“Oskar”ın təqdimatında fələstinlilərə dəstək aksiyasında yanlışlıq

İsrail XİN sənətçilərin bilmədən onlara dəstək verdiyini açıqlayıb

Martın 11-nə keçən gecə Los-Ancelesdə keçirilən 96-cı “Oskar” mükafatlandırma mərasimi bu dəfə siyasi motivləri ilə də yadda qalıb.

Müğənni Billi Ayliş, musiqiçi Finneas Okonnel, aktyorlar Mark Rufallo və Rami Yussef, rejissor Ava Dyüverney və bir neçə nəfər mərasimə yaxalarında nişanla gəliblər.

Onlar bu nişanla fələstinliləri dəstəklədiklərini düşünüblər, amma yanılıblar.

Bəs məsələnin əsl mahiyyəti nədən ibarətdir?

Sənətçilərin taxdığı həmin qırmızı rəngli nişanda əl, əlin ortasında isə qara rəngli ürək təsvir olunub.

Bu, Qəzza zolağında İsrail və HƏMAS arasında dərhal və daimi atəşkəsə, mülki şəxslərə humanitar yardımın çatdırılmasına, bütün girovların azad edilməsinə çağıran aktyorlar, kinorejissorlar və digər sənətçilərin yaratdıqları “Artists4Ceasefire” adlı birliyinin nişanıdır.

“Artists4Ceasefire” birliyinin üzvləri 2023-cü il oktyabrın sonunda ABŞ Prezidenti Co Baydenə müraciət dərc edərək Qəzza zolağında dərhal atəşkəsə çağırmışdılar.

Birlik üzvlərinin fikrincə, nişanın üzərindəki qırmızı fon həyatları xilas etmək çağırışının aktuallığını simvollaşdırır.

Əl isə ortaq insanlığı dəstəkləmək üçün bir araya gələn müxtəlif mənşəli insanların icmasını təmsil edir.

İsrail XİN: “Bu, onların israillilərlə birlik yaratdıqları anlamına gəlir”

“Oskar”dan sonra İsrail rəsmiləri məsələyə münasibət bildirib və sənətçilərin məsələnin əsl mahiyyətindən xəbərsiz olduqlarını deyiblər.

Diplomat İsrael Nitzan, hökumət sözçüsü Eylon Levi və ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi “X” hesablarında məsələni şərh ediblər.

İsrail XİN-dən bildirilib ki, nişanı taxan məşhurlar əslində, qırmızı əllərin təsvirinin 2000-ci ildə Ramallahda iki israilli hərbçinin linç edilməsi hadisəsi ilə əlaqəli olmasından xəbərsizdirlər.

İsrail hökumətinin sözçüsü Eylon Levi isə məşhurların bilmədən onlara dəstək olduqlarına işarə edib:

“Mən bilmirəm, Hollivud ulduzları qanlı nişanlarla bunu nəzərdə tuturdular, ya yox, amma bu, onların israillilərlə birlik yaratdıqları anlamına gəlir”.

O həmçinin ağ köynəkdə pəncərədən baxan və qanlı ovuclarını göstərən bir adamın fotosunu paylaşıb.

Öldürülən İsrail hərbçiləri kimlər olub?

Fotonun 2000-ci il oktyabrın 12-də Ramallah yaxınlığında yerləşən Əl-Bir şəhərindəki polis bölməsində çəkildiyi deyilir.

Bildirilir ki, fələstinli izdiham İsrail ordusunun ehtiyatda olan iki hərbçisini linç edib.

Oktyabrın 10-da İsrail ordusunun ehtiyatda olan kapralı Vadim Nurjits və kiçik zabit Yosef Avraami İordan çayının qərb sahilində baş vermiş növbəti iğtişaşlarla əlaqədar xidmətə çağırılıblar.

Oktyabrın 12-də Nurjits və Avraami nəzarət-buraxılış məntəqəsində Fələstin Milli Administrasiyasının polisi tərəfindən saxlanılaraq şöbəyə aparılıb.

Tezliklə fələstinlilərdən ibarət izdiham polis binasının qarşısında toplaşıb.

Onlar içəri girərək həmin iki nəfəri döyməyə başlayıblar, sonra isə bıçaqdan istifadə ediblər.

