Laçın yolundakı aksiya hələ neçə gün davam edəcək?

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar, QHT təmsilçiləri və könüllülər Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir. Bu gün aksiyanın 15-ci günüdür.

Hazırda aksiya yerində olan jurnalist Şöhrət Eyvazov son durum barədə Modern.az-a danışıb. Onun sözlərinə görə, aksiya iştirakçıları mübarizəni dayandırmaq niyyətində deyillər:

“Ekologiya üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının başlatdığı aksiya artıq milli hərakata çevrilib. Aksiyaçıların müəyyən tələbləri var. Onlardan heç biri hələ də yerinə yetirilməyib. Buna görə də, etirazçıların mübarizəni dayandırmaq niyyəti yoxdur. İrəli sürülən tələblər nə vaxt təmin olunacaq, həmin günə kimi aksiya davam edəcək”.

Ş.Eyvazov Rusiya sülhməramlılarının komandanı, general-mayor Andrey Volkovun aksiya iştirakçıları ilə görüşə gəlməməsindən də söz açıb: “Aksiyanın ilk günlərində buna ümid vardı. Andrey Volkovun nümayəndəsi gəlib, onun aksiya yerinə gələ biləcəyini demişdi. Sonrakı vaxtlarda heç bir açıqlama verilmədi.  Aksiyanın növbəti günlərində Rusiya sülhməramlılarının qərargahında keçirilən görüşdə müsbət nəticə əldə olunmadı. Bundan sonra aksiyaya qoşulanların sayı daha da artdı”.

Ş.Eyvazov Xankəndi-Şuşa yolunda davam edən aksiyaya yeni qrupların qoşulduğunu vurğulayıb: “Əvvəlcə yalnız ekologiya sahəsində fəaliyyət göstərən QHT nümayəndələri etiraz edirdisə, indi müxtəlif qurumların gənc könüllüləri, idman ictimaiyyətinin nümayəndələrinin də iştirakını görürük. Vətəndaş  cəmiyyətinin bütün təbəqələrindən burada iştirak edirlər. Aksiyalarda ən azı 400-500 nəfər olur. Aksiyaya 1000 nəfərdən çox insanın qatıldığı günlər də olub. Ancaq burada önəmli olan say deyil. 50 metrlik bir sahədə aksiya keçirilir. Əslində, gəlmək istəyənlərin sayı 100 minlərlədir. Sadəcə həm portala, həm də havaya görə bu alınmır.  Ekoloji terrorun dayandırılması tələbləri davam edir. Bütün bu faktlar bir daha sübut edir ki, aksiya tələblərimiz yerinə yetirilənə qədər davam edəcək”.

Qeyd edək ki, erməni mediası Xankəndi yolundakı aksiyanın guya bu gün başa çatacağı barədə iddialar yaymışdı.  Xatırladaq ki, azərbaycanlı ekofəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların Şuşa şəhəri ərazisindəki postu yaxınlığında etiraz aksiyasına dekabrın 12-dən başlayıblar.

Aksiyada etiraz edənlərin əsas tələbləri Qarabağın dağlıq hissəsindəki mədənlərdən qanunsuz istismara son qoyulması, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şəraitin yaradılması, ermənilərin Azərbaycan torpaqlarındakı ekoloji terrorunun dayandırılması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Turqay MUSAYEV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button