“Nərmin işi” birinci instansiya məhkəməsinə qaytarıldı

“Şərif Quliyevgil bütün kənddə yayıblar ki, İlkinə ömürlük verdiriləcək”

Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın oğurlanması, 47 gün sonra kənddə yanmış meyitin tapılmasıyla bağlı cinayət işinin materiallarını Gəncə Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinə qaytarıb. Səbəb isə Nərmin Quliyevanın atası Şərif Quliyevin apelyasiya şikayəti verməsidir. O, azyaşlının ölümündə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilmiş İlkin Süleymanovun cəzasının ağırlaşdırılmasını, ona ömürlük həbs cəzası verilməsini tələb edir.

Lakin Şərif Quliyev apelyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş 20 günlük müddəti ötürüb. Ona görə də bu müddət ya üzrlü səbəbdən ötürülmüş hesab edilib, şikayət qəbul edilməli, ya da üzrsüz səbəbdən müddət ötürüldüyünə görə qəbul edilməməlidir. Bu qərarı isə hökmü çıxarmış məhkəmə – Gəncə Ağır Cinayətlər Məhkəməsi verməlidir. Çünki apelyasiya şikayəti həmin hökmü çıxaran məhkəmə vasitəsilə verilir.

Bu səbəbdən Gəncə Apelyasiya Məhkəməsi Şərif Quliyevin şikayətinə baxılıb qərar verilməsi üçün iş materiallarını aşağı instansiya məhkəməsinə göndərib.

İlkin Süleymanovun yaxınları hesab edir ki, Şərif Quliyevin şikayəti qəbul olunarsa, bununla növbəti qanunsuzluğa imza atılacaq:

“Çünki şikayətin gecikdirilməsi üçün heç bir səbəb yox idi. Şərif Quliyevgil bütün kənddə yayıblar ki, İlkinə ömürlük verdiriləcək. Heç bir əsas olmadan müddəti keçən apelyasiya şikayətinin qəbulu da o demək olacaq ki, bu planın icrası istiqamətində addımlayırlar. Susmadığımıza görə bizi şantaj edirlər. Yəni siz susmursunuzsa, biz də belə eləyirik. Günahsız adamın başına açmadıqları oyun qalmadı…”.

2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb. 2020-ci il yanvarın 6-da kənddə İlkin Süleymanovgilin evinin qarşısında yandırılmış meyit tapılıb.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

Nərmin Quliyevanın atası Şərif Quliyev. (ön sırada). Foto: Meydan TV

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini övladlığa götürmək məqsədilə oğurlayıb. Daha sonra qətlə yetirərək meyiti evlərinin yaxınlığında yandırıb.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını, işgəncə nəticəsində cinayəti üzərinə götürdüyunü deyir. Onun sözlərinə görə, cinayət işinin materiallarında tutulduğu gün yanvarın 10-u göstərilsə də, əslində onu yanvarın 6-da saxlayıblar. 4 gün ərizndə – yanvarın 10-na qədər işgəncələrə məruz qalıb. Bu üzdən dözə bilməyib və dörd gün sonra cinayəti üzərinə götürüb.

Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində iki il davam edən məhkəmə prosesinin nəticəsi olaraq, iyunun 5-də çıxarılan hökmün nəticəsindən tərəflər narazı qalıb. İlkin Süleymanov və yaxınların hökmün sifarişli olduğunu hesab edir. Onlar iddia edir ki, azyaşlının başına gələnlərin arxasında dayanan və cinayətin açılması haqda prezidentə yalan məlumat verən qüvvələr var. Onlar məhkəməyə təsir göstərərək, bu iş üzrə obyektiv və ədalətli qərar qəbul olunmasına imkan vermədilər.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button