Hər iki əsgəri öldürərək cəsədlərini pəncərədən küçəyə atıblar.

Hadisənin iştirakçılarından Abd al-Aziz Yusuf Mustafa Salahi adlı şəxs pəncərədən bayıra baxaraq, qanlı ovuclarını binanın yaxınlığında toplaşan insanlara göstərib.

Eylon Levi sənətçiləri cahil adlandırır…

2004-cü ildə Abd al-Aziz Yusuf Mustafa Salahi İsrail ordusunun ehtiyatda olan kapralı Vadim Nurjitsu öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum olunub.

2011-ci ildə Salahi HƏMAS tərəfindən girov götürülən İsrail əsgəri Gilad Şalitinlə dəyişdirilib.

Razılaşma çərçivəsində İsrail həbsxanalarında saxlanılan mindən çox fələstinli məhbus azad edilib.

Onların arasında HƏMAS-ın Qəzza zolağındakı liderlərindən biri və 7 oktyabr 2023-cü il hücumunun təşkilatçısı Yəhya Sinvarın da olduğu bildirilir.

Salahinin şəkli İsraildə 2000-2005-ci illərdə davam edən İkinci İntifadanın (İsrail-Fələstin iğtişaşı) simvoluna çevrilib.

Həmin illərdə çoxsaylı terror aktlarının baş verdiyi, kamikadzelərin ticarət mərkəzlərində və avtobuslarda özlərini partlatdıqları qeyd edilib.

“Əgər İkinci İntifadanın simvolu olan ən məşhur obrazın nə olduğunu bilmirdinizsə, bəlkə də, cahilliyinizi nümayiş etdirməməliydiniz”, – İsrail hökumətinin sözçüsü Eylon Levi deyib.

2024-cü il martın 11-də “Oskar” alanların adları bəlli olub:

“Ən yaxşı film” – “Oppenheymer”;
“Ən yaxşı rejissor” – Kristofer Nolan (“Oppenheymer”);
“Ən yaxşı aktrisa” – Emma Stoun (“Bəxtsiz”);
“Ən yaxşı aktyor” – Killian Mörfi (“Oppenheymer”);
“Ən yaxşı mahnı” – “Mən nə üçün yaradılmışam?” (“Barbi”);
“Ən yaxşı musiqi” – “Oppenheymer”;
“Ən yaxşı ikinci plan aktyoru” – Robert Dauni junior (“Oppenheymer”);
“Ən yaxşı xarici film” – “Maraq zonası”;
“Ən yaxşı uyğunlaşdırılmış ssenari” – “Amerika fantastikası”;
“Ən yaxşı orijinal ssenari” – “Düşmə anatomiyası” (“Anatomie d’une chute”);
“Ən yaxşı ikinci plan qadın rolu” – Davayn Coy Randolf (“The Leftovers”);
“Ən yaxşı animasiya filmi” – “Oğlan və quş” (“Kimitachi wa Dou Ikiru ka”).
“Ən yaxşı sənədli film” – “Mariupolda 20 gün”;
“Ən yaxşı orijinal saundtrek” – Lüdviq Qoransson (“Oppenheymer”);
“Ən yaxşı vizual effektlər” – “Godzilla: Mənfi Bir”;
“Ən yaxşı montaj” – Cennifer Leym (“Oppenheymer”);
“Ən yaxşı səs” – “Maraq zonası”;
“Ən yaxşı makiyaj və saç düzümü” – “Kasıblar və bədbəxtlər”;
“Ən yaxşı kostyumlar” – Holli Uoddinqton (“Kasıblar və bədbəxtlər”);
“Ən yaxşı istehsal dizaynı” – Şauna Hit, Ceyms Prays (“Kasıblar və bədbəxtlər”);
“Ən yaxşı qısametrajlı bədii film” – “Henri Şuqarın ecazkar hekayəsi”;
“Ən yaxşı qısametrajlı animasiya filmi” – “Müharibə bitdi! Con və Yoko musiqisindən ilhamlanıb”.

2023-cü il oktyabrın 7-də HƏMAS İsrailə hücum edib.

Hazırda Qəzza bölgəsində müharibə davam edir.

Hər iki tərəfdən xeyli sayda insan itkisi və dağıntıların olduğu bildirilir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button