Moskvanın dostları uduza-uduza gedirlər

Əli Əliyev: “Moskvanın dostları uduza-uduza gedirlər”

Vətəndaş və İnkişaf  Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook” səhifəsində Rusiyanın Qarabağ münqaişəsinin “həll”i adı altında Azərbaycana təsir imkanlarını gücləndirmək niyyətinə dair yazı yerləşdirib. Həmin yazını təqdim edirik:

“Bir neçə gün əvvəl UEFA Kosovonu öz sıralarına 55-ci üzv dövlət olaraq qəbul etmişdi. Dünən isə FİFA-nın mənzil qərargahında separatçı Kosovonun bayrağı təntənəli şəkildə qaldırılıb.

Futbol federasiyalarının ard-arda qəbul etdiyi qərarların siyasi mahiyyət kəsb etməsi gizli məsələ deyil. Futbol ictimaiyyətinin əli ilə siyasi mərkəzlər ciddi və bizim üçün də təhlükəli ola biləcək presedentin təməlini atırlar. Kosovo məsələsinin yaşadığımız Dağlıq Qarabağ problemi ilə oxşar məqamları kifayət qədərdir. Beləliklə, Serbiya təcrübəsi göstərir ki, dondurulmuş konfliktlər dünya güclərinin əli ilə qoparılma qaydasında da həll edilə bilir. Baxmayaraq ki, serblər Rusiyadan məsafələndiklərini hər qərarlarında nümayiş etdirir, dünya rusofobları Serbiyanı cəzalandırmaqda davam edirlər. Serblərin rusların göstərişi ilə keçmiş Yuqoslaviya ərazisində vəhşiliklər törətmiş bütün siyasi-hərbi liderləri Slobodan Miloşeviç, Qoran Hadjiç, Radko Mladiç, Rodovan Karadjiç, Voislav Şeşel və digərləri keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal vasitəsilə mühakimə edildilər. Kosovonun müstəqil qurum kimi tanınması prosedurları da Rusiyanın cavabında edilir. Avropaya qaz ixrac kəmərinin Serbiya üzərindən tikintisinə belə “yox” deyərək, tarixi müttəfiqindən imtina edən serb höküməti Kosovo məsələsində uduzmaqda davam edir.

Rusiyanın özünün və potensial müttəfiqlərinin cəzalandırılması davam edəcək. Bunu görməmək mümkün deyil. Bir neçə gün əvvəl Rumıniyada işə salınmış, dünən isə Polşada bünövrəsi qoyulmuş NATO qurğuları Rusiyanın hərbi, iqtisadi, siyasi cəhətdən zəiflədilməsinin tərkib elementləridir. Rusiya 2-ci Dünya müharibəsindəki qələbəsini qeyd edən zaman, NATO əsgər və texnikasının Moldova və Gürcüstanda görünməsi də Kremlə yeni çağırışlardır.

Belə kürəsəl trendin mövcudluğu şəraitində 16 mayda planlaşdırılan Vyana təmasları çox mühüm dövrdə baş verir. FİFA hadisəsinin bu görüşün ərəfəsinə təsadüf etməsi də diqqət çəkəndir. Vyana görüşü baş tutmamış Roqozinin qapımızı kəsdirməsi, Putinin döyüşən paytaxtlara hazırlaşması, Nazarbayevin bizi Avrasiya İttifaqına aparmaq təşəbbüsləri və ətraf rayonlarımızın guya qayıtması ilə bağlı mətbuatdakı provokativ yazılar təhlükəli tendensiyaların mövcudluğundan xəbər verir.

Siyasətdə cığırımızı seçdikdə, oxşarlarımızın təcrübəsindən nəticə çıxarmamız pis olmaz. Moskvanın dostları uduza-uduza gedirlər. Hətta Rusiyanın dostu Şimali Koreya bu gün rus dənizçilərini həbs edib”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button