Paşinyan: Əliyevlə Soçi və Brüsseldə görüşlər bir-birinə zidd deyil

Çərşənbə axşamı onlayn formatda mətbuat konfransında çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Ermənistanın “ faydalı tərəfdaşların vasitəçiliyindən imtina etmək hüququ yoxdur”. O hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyevlə noyabrın 26-da Rusiyanın vasitəçiliyi ilə Soçidə və dekabrın 15-də Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə keçirilən görüşlər bir-birinə zidd deyil: 

“Brüssel və Soçi görüşlərini bir-birinə qarşı qoymaq cəhdləri var. Burada heç bir ziddiyyət yoxdur. Çünki bizim tərəfdaşlarımızın faydalı ola biləcək vasitəçiliyindən imtina etməyə haqqımız yoxdur. Biz onların kömək etmək istəyindən, biliklərindən və vəziyyəti sabitləşdirmək üçün təcrübələrindən istifadə etməliyik”.

Bundan əvvəl Kremlin mətbuat xidməti Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Paşinyan arasında üçtərəfli danışıqların Dağlıq Qarabağ ətrafındakı münaqişə zonasında atəşkəs və bütün hərbi əməliyyatlar haqqında 9 noyabr 2020-ci il tarixli bəyanatın imzalanmasının ildönümünə təsadüf etdiyini bildirib. Görüş Rusiya dövlət başçısının təşəbbüsü ilə noyabrın 26-da Soçidə keçiriləcək. Peskovun sözlərinə görə, görüşdə üç ölkə liderinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli sazişlərinin icrasına baxılması, o cümlədən ölkədə sabitliyin möhkəmləndirilməsi və bölgədə dinc həyatın bərqərar olması üçün gələcək addımların müəyyənləşdirilməsi planlaşdırılır.  Ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafına xüsusi diqqət yetiriləcək. Putinlə Azərbaycan və Ermənistan liderləri arasında ayrıca danışıqların aparılması da nəzərdə tutulur.

Qeyd edək ki, noyabrın 19-da Avropa Şurası, bu təşkilatın rəhbəri Şarl Mişelin İlham Əliyev və Paşinyanla dekabrın 15-də Brüsseldə görüşmək barədə əldə etdiyi razılığa dair bəyanat yayıb. Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, Paşinyan Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Əliyevlə görüş keçirməyə hazırdır. Oxşar təsdiq Azərbaycan tərəfdən də gəlib.

Paşinyan bildirib ki, dekabrın 15-də keçiriləcək görüşdə Əliyevlə hərbi əsirlərin (terrorçuların-red.) qaytarılması mövzusunu müzakirə etməyi planlaşdırır.

“Brüsseldə biz humanitar məsələləri, o cümlədən hərbi əsirlərimizin geri qaytarılmasını müzakirə edəcəyik. Regionda ciddi gərginlik qalmaqdadır və biz danışıqlar, eləcə də bu məsələlərin həlli üçün imkanlardan istifadə etməliyik”, – deyə o, çərşənbə axşamı onlayn mətbuat konfransında deyib.

Ermənistan bütün saxlanılan şəxslərin (terrorçuların-red.) Azərbaycandan geri qaytarılmasını istəyir. İrəvan dəfələrlə vurğulayır ki, regionda vəziyyətin sonrakı tənzimlənməsi müzakirə edilərkən bu, prioritet məsələdir. Bakı bəyan edir ki, ötən ilin payızında Qarabağ ətrafındakı münaqişə zonasında döyüş əməliyyatları zamanı əsir götürülən bütün Ermənistan vətəndaşları geri qaytarılıb, yalnız “terrorçular və diversantlar” saxlanılır.

Xural.com

mənbə

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button