Məhkəmə Kiyev Vilayət Prokurorluğuna aprelin 2-nə qədər vaxt verdi

Jurnalist Fikrət Hüseynli

”Konsul mənim siyasi qaçqın olduğumu, Nederland Krallığının sona qədər məni müdafiə edəcəyini, qısa müddətdə vətəndaşı olduğum ölkəyə qayıtmağımın təmin olunmasını məhkəmənin diqqətinə çatdırdı”

Martın 16-da Kiyevin Piçerski rayon Məhkəməsi hakim V.V. Pidpaliyin sədrliyi ilə jurnalist Fikrət Hüseynlinin aprelin 2-dək Kiyevdə qalması barədə qərar qəbul edib.

Bu barədə hazırda Kiyevdə olan Fikrət Hüseynli Amerikanın Səsinə bildirib.

F.Hüseynli deyib ki, məhkəmə qərarına görə Niderland vətəndaşı olan Fikrət Hüseynlinin Kiyevdə qalma müddəti martın 19-da başa çatmalı idi. Kiyev Vilayət Prokurorluğu isə sənədlərinin yoxlanılması üçün Hüseynlinin əlavə olaraq daha iki ay Kiyevdə qalması barədə məhkəməyə müraciət edib.

“Mən və vəkilim Ukrayna prokurorluğunun qanunsuzluqları barədə fikirlərimizi məhkəmənin diqqətinə çatdırdıq. Bildirdim ki, 6 ay öncədən dərhal azad olunmalı idim. Çünki beynəlxalq konvensiyalara görə bir ölkədə siyasi qaçqınlıq almısansa, o bütün ölkələr üçün keçərlidir. Amma 6 aydır Kiyev Vilayət Prokurorluğu bunu qəbul etmək istəmir. Məhkəmənin diqqətinə həmçinin çatdırdıq ki, mənim adım 13 noyabr 2017-ci ildən İnterpolun axtarış sistemindən çıxarılıb. Buna görə, saxlanılmağım və ekstradisiya yoxlamasının davam etdirilməsi qanunsuzdur. Üçüncüsü Cenevrə Konvensiyası öz ölkəsindən qaçmış şəxslərin başqa dövlətin himayəsinə qəbul edildiyi halda üçüncü ölkənin onu saxlayıb yenidən həmin ölkəyə qaytarmasını qadağan edir. Dördüncüsü, məni axtarışda olduğum deyil başqa ittihamla həbs etmişdilər. İndi isə Azərbaycan tərəfindən mənə qarşı sırf siyasi cinayətlərlə bağlı ittihamlar səsləndirilir.

Prokurorluğun nümayəndəsi dedi ki, müdafiə tərəfinin onlara göndərdiyi sənədlər işə əlavə olunmayıb və ya itib”.

Jurnalist məhkəmədə Niderland Krallığının Kiyevdəki konsulunun da çıxış etdiyini söyləyib:

“Konsul mənim siyasi qaçqın olduğumu, Nederland Krallığının sona qədər məni müdafiə edəcəyini, Nederlandda yaşadığım müddətcə heç bir qanun pozuntusuna yol vermədiyimi, qısa müddətdə vətəndaşı olduğum ölkəyə qayıtmağımın təmin olunmasını məhkəmənin diqqətinə çatdırdı”.

Sonda məhkəmə jurnalistin və onun vəkilinin arqumentlərini dəstəkləyib, prokurorluğa da aprelin 2-dək vaxt verib.

F.Hüseynli 2017-ci il oktyabrın 14-də Kiyevdən Düsseldorfa uçarkən Azərbaycanın sorğusu əsasında İnterpol xəttilə saxlanılıb. Azərbaycanda o, dələduzluq və sərhəddi qanunsuz keçməkdə ittiham olunur.

Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi onun Azərbaycana ekstradisiyası məsələsinə baxmaq üçün 18 gün müddətinə həbs edib.

Oktyabrın 27-də Kiyevin Lukyanovski Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai xadim Boris Zaxarovun zaminliyi ilə F.Hüseynlini azad edib. Eyni zamanda məhkəmə dövlət ittihamçısının F.Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatətini təmin etməyib.
Kiyev prokurorluğu F.Hüseynlinin azad edilməsindən apelyasiya şikayəti verib və onun həbs edilməsini tələb edib.

Protest üzrə məhkəmə yanvarın 17-də başlayıb, ancaq 4 dəfə təxirə salınıb. Nəhayət, fevralın 13-də məhkəmə ekstradisiyadan imtina edib.(meydan.tv)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button