Kütləvi itaətsizlik

Əvəz Zeynallı

 Cənab İlham Əliyev, idarə etdiyin ölkədən xəbərin varmı?

 Zamanında Hindistanın azadlıq mübarizəsi dillərə dastan olmuşdu. Güclü və qüdrətli ingilislərlə baş edə bilməyəcəyini anlayan Maqatma Qandi hind xalqını xilas etməyin yollarını axtarırdı. Tapdı da. Bir güllə atmadan, bir insanın burnunu qanatmadan böyük Hindistanı böyük İngiltərənin – günəşi batmayan imperiyanın cəngindən qoparıb ala bildi. Dünya tarixi çox nadir nümunələrdən birini yaşadı. Hələ indiyə qədər, günümüzün reallıqları da daxil olmaqla bu nümunənin təkrarı yaşanmadı.

Biz və ya bizi idarə edənlər çox ağıllı olsaydıq, belə bir şərait yalnız 1988-ci ildə yaranmışdı. İnsanlar Xalq Cəbhəsinə axın-axın qoşulur, onun bir sözünü iki etmirdilər. Nemət Pənahlının bir sözü ilə oturub-duran milyonları kim unudub? Heç kim! Düzdür, indi bu nümunəyə bir çoxları həqarətli yanaşma sərgiləyir, amma əminəm ki, Hindistan nümunəsini o zamankı Hərəkat rəhbərliyi bilsəydi, tamam başqa hadisələr baş verə bilərdi. Anarın, Bəxtiyar Vahabzadənin, Elçinin nə hörmətli zamanları vardı. Bir sözləri iki olmurdu. Millət Bəxtiyara, Anara and içirdi. Əbülfəz Elçibəyin, Etibar Məmmədovun, İsgəndər Həmidovun, Rahim Qazıyevin, İsa Qəmbərin və digərlərinin hər kəsin ürəyində taxt qurmuş sevgi yurdu vardı. Onlar o zaman bir olsaydılar, birlikdə olsaydılar, bir az təcrübəli olsaydılar, bəlkə də Hindistan nümunəsini tətbiq edə bilərdilər Azərbaycan siyasi sisteminə. Millət səni eşidirsə, dediyini edirsə, o zaman nə etmək olmazdı ki. Nə “erməni poqromları” olmazdı, nə 20 Yanvar, nə də Sovet Ordusunun tırtılları.

Hindlilər nə etmişdilər? Əslində, heç nə. Qandi hindlilərə tapşırmışdı ki, heç kim ingilisə salam verməsin, onlarla iş görməsin, onların dükan-bazarından alış-veriş etməsin, ingilisi görəndə arxasını çevirsin. İngilislər bu basqıya dayana bilmədilər və Hindistandan əllərini çəkib getdilər…

***

 Ölkədə maraqlı bir siyasi şərait yetişir. Hakimiyyət bir-birinin ardınca siyasi səbatsızlıqlara yol verir. Qərbi Avropanın, Amerikanın siyasi nəhəngləri bir-birinin ardınca əndamından qan daman açıqlamalar verirlər. Bu, o deməkdir ki, beynəlxalq qandilər bunlara salam verməmək, bunları dışlamaq yoluna giriblər.

Əsas olan isə Azərbaycandır. Redaktorlar Birliyinin Naxçıvan səfərindən sonra ölkədə sanki çağ dəyişir. Bu cəsur və yerində səfərdən əndişəyə düşən hakimiyyət orqanları əsarətlərində olan mətbuat simalarını işlətməyə başlayıblar. Amma alınmır. Bunun ardınca Ziyalıların yerində qərarları gəlir. Onlar da heç kimin təlqini və təklifi olmadan, eynilə Redaktorlar Birliyi kimi həbsxanaların qarşısına getmək və siyasi məhbuslarla görüşmək haqqında qərar verirlər. Çox güman ki, bu qərarlardan sonra ölkədə biri şeylər yenidən şəkillənməyə başlayacaq. Artıq ictimai-siyasi qurumlar öz-özlərinə hərəkətə gəlməyə başlayırlar. Bu, qaçılmazdır və zərərli və xeyirli tərəfləri var.

Xeyirli tərəf orasındadır ki, təşkilatlar qərarları özləri verirlər. Bunun başqa bir adı da vətəndaş itaətsizliyinin bir digər formasıdır. Yəni artıq müəyyən qurumlar sakit və passiv başqaldırı yolunu tuturlar. Düşünün, 20 təşkilat rəhbəri Naxçıvana gedir və rəsmi qurumların qapılarına dikilir ki, görüşə gəlmişik. Nə etmək olar? Necə zor tətbiq etmək olar? Mümkün deyil axı…

Eləcə də Ziyalılar. Fərz edək ki, bir qrup ziyalı getdi hansısa siyasi məhbusların saxlanıldıqları həbsxanaların qarşısına. Nə ola bilər ki? Heç nə! Nə edə bilərlər ki? Heç nə! Görüşə icazə verməyəcəklər, ziyalılar da qayıdacaqlar ev-eşiklərinə. Amma cəmiyyət partlayacaq. İnsanlarda dirəniş həvəsi yaranacaq və müqavimət hər sahədə genişlənəcək.

İşin ziyanlı tərəfi orasındadır ki, bütün bu ictimai-siyasi hərəkətlənmələri koordinasiya edən siyasi iradə yoxdur. Bizim siyasilər yenə xırda maraqların peşində. Bunlar millətin ayağına getmirlər. Bunlar millətin ayaqlarına gəlməsini istəyirlər. Ki, dünyada siyasilərin ayağına gedən tək bir olmayıb və olmayacaq da…

***

 Nəhayət, Redaktorlar Birliyinin və Ziyalılar Hərəkatının bu nümunəsi artıq konkret şəxslərə və yazarlara keçib. Qəzetimizin yazarı Bakir Həsənbəyli prezident İlham Əliyevə müraciət edib və bu gün saat 12.00-da Prezident Aparatının qarşısında onu gözləyəcəyini bəyan edib. Bakir bəy ölkədə baş verənlər haqqında prezidentə dolğun məlumat vermək və onunla dərdləşmək istəyir. Amma bu görüşün təkbətək – Bəylər Əyyubovsuz olmasını arzulayır. Görək prezident nə deyəcək?..

Azərbaycan sosial təlatümlərə doğru addımlayır. Artıq insanlar Prezident Administrasiyasının qarşısına gedirlər və prezidentə görüşmək üçün müraciət edirlər. Nə edə bilərlər? Heç nə! Görüşməsə nə olacaq Bakir bəy? Heç nə! Çıxıb gedəcək evinə…

Amma insanlar artıq prezidentin yanına getməyin mümkün olduğunu görəcəklər…

Cənab İlham Əliyev, idarə etdiyin ölkədən xəbərin varmı?

“Xural” qəzeti,

il 9, sayı: 050 (458), 03 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button