biri 5 il əvvəl həyat yoldaşı saxlanılarkən DTX-da məruz qaldığı təzyiqlərlə bağlı olub:

“Polad Aslanov 2019-cu il iyunun 12-də saxlanılarkən DTX-da psixoloji və fiziki təzyiqlərə məruz qalıb. Onu ailəsi, azyaşlı körpəsi və ona yaxın olan adamlarla hədələyiblər. Ac-susuz, yuxusuz saxlayıblar. Vəkili ilə əlaqə saxlamasına icazə verməyiblər. Bununla əlaqədar vəkili Elçin Sadıqov Səbail Rayon Prokurorluğuna şikayət ərizəsi göndərmişdi. Həmin şikayət əsasında araşdırma aparıldı. Bir müddət sonra isə prokurorluq bu şikayət üzrə cinayət işi başlanmasının rədd edilməsi haqda qərar qəbul edib. Guya belə nəticəyə gəliblər ki, Polad Aslanovun şikayətində göstərdikləri təsdiqini tapmayıb. Amma o rədd qərarını nə Polad Aslanova veriblər, nə də vəkilə”.

Həyat yoldaşının sözlərinə görə, Polad Aslanovun pis rəftarla bağlı prokurorluğa daha bir şikayəti 2020-ci ildə Bakı İstintaq Təcridxanasında ona qarşı baş verənlərlə bağlı olub.

O dövrdə Polad Aslanovun müdafiəçisi Elçin Sadıqovun fərdi qaydada vəkilliklə məşğul olmasına qadağa qoyulmuşdu.

Polad Aslanov buna etiraz olaraq, saxlandığı Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirmişdi.

Foto: Meydan TV

O, 9 gün aclıq etmişdi.

O zaman Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov Polad Aslanovun saçlarının qırxılması, özünün isə “kars”a salınmasına göstəriş vermişdi. Polad Aslanovun vəkili və ailəsilə görüşməsinə icazə verilmirdi. Elnur Aslanov ona demişdi ki, “mənlik deyil, ağsaqqalın əmridir, icra etməliyik”. Baş verənlərlə bağlı prokurorluğa şikayət verilmişdi. Lakin bu dəfə də prokurorluq cinayət işi başlamaqdan imtina etmişdi. Bu rədd qərarı da nə Polad Aslanovun özünə, nə də vəkilinə  verilmişdi”, – Gülmirə Aslanova bildirib.

O əlavə edib ki, Polad Aslanov haqqında qəbul edilmiş qərarların illərdir onun özünə, vəkilinə verilməməsi ciddi qanun pozuntusudur.

Bununla əlaqədar həm Baş Prokurorluğa, həm də Ombudsman Aparatına müraciət edib:

“Polad Aslanov qanuni haqqını tələb edir. Prokurorluq qərarları niyə göndərmir? Vətəndaşa onun haqqında çıxarılmış qərarları göndərmək bu qədər çətindir ki, öhdəsindən gəlmirlər?”

Gülmirə Aslanovanın şikayətindən sonra martın 27-də Nizami rayon Prokurorluğunun əməkdaşları 1 saylı cəzaçəkmə müəssisəsində Polad Aslanovla görüşüb.

Polad Aslanov 2019-cu il iyunun 12-dən həbsdədir.

13 il azadlıqdan məhrum edilən sayt rəhbəri Cinayət Məcəlləsinin 274-cü maddəsilə – dövlətə xəyanətdə təqsirli bilinib.

İttihama görə, Polad Aslanov İranın xüsusi xidmət orqanlarıyla məxfi əməkdaşlıq edib, ölkədən kənarda onlarla gizli görüşlər keçirib, informasiyalar ötürüb və bunun müqabilində pul alıb.

Sayt rəhbəri isə bu barədə yazılanların yalan olduğunu deyir, özünü təqsirli bilmir.

O, tənqidçi jurnalist fəaliyyətinə, xüsusən DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə cəzalandırıldığını deyir:

Məşhəd, Kərbəla ziyarətinə gedənlərin hər birinə görə 10-20 dollar rüşvət alınması heç kimə sirr deyil. Mən də xüsusi xidmət orqanlarının bu korrupsiya əməllərini işıqlandırdığıma, mənə təklif olunan rüşvət qarşılığında yenə də o yazıları silməyə razılaşmadığıma görə bu gün buradayam”.

Polad Aslanov səhhətindəki problemlərlə əlaqədar uzun müddət hərbi xidmətə aparılmasa da, 2018-ci ilin aprelində ona qəfil çağırış gəlib.

O, hərbi xidmətini 2019-cu ilin aprelində başa vurub.

İki ay sonra isə həbs edilib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button