“Kaş ki, Azərbaycanın da bir Əhməd Qayası olardı…”

Kürd separatçısı elan edilən Əhməd Qayaya münasibət necə dəyişdi?

Noyabrın 16-da məşhur kürd əsilli Türkiyə sənətçisi Əhməd Qayanın anım günü idi. Maraqlıdır ki, bu münasibətlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın Parisdə sənətçinin məzarını ziyarət edib.

Onun bu ziyarəti hökumətə yaxın mətbuat və mediada geniş işıqlandırılıb. Məlumata görə, ziyarətdə İbrahim Kalını Türkiyənin Fransadakı səfiri İsmayıl Hakkı müşayiət edib. Prezident sözçüsü jurnalistlərə verdiyi açıqlamasında Əhməd Qayanı Anadolu torpağının yetişdirdiyini deyib:“Əhməd ürəyi böyük, könlü zəngin, qabiliyyətli bir sənətkar idi. Əlbəttə ki, onun üzüntülü bir qürbət hekayəsi var. Əslində ölkəsini, vətəninin torpağını, daşını, küləyini, suyunu, günəşini bu qədər sevən birinin ahıl yaşında ölkədən kənarda vəfat etməsi çox üzücü hadisədir. Əhməd Qaya ölkəsində gözəlliklər üçün mübarizə aparmış bir insandır. Bu səbəbdən də həyatı ancaq acılarla keçdi. Yeri gələndə bu ölkənin namuslu sağçılarını da, solçularını da dəstəkləyib… Yeri gələndə bir şeir oxuduğu üçün həbsə atıldı”.
Prezident sözçüsününü daha bir açıqlaması diqqət çəkib:

“Cumhurbaşkanımız Əhməd Qayanı hər zaman sevmişdir”.

Qeyd edək ki, Əhməd Qaya kürd əsilli olduğu üçün kürdcə də mahnılar yazar, ifa edərdi. Bu səbəbdən dəfələrlə təzyiqlərə məruz qalıb. Hətta 1999-cu ilin 12 fevral tarixində “Şou-biznes jurnalistləri” dərnəyinin təşkil etdiyi mükafatlandırma gecəsində sənətçinin “kürd əsilli olduğum üçün kürdcə mahnı yazıram və bu mahnıya klip çəkdirirəm. Bu klipi yayınlayan, ürəkli insanların olduğunu da bilirəm” deməsinin ardından çəngəl-bıçaq atəşinə tutulmuşdu. Həmin zaman tədbirdə olan İbrahim Tatlısəs, Ajda Pekan, Adnan Şənsəs, Müəzzəz Ərsoy, Mahsun Kırmızıgül ona qarşı olan hücuma səssiz qalmışdılar. Sənətçi Sərdar Ortacın isə həmin vaxt Əhməd Qayaya hücum edənlər arasında olduğu bildirilirdi. Doğrudur, illər sonra həmin sənətçilər müəyyən bəhanələrlə özlərinə haqq qazandırmağa çalışsalar da, bu gün davranışlarına görə hələ də qınanılır. İllər sonra, yəni 2013-cü ildə isə Türkiyənin baş naziri olan Ərdoğan bir toplantıda həmin prosesi xatırlayaraq Əhməd Qayaya çıxan sənətçiləri sərt tənqid etdi.

İddialara görə, Əhməd Qayanın mahnıları bir qadına deyil, məhz Türkiyəyə həsr olunub. Onun məşhur “Giderim” mahnısını dərindən araşdıranda bu açıq-aşkar bəlli olur. Mahnıları isə təkcə Türkiyədə deyil, eləcə də ölkəmizdə bir çoxları tərəfindən sevilərək dinlənilir. Lakin sənətçi sağ ikən və öldükdən sonra da həm öz ölkəsində, həm də Azərbaycanda PKK ilə əlaqələndirlir, PKK lideri Abdulla Öcalanı müdafiə etdiyi üçün qınanılır.

İddialara görə,Əhməd Qayanın PKK-ya sevgisi Gültənlə evləndikdən başlamışdı. Gültən PKK-çı olmasa da, PKK-ya tələbəlik illərindən rəğbət bəsləyirdi. Əhməd Qaya isə evləndikdən sonra tam olaraq arvadının ideoloji təsiri altına düşmüşdü. Buna görə də Əhməd Qayanın son yaradıcılıq dönəmində PKK-ya olan simpatiyasını hiss etdirirdi. Bu da onu Doğu Perincəkdən, həmçinin dostu və qaynı Yusuf Hayaloğlundan uzaqlaşdırmışdı.
Türkiyədə ciddi qınaqlara üz-üzə qalan Əhməd Qaya sonrada Fransaya mühacirət etmişdi. O, 2000-ci ildə Parisdə yeni albomunu yazarkən infarktdan dünyasını dəyişmişdi. Ölümündən sonra Əhməd Qaya əfsanəyə çevrilməyə başladı. Və 2013-cü ildən sənətçiyə qarşı münasibət də dəyişməyə başladı. Hətta Azərbaycanda da onun mahnıları tez-tez ifaçıların repertuarına salındı.

Maraqlıdır, kürd separatçısı elan edilən Əhməd Qayaya qarşı həm öz ölkəsində, həm də Azərbaycanda münasibət qəfildən necə dəyişdi? 

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı məsələyə bu cür şərh bildirdi: “Əhməd Qayanı tələbəliyimin ilk illərindən tanıyıram və çox izləyib, təqib etmişəm. Sənətçinin ən qalmaqallı, təlatümlü vaxtlarında belə onu sevərək dinləmişəm. Bildirim ki, türk milliyyətçiləri Əhməd Qayanı nə qədər tənqid edirdilərsə, bir o qədər də sevərək, hətta kürd milliyyətçilərindən daha çox dinləyirdilər. Amma ona qarşı olan münasibətə gəldikdə isə, qeyd edim ki, bu Türkiyədə hakim olan rejimlərin, partiyaların ideologiyalarının münasibətidir. Sənətçiyə qarşı münasibətin tamamilə dəyişməsi onun Ərdoğanla olan dostluğundan irəli gəlir. Ərdoğanla Əhməd Qaya dost olublar, həmişə də insan hüquqları kontekstindən bir-birilərini müdafiə ediblər. Hətta zamanında Ərdoğan həbsə gedəndə yaxın dostlarından çox Əhməd Qaya yola salmışdı. Yəni onların keçmişə dayanan dostluqları təbii ki, bu gün artıq Ərdoğanın siyasətinə də təsir edib. Bilirsiz ki, bir neçə il öncə kürd dilində yayımlanan televiziya kanalı da açıldı. Beləliklə o zamanın münasibəti ilə indikinin münasibəti çox fərqlidir, həm kürdlərə, kürd dilində oxumağa, o cümlədən də Əhməd Qayaya qarşı. Bilirsiz ki, zamanında Sərdar Ortac və digər müğənnilər onu boykot etmişdilər. Səbəbi isə onun kürd dilində albom çıxartmaq istəyi idi. Onun bu istəyi Türkiyədən qovulmasına və qürbətdə dünyasını dəyişməsinə səbəb olmuşdu. Əhməd Qaya çox böyük, dəyərli sənətkardır. Kaş ki, Azərbaycanın da bir Əhməd Qayası olardı… “

 

Xalidə Gəray
Musavat.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button