Londonda yerləşən şirkətin 556 milyon dollarlıq səhm paketini Azərbaycan bankirləri aldı

Londonda mənzillənmiş və əsas beynəlxalq fond bazarlarında kreditlərin sekyuritizasiyası sahəsində fəaliyyət göstərən “Credinvest” şirkətinin səhmlərinin 40 faizini Azərbaycandan olan əsas bank qrupunun iştirakı ilə yaradılmış bank fondu alıb.

Virtualaz.org “Ritz Herald” nəşrinə istinadən xəbər verir ki, bu sövdələşmə Azərbaycanın həmin bank qrupunun kommersiya kreditlərinin sekyuritizasiyası sektoruna çıxışına istiqamətlənib.

Zəruri qeyd: sekyuritizasiya qiymətli kağızlar buraxmaq yolu ilə müəyyən aktivlərin maliyyələşdirilməsidir. Termin ingilis dilində “securities”-“qiymətli kağızlar” sözündən meydana gəlib. Sekyuritizasiya olunan predmetlər isə ipoteka borcları, avtomobil kreditləri, lizinq aktivləri və s. ola bilər.

Sekyuritizasiyanın metodları isə bundan ibarətdir: tutaq ki, hər hansı bir bank və ya şirkət ipoteka, lizinq müqavilələri və s. üzrə verilmiş borc portfelinə sahibdir. Bütün bu vəsaitləri azad etmək üçün kreditor həmin aktivlərlə təmin edilmiş şəxsi borc qiymətli kağızlarını buraxa bilər. Burada alternativ variant xüsusi ixtisaslaşmış şirkətin yaradılmasıdır. Məsələn, aktivlərin satıldığı səhmdar cəmiyyət. Bu müəssisə isə öz şəxsi aktivlərini satmaq yolu ilə maliyyələşir. Bununla da əsas şirkət risklərini azaldır və əlavə maliyyə imkanları qazanır.

 

Nəşr bildirir ki, Standard and Poor’s  hazırda kommersiya kreditlərinin həcminin 830 milyard dolları keçdiyini qeyd edir.

Azərbaycanın bank qrupunun bazarda mövcud olan çox az müstəqil sekyuritizasiya şirkətlərindən birinin səhmlərini alması nəşrin yazdığı kimi, “qeyri-adi seçimdir”.  Baxmayaraq ki, “Credinvest” gənc sekyuritizasiya şirkətidir, amma kredit tranşlarının qiymətli kağızlar bazarında yerləşdirilməsi üçün özünün bank qruplarından müstəqilliyindən istifadə edərək bir neçə səhmdar cəmiyyət yaradıb.

Son dövrlərdə “Credinvest” həm Avropada, həm ABŞ-da otel və turizm sektorundakı daşınmaz əmlakın sekyuritizasiyasına dair ilk mexanizmi işə salıb.

Azərbaycanın bank qrupu ilə “Credinvest” arasında bağlanmış sövdələşmənin şərtləri məxfidir, amma səhm paketinin 400 milyon funt sterlinqə (556 milyon dollar) satıldığı bildirilir. Bu da sekyuritizasiya üzrə müstəqil şirkət üçün rekord məbləğdir. Yeni səhmdar şirkətin nəzarət səhm paketinə malik olmasa da ən mühüm qərarların qəbul edilməsini bloklaya və direktorlar şurasına öz nümayəndələrini təyin edə bilər.

Şirkət artıq yeni şura üzvlərinin təyin edilməsi üçün səhmdarlarının iclasını çağırıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button