MTN-çilərə cəza: 41 il 8 ay həbs, general rütbəsinin alınması, əmlakların müsadirəsi…

Yayımlandı: 21 Sentyabr 2022 12:13

Məhkəmə hökm oxudu

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə uzun illər rəhbərlik etmiş general Mövlam Şıxəliyev, bu idarədə çalışmış polkovniklər – şöbə rəisləri Vüsal Ələkbərov, Yasin Məmmədov, rəis müavini Sahib Ələkbərovun işi üzrə 1 ildir davam edən məhkəmə yekunlaşıb. Sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində onlara hökm oxunub.

Hökmə əsasən, Mövlam Şıxəliyev 12 il azadlıqdan məhrum edilib. Məhkəmə qərar verib ki, onun general-mayor rütbəsi alınsın, özünün və ailə üzvlərinin adına olan 7.7 milyon manat dəyərində daşınmaz əmlaklar müsadirə olunsun.

Digər təqsirləndirilən şəxslərdən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib.

Mövlam Şıxəliyev istisna olmaqla, digərləri həbsdə deyildi. Hökm elan ediləndən sonra onlar da məhkəmə zalında həbs olunub.

Mənbə: APA

2021-ci ilin aprelindən həbsdə olan Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir. Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələrilə ittiham verilib.

Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov isə Cinayət Məcəlləsinin 311.3.1 (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittiham olunur.

Yasin Məmmədov. Foto: Meydan TV

Yasin Məmmədov MSK-nın keçmiş katibi, daha sonra sədr müavini olmuş Natiq Məmmədovun qardaşıdır.

Sahib Ələkbərov və Yasin Məmmədov MTN-dən çıxarılandan sonra vəkil kimi fəaliyyət göstərməyə başlayıb. Onların hər ikisi Vəkillər Kollegiyasının üzvüdür.

Sahib Ələkbərov. Foto: Meydan TV

Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button