Konstitusiya Məhkəməsi bankların xeyrinə qərar çıxardı

Məhkəmə borcluların tərəfini tutmadı

Konstitusiya Məhkəməsinin Plenumu xarici valyutada götürülən kreditlərlə bağlı bankların xeyrinə qərar verib.

Məlumatı “Azərtac” Konstitusiya Məhkəməsinin mətbuat xidmətinə istinadən yayıb. Məlumatda bildirilir ki, Plenum Fərhad Abdullayevin sədrliyi ilə xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirib. İclasda Mülki Məcəllənin 422-ci maddəsinin şərh edilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.

Plenum iş üzrə hakim K. Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Məlumata görə, qərarda Azərbaycan Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına istinad edilir.

Qərarda yazılıb ki, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflərə gözlənilməz hesab edilmədiyini və borclunun krediti xarici valyutada almaqla maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.

Bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək xarici valyutada olan kreditlərə münasibətdə Mülki Məcəllənin 422-ci maddəsinin şərh edilməsini xahiş etmişdi. Həmin maddə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi ilə bağlıdır.

Bakı Apelyasiya Məhkəməsi müraciətində Konstitusiya Məhkəməsi qarşısında 3 sual qoymuşdu. Suallardan biri milli valyutanın devalvasiyasının kredit üzrə borcluya münasibətdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab olunub-olunmaması ilə bağlı idi.

Eyni zamanda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin kredit münasibətlərinə tətbiq edilib-edilməməsi və ləğv edilmiş müqavilələrin nəticələrinin hansı qaydada tənzimlənməli olduğu soruşulurdu.

2015-ci ilin ortalarında Konstitusiya Məhkəməsi qərara alıb ki, həmin il fevralın 21-dək, yəni manatın devalvasiyasına qədər hüquqi və fiziki şəxslərin xarici valyuta ilə götürdükləri kreditlər borcun qaytarıldığı anda mövcud məzənnə üzrə ödənilməlidir. Bununla da məhkəmə kreditin götürüldüyü məzənnə ilə qaytarılmasıyla bağlı borcluların ümidlərinin üzərindən xətt çəkib. Həmin ilin dekabrında manat ikinci dəfə devalvasiyaya uğrayıb.

1 dollar birinci devalvasiyada 78 qəpikdən 1 manat 5 qəpik, ikinci devalvasiyada isə 1 manat 55 qəpik səviyyəsinə yüksəlib. Ancaq, əsasən, son bir ildə manatın məzənnəsi sabit qalmaqdadır. Hazırda 1 ABŞ dolları 1 manat 70 qəpiyə bərabərdir.

Son rəsmi məlumatlara görə, Azərbaycan banklarında problemli kreditlərin həcimi 1,8 milyard manata çatıb (Azadlıq Radiosu).

İqtisadçı Natiq Cəfərli öz “Facebook” səhifəsində məsələyə münasibət bildirib:

“Devalvasiyalardan öncə bütün rəsmilər, o cümlədən Elman Rüstəmov rəsmi bəyanatlar verirdilər ki, manat dəyərdən düşməyəcək. Məhkəmə isə deyir ki, bu, gözlənilməz deyildi.

Ölkədə problemli kreditlərin həcmi rəsmi rəqəmlərə görə 16 faizdir, normal hesablansa isə 30 faizi keçib (Beynəlxalq Agentliklər 30 faiz göstərir), amma rəsmilər özlərini dəvəquşu kimi aparırlar, sanki problemi görməyəndə onlar avtomatik həll olunacaq.

Dünyada problemli kreditlərin həcmi 3 faizi keçsə, bu, banklar üçün böyük stres sayılır, həmən həll yolları axtarılır. Bizdə isə hər sahədə olduğu kimi, bu məsələdə də “harda qırıldı-qırıldı” prinsipi ilə yanaşırlar”.

Azərbaycanda infilyasiyanın baş verdiyi dövrdə banklarla bağlı araşdırma aparan jurnalist Əfqan Muxtarlı müəyyənləşdirmişdi ki, həmin dövrdə borclanma, müflis olma kimi proseslər prezident İlham Əliyevin övladlarının nəzarət etdiyi banklardan yan keçib. Əliyevlər 2016-cı ildə bu banklardan 82 milyon ABŞ dollarından çox gəlir götürüblər. Ümumilikdə isə Azərbaycanın bank sektoru ötən il 960 milyon dollar itirib.

Araşdırma müəllifi hazırda həbsdədir. O, 2017-ci il, mayın 29-da yaşadığı Tbilisi şəhərindən müəmmalı şəkildə yoxa çıxıb və səhərisi gün Azərbaycanda həbs edilib. Ə.Muxtarlı Gürcüstandan oğurlanaraq Azərbaycana gətirildiyini deyir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button