Maksim Musayevdən Ramiz Mehdiyevə sərt sözlər: “Pislik etmək sənin vərdişindir…”

Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin son açıqlaması ətrafında müzakirələr səngimir. Həmin açıqlamada o, iqtidara qarşı intriqa ilə məşğul olması barədə son vaxtlar şəxsinə yönələn ittihamları təkzib etməyə çalışıb.

R.Mehdiyev hakimiyyətə sadiq olduğunu göstərmək üçün bu ifadələri səsləndirib: “Şəxsən öz adımdan bir daha bəyan etmək istəyirəm ki, siyasi əqidə məsələsi mənim üçün qumar daşı deyil və mən ömrüm boyu xidmət etdiyim yoldan hansı vəzifəni tutmağımdan asılı olmayaraq bir an belə olsun dönməmişəm. Heç zaman daşıyıcısı olduğum əqidənin doğruluğuna dair tərəddüd hissi keçirməmişəm. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ideallarının ölkəmizin sabitliyi, rifahı və inkişafı üçün ən düzgün siyasi seçim olduğuna daim əmin olmuşam. Bu yolda Heydər Əliyevin və prezident İlham Əliyevin sadiq silahdaşı olaraq uzun illər fəaliyyət göstərmişəm və bundan sonra da göstərməyə davam edəcəyəm. Mənim dövlət başçısına bağlılığım mənəviyyat və dövlətçilik məsələsidir. Burada şəxsi mənafedən və cılız maraqlardan söhbət belə gedə bilməz”.

R.Mehdiyevin qəfildən belə açıqlama verməsinin səbəbləri barədə müxtəlif ehtimallar səslənir, versiyalar irəli sürülür.
YAP-ın qurucularından sayılan, Xızının keçmiş icra başçısı, sabiq deputat Maksim Musayev R.Mehdiyevin özünü sığortalamaq üçün bu cür fikirlərə yer aldığını söylədi. Keçmiş deputatın ona verdiyi cavab kifayət qədər sərt oldu: “Ramiz, şər-xəta işlərindən, xasiyyətlərindən yenə də əl çəkməmisən. Mənim çıxışımından sonra sənin tərəfdarların mənim keçmişdə işlədiyim rayonda mənə qarşı zibillikdən çıxarılmış iyi-qoxulu faktları razılığınla veriblər. Bu yalan faktları mətbuata ötürən sənin kadrların olub. Hansı ki, neçə ildir sən orada oturduğun vaxtkı kadrların ən yüksək vəzifədədirlər, bir-biri ilə ən yaxın qohumdurlar. Sənin hesabına uzun illərdir respublikanı talayırlar. Bu barədə faktlar məndə kifayət qədərdir. Sadəcə, ad çəkmək istəmirəm. Bu və ya başqa yollarla istəyirlər ki, sənə kömək etsinlər, amma bacarmırlar. Bilirlər ki, sən artıq arenadan getdikcə onların da vəziyyəti ağırlaşır, xalq tərəfindən iç üzləri açılır. Ramiz, əzizim, sənə məsləhət görürəm ki, bu murdar, yaramaz, ləyaqətsiz əməllərindən əl çək. Sən hər adama çalışırsan ki, ziyan vurasan. Pislik etmək sənin vərdişindir. Bu pisliyinin içərisində özün boğulursan. Çabaladığın bəsdir. Yerində sakit otur.

Ay yazıq, hələ sənin əməllərini demirik, açmırıq, tökmürük. Niyə? Ona görə ki, elə yaşdasan ki, bunlar açılsa, sənin səhhətinə çox ağır ziyan vura bilər. Sakitləş, yerində dinc otur. Əgər sakit oturmağı bacarmırsansa, birinə xahiş et, əl-qolunu bağlasın, ağzını yumsun. Elə savadsız bəyanatlar, açıqlamalar verirsən ki, bunun müqabilində əgər faktları sadalasaq, sənin ürəyin partlayar. Ona görə bir daha deyirəm ki, yerində sakit otur. Hələ gedib Elmlər Akademiyasında ağlına gələn hərəkətlər edirsən. Hansı ki, bunlar camaat, ziyalılar içərisində nifrətlə qarşılanır. Bu əməllərini davam etdirmə. Dayan, bunu sənə məsləhət görürəm. Əzizim, Ramiz, başa düş, dərk et ki, sovet dövrü deyil, bu müasir dövrdür. Görünür sən çox geridə qalmısan. Sən hədsiz dərəcədə zamanla ayaqlaşa bilməmisən. Səni kabinetlər, kreslolar məhv edib. Sən işlədiyin binanı da, kabineti də, oturduğun kreslonu da, telefonlarının nömrəsini də dəyişmisən, amma sənin səviyyən dəyişməyib. Bir düşün, dərk elə ki, hansı gündəsən. Ramiz, sənə cansağlığı, müvəfəqiyyətlər arzulayıram. İstəyirəm ki, sən çox yaşayasan. Nə qədər bacarırsansa yaşa. Ramiz, əzizim, sənin Qurban Bayramını təbrik edirəm, bəsdir açıqlama, bəyanatlar yazdığın. Sənin məgər Elmlər Akademiyasında işin-gücün yoxdur ki? Bir az da oranın işləri ilə məşğul ol. Sağ ol, Ramiz”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button