Mustafa Hacıbəyli polisdə olub

Bastainfo.az saytının baş redaktoru, Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli bu gün, dekabrın 23-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində olub.

Bu barədə Mustafa Hacıbəyli AzadliqRadiosuna danışıb.

O deyib ki, Bakı Şəhər Prokurorluğunda barəsində seçilən polis nəzarətinə götürülmə haqqında qərarla tanış olub:

“Hər həftə 5-ci bölməyə gedib qeydiyyatdan keçməliyəm. Əgər Bakı şəhərini tərk etmək istəsəm, bu haqda qabaqcadan polisə məlumat verməliyəm”.

M.Hacıbəyli prokurorluqda qaldırılan cinayət işini əsassız sayır:

“Gələn ay məhkəməm başlayacaq. Məhkəmə qərarı olmadan da hərəkət hüququm və azadlığım məhdudlaşdırılır”.

M.Hacıbəyliyə Gəncə olaylarından sonra Bakı Şəhər Prokurorluğunda cinayət işi açılıb. Onun barəsində Cinayət Məcəlləsinin (CM) 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət təqibi aparılır.

Prokurorluq M.Hacıbəyli haqqında polis nəzarətinə götürmə tədbiri seçib.

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə 2018-ci il iyulun 3-də sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi. Onda Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı. Bəzi media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırdı. Onların arasında bastainfo.com və başqa bir sıra saytlar da var idi.Həmin saytlara ölkə daxilindən giriş məhdudlaşdırıldı və onların əməkdaşları istintaqa çağırılmağa başlandı. Saytlar ittihamları qəbul etmirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button