MN: Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib

Yayımlandı: 6 Avqust 2022 13:15

Buzdux dağı Kəlbəcər rayonunun Murovdağ silsiləsində yerləşir

Azərbaycan ordusu Buzdux dağı və ətrafındakı yüksəklikləri qaytarıb.

Bu barədə Müdafiə Nazirliyi avqustun 6-da məlumat yayıb.

“Bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib”,-deyə nazirlik bildirib. Buzdux dağı Kəlbəcər rayonunun Murovdağ silsiləsində yerləşir.

Azərbaycan Müdafiə Nazirliyi avqustun 3-də Qarabağdakı hərbi əməliyyatlarda qarşı tərəfi ittiham edib.

Nazirlik Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin 10 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarını kobud surətdə pozduğunu vurğulayb.

Açıqlamada Azərbaycan ordusunun cavab tədbirləri “Qisas” əməliyyatı adlandırılıb.

Bildirilir ki, Azərbaycan ordusunun keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button