'Kanal 11' televiziyasının rəhbərinə əlavə ittiham verilib

“Kanal 11” internet televiziyasının həbsdə olan rəhbəri Teymur Kərimova qarşı əlavə ittiham irəli sürüldüyü bildirilir.

Bu barədə jurnalistin vəkili Nemət Kərimli məlumat verib. Onun sözlərinə görə, əvvəlki ittihama digəri də əlavə olunub: “Əvvəl Teymur Kərimova qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülmüşdü. Hazırda 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham əlavə olunub”.

Vəkil qeyd edib ki, T.Kərimov özünü təqsirli bilmir və həbsini jurnalistika fəaliyyəti ilə əlaqələndirir.

T.Kərimov ötən il dekabrın 12-də həbs olunub. Onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Həmin ittihamlarla şəxsə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Hələlik, vəkilin dediklərinə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Son aylar Azərbaycanda 10-a yaxın jurnalist həbs edilib. Onlar, əsasən, qaçaqmalçılıq, hədə qorxu ilə tələb etmə və başqa ittihamlarla üzləşiblər. Jurnalistlər ittihamları qurama sayır və bunu peşə fəaliyyətləri ilə izah edirlər. Rəsmilər isə ölkədə jurnalistlərin peşə fəaliyyəti ilə bağlı həbs olunmalarına dair fikirləri qəbul etmirlər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button