Mən nə deyim!

 Bu yazımı oxuyanlar deyəcək ki, komandirdə Vyetnam sindromu başlayıb. Yox, əsla! Sadəcə bezmiş, yorulmuş və darıxan bir adamam.

Bezmişəm!!! Bu dünyanın, zatən dünyanın nə günahı var, bu insanların əclaflığından, nakişiliyindən, xoşqeyrətliliyindən, yaltaqlığından, şərindən-şəbədəsindən bezmişəm. Bezmişəm başı aşağı olmaqdan. Utanmaqdan bezmişəm. Nahaqlar dünyasında yaşamaqdan bezmişəm. Öz vətənimin ögey övladı olmaqdan bezmişəm.

Darıxıram! Mən şərbətini içmiş olan dostlarım və silah qardaşlarım üçün darıxıram. Mən “Komandir, Qarabağ getsə mən ölərəm” deyib doğrudan da ölən, heç meyiti də ələ gəlməyən Cin Mübariz üçün, ölümə PK ilə gedən dayısı Vaqif üçün, ağıllı Eldar Bağırov üçün, hər şeyi ürəyinə salan qardaşı Allahverdi üçün, “məni öldürüb Şuşanı vermək istəyirlər” deyən qardaşım Ramız Qəmbərov, dostum, şir ürəyi yemiş Şirin Mirzəyev, döyüşdə əsgərim, arxada qardaşım olan, “Komandir, ölüm nədir biz ondan qorxaq” deyən İbrahim Məmmədov, ixtiyari bir qarışıq situasiyada məsləhət verməyi bacaran “Fred” Asif, cıqqılı qardaşımız olan Tahir Həsənov (hamısı Milli Qəhrəmandır), Qubadlıya erməni ayağı dəyə bilməz deyən dostum Əlyar, dəlisov Hüseynalı, Elman, Zakir (1991-ci ildə mənimlə pusquya düşüb şəhid olan) və adını çəkib-çəkmədiyim bütün şəhid olmuş hərəkat, müharibə qardaşlarım üçün darıxmışam. Bəlkə bu, qocalıqdandır. Amma yenə Qarabağda müharibə bayrağı qalxsa, birinci getməsəm anamdan əmdiyim süd mənə haram olsun. Onların hamısı üçün darıxmışam, amma heç məzarlarını ziyarətə gedə bilmirəm. Gedib onlara nə deyəcəm. Ay meyiti belə ələ gəlməyən Mübariz, Qarabağı verib indi kişi-kişi gəzirik? Dünən səninlə Sarıbabada ölümə gedən oğlanlar indi bir maşına, ya beş manat pula görə kimlərisə tərifləyirlər? Dünən erməni tankının üstünə gedən oğlanlar bu gün harınlamış məmurların qabağında büzüşüb qalırlar? Nə deyim onlara? Hələlik lazım deyil, amma Lazım gəlsə biz torpaqları azad edəcəyik. Bu Lazım zəhirmar da gəlmir ki, gəlmir. Deyim ki, qardaşlar, rahat yatın, nahaq haqqa dərs verir, binamuslar namusdan, vicdansızlar vicdandan, tərbiyəsizlər tərbiyədən danışır? Deyim ki, bu gün Azərbaycanda saxta veteranlar, Qarabağ əlilləri meydan sulayır? Deyə bilmərəm. Amma anamın südü haqqı, mən o qardaşlarım üçün darıxıram.

Nən nəinki insanlar, o torpaqlar üçün darıxmışam. Mən Turşsudan, İstisudan, İsa bulağından ötrü darıxmışam. Mən Sarıbaba, Hoçaz, Vejnəli üçün darıxmışam. Nə bilim bəlkə də, bu keçmiş günlərin nostaljisidir. Bəlkə də zəmanəsinə uyğunlaşa bilməyən axırıncı mogikanların fəryadıdır. Ola bilər. Ola bilər ki, arzularımın puç olduğuna görə mən pessimizmə qapılmışam. Ola bilər. Ola bilər ki, mən dünənki, erməniləri lərzəyə salan “Boz Qurd”ları görmədiyimə görə darıxıram. Cəbhəni, Musavatı bataqlıqda görüb darıxıram. Arzularımızın, ümidlərimizin heç olduğuna görə darıxıram.

Zəngilan birinci dəfə boşaldılmaq istəyəndə mən gecəynən İskəndər Həmidovun əmri ilə gecə Zəngilana gəldim və şəhərin boşaldıldığını, şəhərdə panıkanın baş qaldırdığını görüb şəhərin çıxışını bağladım. Əməliyyat planı quruldu, kəşfiyyata getmək lazım idi. Çox təhlükəli bir tapşırıq idi. Fikirləşirdim kimi göndərim. Bu zaman qapı açıldı, rəhmətlik İbrahim və Cin Mübariz içəri girdilər. Onlar “komandir, “Boz Qurd”lar kəfən geyinib davaya çıxıblar, fikirləşmə, siyahıda birinci səkkiz nəfəri oxu getsinlər kəşfiyyata“ dedilər. Bax bu oğlanlara, məni dəfələrlə ölumun ağzından qurtaran, hamısı (bəzilərinin qəbri var, bəzilərinin qəbri Qarabağın ucsuz-bucaqsız torpaqlarıdır) həyatda olmayan qardaşlarıma mən nə deyim?!

“Xural” qəzeti,

il 9, sayı: 053 (462), 07 oktyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button