“Mənim bir köşküm də yoxdur” – Əhəd Abıyev DANIŞDI

“Özüm Prezidentə müraciət etmişdim ki, məni azad etsin”; sabiq icra başçısının əmlaklarının qanunsuz yolla əldə edildiyi sübut olunarsa…

Ölkə başçısının sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Əhəd Abıyev Gununsesi.info-ya müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Əhəd müəllim, Prezidentin sərəncamını gözləyirdinizmi?

– Əvvala, onu deyim ki, mən Daşkəsənin tarixində icra başçısı kimi çalışmış ən uzunömürlü şəxsəm. Daşkəsənin keçmişinə nəzər salsanız, görərsiniz ki, əvvəlki icra başçıları 3 ildən artıq işləməyib.

Mən isə 13 il işlədim. Bu o deməkdir ki, işimin öhdəsindən layiqincə gəlmişəm ki, cənab Prezident 13 il mənə etimad göstərib. Prezidentin sərəncamına gəlincə, özüm müraciət etmişdim ki, məni azad etsin.

Ona görə də bu sərəncam mənim üçün sürpriz olmadı.

– Son zamanlar Daşkəsənin kəndlərində ayrı-ayrı insanların etirazları mediada yayılırdı. Bu hadisələrin sizin icra başçısı postunu itirməyinizə səbəb olduğu deyilir…

– Qəti razı deyiləm. Daşkəsən rayonu bütün göstəricilərinə görə respublikada ilk yerdədir. Bizim rayonda hər hansı bir narazılıq olmayıb. Bir-iki nəfərin adı ilə mediada yayılanlar da sonradan təsdiqini tapmadı.

– Vəzifədən azad olunmağınızdan bir neçə saat sonra əmlaklarınıza aid siyahılar yayıldı. Bu barədə nə deyə bilərsiniz?

– O siyahıda olan heç bir əmlakın mənə aidiyyəti yoxdur. Mənim bir köşküm də yoxdur. Mən 13 il Daşkəsəndə işlədim, orada bir dənə obyektim olmadı. Bunlar hamısı iftiradır.

– Bundan sonra nə işlə məşğul olmaq istəyirsiniz? Deputatlıq haqqında düşünürsünüz?

– Hər şeyi zaman göstərəcək. Mən indidən nəsə deyə bilmərəm.

Qeyd edək ki, Demokrat.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Əhəd Abıyevin var-dövlətinin siyahısı yayılıb.

Mənzilləri:

– Daşkəsən rayonu 20 Yanvar, ev 8 ünvanında mənzil;

– Nəsimi rayonu, S.Vurğun küç. ev 58 ünvanında mənzil;

– Nərimanov rayonu M.Qaşqay, ev 102 ünvanında mənzil;

– Nərimanov rayonu, M.Qaşqay küç. 100 ünvanında yerləşən 20 sota yaxın torpaqda inşa etdirdiyi 4 mərtəbəli villası;

– Milyonerlər məhəlləsi kimi tanınan Teymur Əliyev küçəsində villası;

– Gəncədə, Göygöldə mənzilləri, bağ evləri;

– Badamdarda 3 ədəd villası;

– Novxanı qəsəbəsində milyonlarla manat qiyməti olan bağ evi;

– Qaxda, Nabranda, Xaçmazda, Qubada istirahət mərkəzləri, hotelləri və onlarla torpaq sahəsi…

Bundan başqa, Ə.Abıyevin yüksək vəzifədə işləyən qohumlarının siyahısı da dərc edilib.

– Qardaşı Zəfər Abıyev DİN Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə müdirinin müavinidir.

– Qardaşı oğlu Nəriman İbrahim oğlu Abıyev Sumqayıt Şəhər Məhkəməsinin hakimidir.

– Qardaşı Qadir Abıyev Astara Gömrük Məntəqəsinin əməkdaşıdır.

– Qardaşı Nadir Abıyev isə uzun müddət Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

– Qardaşı oğlu Heydər Abıyev DTX-nın Quba rayon şöbəsinin rəisi olub. O, həm də sabiq nəqliyyat naziri Ziya Məmmədovun bacısının kürəkənidir.

– Kiçik qardaşı Səməd Abıyev “Telekom”un rəisidir.

– Qardaşı oğlu Abıyev Kamal İsrafil oğlu Dövlət Yol Polisində məsul vəzifədə çalışır.

– Digər bir qardaşı Səməd Abıyev Masallı Rayon Telekommunikasyia Qovşağının rəisidir.

– Qohumu Abıyev Sədulla Vəli oğlu 64 №-li Mənzil Kommunal İstismar Sahəsinin (JEK) rəisidir.

“Əmlakların sayının çox olmasına görə heç kimi həbs etmirlər. Sovet dövrü deyil ki, özəl fəaliyyətə qadağa qoyulsun”.

Bu fikirləri millət vəkili Fazil Mustafa vəzifəsindən azad edilən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevə məxsus olduğu iddia edilən əmlak siyahısı ilə bağlı Musavat.com-a açıqlamasında bildirib.

O qeyd edib ki, əgər əmlak cinayət yolu ilə əldə olunubsa, bu, sübut olunmalıdır: “Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində əmlakların qanunsuz yolla əldə edildiyi sübut olunarsa, məhkəməyə müraciət edilməlidir. Yalnız məhkəmə qərarı ilə müsadirə, həbs və s. cəza tədbiri görülə bilər. Vəzifəsindən azad edilən məmurlara məxsus olduğu iddia edilən əmlak siyahıları yayılarkən həbs və s. barədə danışılması əslində cəmiyyətin varlılara münasibətinin təzahürüdür. Belə olmamalıdır. Əgər əmlaklar qanuni yolla əldə olunubsa, yaxud qanunsuz yolla əldə olunduğu sübut olunmursa, şəxsə toxunmaq olmaz. Ədalət mülkün təməlidir”.

Fazil Mustafa Azərbaycan reallığında icra başçılarının, deputatların vəzifəsindən azad edilən kimi onlar haqqında yanlış fikirlərin yayılmasını doğru hesab etmir: “Bəlkə əmlaklar Əhəd Abıyevə məxsus deyil? Bir əmlak haqqında informasiya əldə etmək çox çətindir. Birdən-birə bu boyda əmlak siyahısı mətbuata necə ötürülüb?”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button