Kadırov xəstədir, onu Alaudinov əvəz edə bilər -KİV

Kreml, çox güman ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun varisi ilə bağlı qərar verib.

“Novaya Gazeta Europe” nəşrinin hazırladığı araşdırmaya görə, bu, xüsusi təyinatlı “Axmat”ın komandiri Apti Alaudinovdur.

Aprelin 16-da prezident Vladimir Putin Alaudinovun Rusiya Müdafiə Nazirliyi Hərbi-Siyasi İşlər üzrə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb. Nəşrin tədqiqatçıları bu təyinatı Alaudinovun gələcək “möhtəşəm” karyerasında pillə adlandırıblar.

Qəzet xatırladır ki, 2023-cü il dekabrın 18-də Moskvada “Vahid Rusiya”nın qurultayı keçirilib və orada nümayəndələr Putinin beşinci müddətə prezidentliyə namizədliyini dəstəkləyiblər. Qurultayda Alaudinov da çıxış edib. O, xüsusilə ənənəvi dəyərlərdən və dindən danışıb. A.Alaudinovun bu çıxışı onun sürətli karyera yüksəlişinin ilk mühüm siqnalı oldu, – “Novaya Gazeta Europe”də yazılıb.

Yanvarda Alaudinovun prezident seçkisində Putinin vəkili olması xəbəri yayıldı. Martda Alaudinov “Vaqner” özəl hərbi şirkətinin 3 min döyüşçüsünün rəhbərlik etdiyi “Axmat” xüsusi təyinatlı dəstəsinə köçürülməsi ilə bağlı danışıqları uğurla başa çatdırdı, apreldə isə Müdafiə Nazirliyi yanında “siyasi rəhbər” (politruk) təyin edildi.

“Novaya Gazeta Europe” iddia edir ki, həkimlərin mədəaltı vəzinin nekrozu diaqnozu qoyduğu R.Kadırovun səhhəti tam sağalmağa ümid vermir. Həmçinin bildirilir ki, 2023-cü ildə Kadırov şiddətli ağrı və yuxusuzluq səbəbindən qəbul etdiyi dərmanın həddindən artıq dozası səbəbindən medikamentoz komaya salınıb. Nəşrin mənbələri iddia edir ki, bundan sonra həkimlər Kadırovun vəziyyətini stabilləşdirə biliblər, lakin onun beyninin müayinəsinin nəticələri “Kadırovun qohumlarını sarsıdıb”.

Çeçenistan rəhbərinin səhhətindəki problemlər rəsmən təsdiqlənmir.

Redaksiyada hesab edirlər ki, ötən ilin sentyabrından Rusiya Prezident Administrasiyası Çeçenistanda hakimiyyətin məcburi dəyişdirilməsi halında ssenari hazırlamağa başlayıb.

Rəsmi məlumatlara görə, Alaudinov Stavropol diyarının Novoselski rayonunda zabit ailəsində anadan olub. 2001-ci ildə (Çeçenistanda döyüşlər davam edərkən) o, Çeçenistan Dövlət Universitetində hüquqşünas diplomu alıb, sonra prokurorluqda işə düzəlib.

Alaudinov 29 yaşında Daxili İşlər Nazirliyində əmək fəaliyyətinə başlayıb, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi və nazir müavini vəzifələrinə qədər yüksəlib.

2021-ci ildə onun Kadırova sui-qəsddə iştirakına aid şayiələrə görə vəzifəsindən uzaqlaşdırıldığı bildirilir. 2022-ci ildə Ukraynaya qarşı müharibədə iştirakına görə Putin Alaudinova “Rusiya Qəhrəmanı” adı verib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button