Korrupsiya milli təhlükəsizlik üçün qorxunc miqyas alıb

Demokratiya və Rifah uğrunda Hərəkat (DRH) Transparency İnternational tərəfindən yayılmış Korrupsiya Qavrama İndeksi-2018-ə münasibətini əks etdirən sənəd yayıb. Bu indeksdə Azərbaycan 28 ölkə arasında 152-ci yeri tutub.

Azərbaycan 100 mümkün baldan cəmi 25 bal yığıb, bu da 2017-ci ildəkindən 6 bal azdır. Ölkə 122-ci yerdən 152-ci yerə geriləyib.

Bu zaman Gürcüstan KQİ-2018-də 41-ci, Ermənistan 105-ci yeri tutub, RF və İran 138-ci yeri bölüşürlər.

Postsovet ölkələri arasında Azərbaycan Tacikistanla eyni səviyyədədir və yalnız Türkmənistan və Özbəkistandan irəlidədir.

Azərbaycanın mövqeyinin kəskin şəkildə pisləşməsi hesabat tərtibatçıları tərəfindən çirkli pulların yuyulması qalmaqalı – “Azərbaycan landromatı” ilə, habelə media və vətəndaş cəmiyyətinin vəziyyətinin pisləşməsi ilə izah olunur.

KQİ-də Azərbaycan Kamerun, Madaqaskar, Nikaraqua və Tacikistanla birlikdə 152-156-cı yerləri tutur.

DRH Azərbaycanın KQİ-də yerinin 30-35 bənd geriləməsi ilə bağlı narahatlığını bildirir. Çünki bu, Qarabağ probleminin həlli, milli təhlükəsizlik, yoxsulluğun azaldılması və ümumilikdə ölkənin gələcəyi və inkişafı üçün təhlükə yaradır, deyə bəyanatda bildirilir.

Bundan başqa, vəziyyət yaxşılaşmasa, KQİ-də aşağı reytinq ölkədən kapital axınına, xarici investisiyaların azalmasına, turistlərin sayının azalmasına, ölkənin kredit reytinqinin azalmasına gətirib çıxaracaq, Dünya Bankının və digər beynəlxalq maliyyə müəssisələrinin və institutlarının Azərbaycan üzrə qiymətləndirmə hesabatlarına mənfi təsir göstərəcək.

DRH Nazirlər Kabinetinin buraxılmasını, korrupsiyaya qarşı real mübarizə aparmaq iqtidarında olan sağlam, islahatçı komandanın formalaşdırılmasını zəruri sayır.

Həmçinin, təcili olaraq gəlir və əmlak bəyannaməsi mexanizminin işlənib hazırlanmasının, maraqların münaqişəsinin qarşısının alınması haqqında qanunun və Rəqabət Məcəlləsinin, “Korrupsiya haqqında məlumat verənlərin müdafiəsi haqqında” qanunun, Dövlət Qulluqçularının Etika Məcəlləsinin qəbul edilməsi, ictimai resurslardan istifadəyə görə hesabatlılığın və şəffaflığın artırılması, ən əsası isə, ədliyyə və məhkəmələrin müstəqilliyinin təmin edilməsinin əhəmiyyəti vurğulanır.

Bundan başqa, hüquq-mühafizə orqanları yerli və xarici mediada dərc edilmiş korrupsiya faktlarını təcili araşdırmalı, müxalifət partiyalarının, müstəqil vətəndaş cəmiyyəti və media institutlarının fəaliyyəti üçün normal şərait yaratmalı, toplaşmaq azadlığı ilə bağlı məhdudiyyətləri aradan qaldırmalı, siyasi məhbusları azad etməlidir.

DRH 2015-ci ildə dahi iqtisadçı-alim Qubad İbadoğlunun rəhbərliyi altında yaradılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button