“Meqafon” Azərbaycan xalqından rəsmi şəkildə üzr istədi

Rusiyanın “Meqafon” şirkəti Azərbaycan dövlətindən və xalqından rəsmi şəkildə üzr istəyib.

“Report” xəbər verir ki, bu barədə şirkətin Mətbuat xidmətinin rəhbəri Yuriy Kovalçuk bildirib.

“Səhvimizi düzəltmişik və ən səmimi üzrxahlığımızı edirik. Dağlıq Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir”, – o qeyd edib.

Qeyd edək ki, bundan əvvəl “Meqafon” şirkətinin saytında qondarma Dağlıq Qarabağ Respublikasında xidmətlər göstərdikləri ilə bağlı xəbər yerləşdirilmişdi. Bundan sonra Rusiyada yaşayan azərbaycanlılar “Meqafon”un abunəçisi olan həmvətənlərini sosial şəbəkələr vasitəsilə həmin şirkətlə əməkdaşlığa son verməyə çağırmışdılar.

*   *   *19:54

Rusiyanın mobil operatorlarından biri olan “Meqafon” şirkəti Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatını davam etdirir.

Belə ki, Rusiyanın ölkəmizin ərazi bütövlüyünü tanımasına baxmayaraq, “Meqafon” Qarabağ separatçıları üçün kommunikasiya xidmətləri təklif edir. Hətta şirkət öz saytında qondarma “Dağlıq Qarabağı” müstəqil dövlət kimi göstərib.

Qeyd edək ki, belə məlumatların yayılması 2018-ci ilin noyabrından, şirkətə erməni əsilli Gevork Vermişyanın rəhbər təyin edilməsindən sonra daha geniş vüsət alıb.

Həmyerlilərimizdən birinin mobil operatorun müştəri xidməti mərkəzinə bu təxribatın aradan qaldırılması barədə müraciətinə “Meqafon” şirkətinin cavabı belə olub: “Bizim dövlətimiz Dağlıq Qarabağı ayrıca dövlət kimi tanıyır. Şirkətimiz isə Rusiya Federasiyasının qanunlarına uyğun olaraq fəaliyyət göstərir.”

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycanın Rusiyadakı səfirliyinin birgə səyləri, eləcə də Rusiyada yaşayan həmyerlilərimizin ciddi etirazları nəticəsində “Meqafon” şirkətinin saytında olan bu təxribat xarakterli məlumat aradan qaldırılıb.

Bu kimi qanunazidd addımların respublikamız üçün informasiya təhdidləri və dövlət təhlükəsizliyi məsələlərində ciddi problem yaratması səbəbindən Azərbaycanın mobil operatorlarının “Meqafon” şirkəti ilə əməkdaşlığı dayandıracağı nəzərdə tutulur.

Trend xatırladır ki, “Meqafon” Azərbaycanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində telekommunikasiya xidmətlərini fəal inkişaf etdirir və öz tərəfdaşı olan “Qarabağ Telekom” şirkəti vasitəsilə rouminq xidmətləri həyata keçirir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button