Müsavat Partiyasının qurultayı “Büllur” sarayda baş tutacaq

Partiyanın qurultayı oktyabrın 13-də keçiriləcək

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının “Büllur” şadlıq sarayında IX qurultayının keçirilməsi haqda müraciətinə cavab verib.

Bu barədə başqanlığa namizəd Arif Hacılı oktyabrın 9-da partiya qərargahında keçirilən debatda açıqlama verib. O bildirib ki, “Büllur” sarayı ilə qurultayın keçirilməsi barədə yaranan anlaşılmazlıq aradan qaldırılıb və qurultayın vaxtı oktyabrın 13-nə təyin olunub.

Oktyabrın 7-də Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinə 12 oktyabrda keçirmək istədikləri IX qurultayına yer üçün müraciət etmişdi. İcra hakimiyyəti “Büllur” şadlıq sarayında tədbirin keçirilməsinə razılıq versə də, sonradan sarayın sahibi fikrini dəyişmişdi.

Müsavat Partiyasının başqanlığına 3 nəfər namizədliyini irəli sürüb. Hazırkı başqan Arif Hacılı, məclis üzvləri Yadigar Sadıqlı və Tofiq Yaqublu.

Müsavat Partiyası 1911-ci ildə Məmməd Əmin Rəsulzadə və milli demokratiya ideoloqları tərəfindən təsis edilib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra partiya öncə gizli, sonradan siyasi mühacirətdə fəaliyyət göstərib.1992-ci ildə Azərbaycanda Müsavat Partiyasının fəaliyyəti bərpa edilib. Xalq Cəbhəsinin liderlərindən biri, parlamentin o zamankı spikeri İsa Qəmbər partiyanın sədri seçilib və 2014-cü ilə qədər ona rəhbərlik edib. Nizamnamədə sədrlik müddətləri üçün qoyulan məhdudiyyətlərə əsasən, İsa Qəmbər başqanlıq üçün namizədliyini irəli sürməyib. 2014-cü ildə keçirilən qurultayda Arif Hacılı partiyanın yeni sədri seçilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button