Paşinyan Azərbaycanı yeni müharibəyə başlamaq üçün bəhanələr axtarmaqda suçlayır

Azərbaycanın Müdafiə Nazirliyi iddia edir ki, Ermənistan-Azərbaycan şərti sərhədində Ermənistan silahlı qüvvələrinin intensiz hərəkəti müşahidə olunur

Bu barədə nazirlik martin 31-də məlumat yayıb. Məlumatda bildirilir:

“Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur”.

Nazirlik bildirir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı qətiyyətlə alınacaq.

Ermənistan Müdafiə Nazirliyi hələlik bu bəyanata cavab verməyib.

Azərbaycan Müdafiə Nazirliyinin bu açıqlamasından bir gün öncə – martin 30-da Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanı yeni, genişmiqyaslı müharibəyə başlamaq üçün bəhanələr axtarmaqda suçlayıb.

Azadlıq radiosunun erməni xidməti yazır ki, Paşinyan Artaşat şəhərində partiya üzvləri ilə görüşdə bu fikri səsləndirib.

Bundan öncə isə Ermənistan hakimiyyətinin sülh istəklərinə görə çox təhqir olunduğunu vurğulayıb və deyib ki, Tavuş vilayətinin 4 kəndini Azərbaycana verməsi ilə bağlı xəbərlər yalandır.

Baş nazir bir daha Ermənistan Respublikasında Qızıl Hacılı, Xeyrimli, Aşağı Əskipara, Bağanis Ayrım adlı kəndlərin olmadığını bəyan edərək, Yerevanın bu kəndlərin əraziləri ilə bağlı heç bir iddiasının olmadığını vurğulayıb.

Sözügedən kəndlər Azərbaycanın Ermənistandan təcili geri qaytarılmasını tələb etdiyi kəndlərdir. Paşinyan martin 12-də mətbuat konfransında bəyan edib ki, Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Alma-Ata bəyannaməsinə əsasən, de-yure Ermənistan ərazisində deyil.

Paşinyan deyib ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış, suveren ərazisindən kənarda heç bir ərazi iddiası yoxdur və ölkənin sərhəddinin harada olduğunu vurğulamaq çox vacibdir. Baş nazir Azərbaycanın da bu istiqamətdə addım atacağına ümid etdiyini bildirib.

Rəsmi Bakı isə Ermənistan silahlı qüvvələrinin nəzarətində olan 4 kəndin qaytarılmasını tələb edir. Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Ermənistanın Tavuş rayonu ilə həmsərhəddir və bilavasitə Azərbaycan ərazisində yerləşir. Azərbaycan iddia edir ki, sözü gedən dörd kənd və Ermənistanın ərazisində anklav şəklində yerləşən Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləri ilə birlikdə 1990-cı illərdə Ermənistan tərəfindən işğal olunub.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button