Mitinq xəbərləri…

12.35penah hüseyn

Çevik polis alayının əməkdaşları Fəvvarələr meydanını üzük qaşı kimi dövrələyib. Meydana aparılan küçələrə polis kordonu yerləşdirilib. “Toroqvı”da fövqəladə vəziyyət rejimi hökm sürür.

13.05

“Azəriqaz”ın əməkdaşlarına saat 16-ya qədər işdən, ofisdən bayıra çıxmaq qadağan olunub. Onlara yemək-içməyi də iş yerlərində verəcəklər.

13.08

“Malakan bağı”nın ətrafında “Qaz-53” markalı yük maşınında dəbilqəli və dəyənəkli polislər hazır vəziyyətdə gözləyirlər.

13. 15

Natəvanın heykəlinin yaxınlığında “Hunday” markalı 6 iri avtobus salonu polislərlə dolu dayanıb gözləyir. Bundan başqa, ətrafda çoxlu mulki paltarlı polislər keşik çəkir.

13. 30

Bu gün bir qrup gənc Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yaşadığı evin qarşısında növbəti dəfə etiraz aksiyası keçirib.

APA-nın məlumatına görə, aksiya iştirakçıları Ə.Kərimlini Azərbaycanda xaos yaratmaqda günahlandırıb. Onlar Azərbaycanda radikal müxalifətə yer olmadığını deyərək, müxtəlif şüarlar səsləndiriblər.

Analoji aksiya martın 31 və aprelin 1-də də keçirilib.

13.35

Ölkədə fəaliyyət göstərən bir sıra saytların fəaliyyətində problemlər əmələ gəlib. “Qafqazinfo” saytı mitinq barədə xəbər qoyandan az sonra açılmır. Sayt rəhbərliyi bu əngəli 2 aprel aksiyası ilə bağlayır.

13.40

“BŞBPİ-nin rəis müavini Yaşar Əliyev Fəvvarələr meydanına gəlib. Meydanda aparılan bütün əməliyyatlara o rəhbərlik edir.

13.45

Müsavat Partiyasının mətbuat xidmətinin əməkdaşı, operator Mehman Kərimli Fəvvarələr meydanında çəkilş aparmağa başlarkən BŞBPİ rəisinin müavini Yaşr Əliyevin birbaşa göstərişi ilə təzyiqə məruz qalıb. Polislər ona çəkilş aparmaq imkanı verməyiblər.

14. 00

Aksiya başlanıb. Malakan bağının yaxınlığında müxalifətçilər şüar səsləndirməyə başladılar. Polis bir neçə nəfəri saxlayıb.

14. 02

Aksiya başlanan kimi AXP-nin qurucusu, sabiq millət vəkili Pənah Hüseyni saxlayıblar.

14.06

Fəvvarələr meydanına gələn küçələrin hamısında müxalifət fəalları həb s edilib. 100-dən artıq adam saxlanılıb. Polislər gözyaşardıcı qazdan istifadə ediblər.

14.12

Jurnalist Şahvələd Çobanoğlu polislər tərəfindən saxlanılaraq maşına aparılıb.

14.20

“Sahil” metrostansiyası ətrafında polislər müxalifət fəallarını qovub-dağıtmağ cəhdi göstərilib.

14. 22

“Azadlıq” radiosu yazıb ki, Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Mübariz Qurbanlı müxalifətin icazəsiz aksiyasına belə münasibət bildirib:

«Bura istirahət yeridir, mitinq yeri deyil».

Onun yanında olan deputat Siyavuş Novruzovsa AzadlıqRadiosuna açıqlama verməkdən imtina edib.

Mübariz Qurbanlı isə deyib ki, onlar martın 12-də olduğu kimi, «Fəvvarələr meydanı»nda yeyib-içməyə gedirlər.

