Niyaməddin Əhmədovun iki həftədir həbsdə aclıq aksiyası keçirdiyi deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Niyaməddin Əhmədovun artıq iki həftədir 2 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirdiyi bildirilir.

Bu barədə AXCP-dən məlumat verilib.

Bundan əvvəl də bu partiyadan bildirilmişdi ki, müxalifətçi koloniya administrasiyasının onun qohumları ilə görüşünə və ailədən ərzaq qəbul etməsinə qadağa qoymasına etiraz edib.

Vurğulandığına görə, etirazlardan sonra Niyaməddin Əhmədov cərimə kamerasına salınıb və saçları məcburi qaydada qırxılıb.

AXCP-dən əlavə edildiyinə görə, N.Əhmədov bütün bunlara etiraz olaraq aclıq aksiyasına başlayıb.

Bugün, martın 26-da Əhmədova baş çəkən vəkil Fəxrəddin Mehdiyev də deyir ki, onun vəziyyəti ağırdır, qan təzyiqi aşağı düşüb, güclü başgicəllənmə və ümumi zəiflik var:

“Buna baxmayaraq, ona tibbi yardım göstərilmədiyini dedi”.

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma bir həftə öncə, martın 21-də Penitensiar Xidmətin mətbuat xidmətindən “Turan”a bildirilmişdi ki, məhkum N.Əhmədov ilə bağlı deyilənlər tam əsassızdır, qanunvericilikdə nəzərdə tutulmuş qaydada rejimə uyğun olaraq (ayda 1 dəfə) ona yaxın qohumları ilə görüş təqdim olunur:

“Aclıq etməsi ilə bağlı müəssisə rəhbərliyinə heç bir müraciəti daxil olmayıb, hazırda cəzasını ümumi məhkum kütləsi ilə birlikdə çəkir”.

AXCP sədrinin ictimai əsaslarla mühafizəçisi olduğu deyilən N.Əhmədov 2020-ci ilin aprelində həbs olunub. O, Cinayət Məcəlləsinin 214-1-ci (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham edilib.

İstintaqın sonunda ona daha iki maddə ilə – 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) – ittiham verilib.

2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi N.Əhmədovu 13 il azadlıqdan məhrum edib.

N.Əhmədov özünü təqsirli bilmir və ittihamları öz siyasi fəaliyyəti ilə əlaqələndirib. Bir çox hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər.Onlar deyir ki, siyasi məhbus siyahılarına salınan şəxslər sırf törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button