Paşinyan: “Bakının istədiyi kəndlər Azərbaycan ərazisindədir”

Yayımlandı: 21 Mart 2024 14:47

O, sərhədlərin delimitasiyası ilə bağlı hələ də razılığa gələ bilmədiklərini deyir

Ermənistan və Azərbaycan hələ ki sərhədlərin delimitasiyası ilə bağlı xəritələr barədə razılığa gəlməyib.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Azərbaycana qaytarılacaq ərazilərdən təfərrüatlı danışan Paşinyan deyib ki, biz delimitasiyaya haradan başlayacağımızdan danışarkən söhbət kəndlərdən yox, ərazilərdən gedir:

“Bu, çox mühüm məsələdir. Özünüzü çaşdırmayın. Biz sözü gedən kəndlərin qarşısından keçəcək sərhəddən danışırıq. Ermənistanın Bağanis kəndi və Azərbaycanın Bağanis Ayrım kəndi. Bunu yadda saxlayaq ki, bunlar eyni kənd deyil. Bağanis Ayrım kəndi sovet dövründə də Azərbaycanda olub. O, Ermənistanın Bağanis kəndi ilə üzbəüzdür”.

Paşinyan daha sonra izah edib ki, Ermənistanın Voskepar, Kirants və Berkaber kəndləri – Azərbaycanın Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri ilə üzbəüzdür və delimitasiya da bu kəndlərin arasında olacaq.

Baş nazir əlavə edib ki, Bakının istədiyi kəndlər qeyri-anklav kəndləridir, yəni Azərbaycan ərazisindədir:

“Ermənistan bu ərazidə sovet respublikalarının (Azərbaycan SSR və Ermənistan SSR-red) səlahiyyətli orqanları tərəfindən təsdiq olunmuş topoqrafik xəritələr və sənədlər əsasında demarkasiyaya hazırdır”.

Paşinyan spikerin müavini Ruben Rubinyanın sualına cavab verərkən Berkaberin – torpaqları Azərbaycan tərəfindən tutulmuş 31 kənddən biri olduğunu təsdiq edib.

Müxalif Hayastan fraksiyası sədrinin müavini Geğam Manukyan iki ölkə arasında hansı xəritələrdən istifadə olunacağına dair razılığın olub-olmadığını soruşub.

Paşinyan deyib ki, hələ belə bir razılaşma yoxdur, amma iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımaq barədə razılaşıblar.

Baş nazir izah edib ki, Ermənistan və Azərbaycan bölgədə yeni sərhədlər yaratmır, de-jure mövcud olmuş ən son sərhədləri bərpa edirlər.

Paşinyan əlavə edib ki, Ermənistan Azərbaycanın dörd kəndini qaytarmaqla dövlət sərhədi əldə etmiş olacaq:

“Hansı güzəştdən söhbət gedir? Bizim mövqeyimiz belədir: Azərbaycan-Ermənistan sərhədi 1991-ci il Almatı Bəyannaməsi əsasında əvvəlcə demarkasiya, daha sonra delimitasiya olunmalıdır. Bizim olan – bizimdir, bizim olmayan – bizim deyil. Biz bu məntiqdən çıxış etməliyik. Bu, Ermənistanın təhlükəsizliyinin təmin olunmasının ən mühüm faktorudur”.

Münaqişənin tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button