14. 30

Opera və Balet Teatrıının qarşısında toplaşan cəbhəçi gənclər Fəvvarələr meydanına doğru irəliləyiblər

14.35

Xeyli gənc (500 nəfər yaxın) Rəşid Behbudov küçəsi ilə Milli Bankın binasına doğru yürüş edib. Polislər onlara çata və dayandıra bilməyiblər.

14.40

Fəvvarələr meydanına aparan bütün küçələr polislər tərəfindən tam bağlanıb. Ona görə də aksiya ətraf küçələrdə parakəndə şəkildə davam edib.

14.42

28 May metrostansiyasının tuşuna çatan gənclər “İstefa” şüarı səsləndirə-səsləndirə ABŞ səfirliyinə doğru gediblər. Polislər onların qabağını kəsmək istəsə də, mümkün olmayıb.

14. 46

Təxribatçı qruplar Nəsiminin heykəlinin yanında 5-6 mağazanın şüşələrini sındırıblar. Hər yerdə şüar qışqıran etirazçıları saxlayan polis onlara heç nə deməyib.

14.50

Müsavat Partiyasının rəhbərlərindən Arif Hacılı, Tofiq Yaqublu və Tural Abbaslı saxlanılıb.

14.55

Polis ABŞ səfirliyinə gedən gənclərin qarşısını kəsib. Burada xeyli gənc həbs olunub.

15.05

Pərviz Səmədbəyli həbs edilib.

15. 13

MİLLİ Bankın qarşısında bir qrup naməlum şəxs Heydər Əliyevin abidəsinə yumurta atıb. Polis onları da “saxlaya bilməyib”. Bu şəxslərin təxribatçı olduqları şübhə doğurmur.

15.15

“Nizami” kinoteatrının qarşısı ilə gənclərin yeni dalğası hərəkət edib. Qrup 200 nəfərə yaxın olub.

15.20

AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Güləhmədoğlu həbs olunub. Aksiya Füzuli küçəsində davam edib. Burada yüzlərlə gənc var.

15.25

Gənc aksiyaçıların öhdəsindən gələ bilməyən polis iştirakçıları bir-birilə dalaşıblar. Yüzlərlə polisdən ibarət əlavə qüvvə gətirilib.

15.27

AMDP “Boz Qurd” partiyasından Qarabağ qazisi Rövşən Cəfərov və vəkil Vidadi İsgəndərov həbs olunub.

15.30

Gənclər Füzuli küçəsi ilə “Təzə bazar” istiqamətində irəliləyib, şüarlar səsləndiriblər. Millət tamaşaya durub.

15.35

Gənclər Salatın Əsgərova küçəsi ilə “Təzə bazar”ın qarşısına çıxıblar. Ətrafdakı insanlardan da aksiya iştirakçılarına qoşulanlar olub.

15.42

Bir qrup gənc Əli Kərimlinin evinə doğru istiqamət götürüb. Məqsəd son günlər hakimiyyət adamlarının iyrənc hücumuna məruz qalan AXCP sədrinə dəstək ifadə etməkdir.

15.45

Gənclər BŞBPİ-nin qarşısından keçərək Ə.Kərimlinin evinə yaxınlaşarkən polislər onları döyüblər, bir neçə nəfər saxlanılıb.

15.47

Bir neçə jurnalist, o cümlədən “Yeni Müsavat”ın əməkdaşları Tural Qurbanlı və Mehman Kərimli həbs olunub.

15. 55

Hələlik sakitçilikdir. Ancaq aksiyanın davam edəcəyi gözlənilir.

16.15

Hüquq-mühafizə orqanlarının işçiləri Fəvvarələr meydanındakı şüşəsi sındırılmış mağazaların sahiblərindən zorla şikayət ərizəsi alıblar. Onlar ərizədə qeyd etməlidirlər ki, aksiya keçirənlər onlara işləməyə imkan vermir, mülklərinə ziyan yetirirlər. Bu şikayətlər əsasında cinayət işlərinin açılması nəzərdə tutulur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button