Məşhur söz ustası, qəzəlxan, meyxanaçı Mahir Cürətin Sadıqov Əfqana həsr etdiyi qəzəl

“QƏLƏM”

Görüb haqsızlığı car eylədi hər yanə qələm,
Salacaqdır məni bir gün şərə, böhtanə qələm.

Sahibin hər nəyi əmr etdisə yazdın vərəqə,
Baxmadın zərrə qədər insafa, vicdanə qələm.

Gəzdirirlər başı boşlar ürək üstündə səni,
Qoydun imza verilən hər cürə fərmanə qələm.

Çox şərəfsizləri vaxt oldu ki, tərif elədin,
Həmi yazdın ləkə bir çox təmiz insanə qələm.

Olmusan nazirə, həm hakimə, müstəntiqə dost,
Ac olan məzluma, imkansıza biganə qələm.

Düzü düz yazsan əgər səndə mürəkkəb qalmaz,
Bəs edər əyrini düz yazmağa bir danə qələm.

Sənə haqqın sözünü yazmağı əmr etdi xuda,
Sənsə xidmət eləyirsən cinə, şeytanə qələm.

Hakimiyyət necə məcbur edib öyrətdi səni,
Bahalı mebelin üstündə qələmdanə qələm.

Səni bir misri qılınc ilə bərabər tutduq,
Həvəsin yoxdu qan uddurmağa düşmanə qələm.

Jurnalist var ki, sayəndə olub sahibi-mülk,
Jurnalist var ki, onu saldın qara zindanə qələm.

Belə haqsızlığa tab etmədi vicdanı olan,
Gəl əzab etmə AZEL.TV-dən Əfqanə qələm.

Gecə-gündüz satılan xaricə neftin puluna,
Gətirək Rusiyadan Azərbaycana qələm.

Hərə öz dərdini yazsaydı əgər boş vərəqə,
Gəlməyə nifrət edərdi belə dövranə qələm.

Qaradır qəlbi, onunçündə ağır sirlərimi,
Tikəcək torbanı, axır bu qəzalxanə qələm.

Mahirin cürəti vardırsa da yoxdur bəxti,
Var ümidi sala bəlkə işi səhmanə qələm.

Sadıqova Sevinc: Bu həqiqətləri qələmə aldığı və bizə göndərdiyi üçün məşhur söz ustası, qəzəlxan, meyxanaçı Mahir Cürətə təşəkkür edirəm!!!

 Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button