Polisi təcavüzdə ittiham edən AXCP fəalı işgəncələrdən danışdı

“Qarnımın üstündə oturub, partlatdılar”

Fevralın 5-də Bakı Apelyasiya Məhkəməsində AXCP-nin həbsdə olan fəalı Əlizamin Salayevin şikayətinə baxılıb. Hakim Mirzəli Abbasovun sədrliyilə keçirilən prosesdə Ə.Salayev qanunsuz həbs olunması, Səbail rayonu, 8-ci polis bölməsində işgəncəyə məruz qalması, bədəninə “tok” verilməsi barədə danışıb.

Məhkəmədə Ə.Salayevin vəkili Cavad Cavadov vəsatət qaldıraraq, AXCP üzvləri Nicat Abdullazadə və Ceyhun Novruzovun məhkəmədə şahid qismində dindirilməsini istəyib. Vəkil bildirib ki, Ə.Salayev həbs olunarkən onlar birlikdə olub. Müdafiəçinin sözlərinə görə, bu şəxslər Ə.Salayevin necə həbs olunduğunu görüb.

Ə.Salayev özü də bildirib ki, hansı şəraitdə saxlanması istər polis bölməsində tərtib olunmuş protokolda, istərsə də məhkəmə qərarında təhrif olunub. AXCP fəalı bildirib ki, Səbail Rayon Məhkəməsində o, dostlarıyla nahar edərkən saxlandıqlarını deyib. Lakin onun bu izahatı təhrif olunub, məhkəmə iclas protokollarında və qərarda yanlış yazılıb.

Lakin hakim şahidlərin dindirilməsi barədə vəsatəti təmin etməyib.

Daha sonra Ə.Salayev polis bölməsində işgəncələrə məruz qalması barədə ətraflı izahat verib. O bildirib ki, işgəncələr məhkəmədə qərar çıxarılandan sonra olub. Məhkəmədən onu Səbail rayonu, 8-ci polis bölməsinə qaytarıblar. O, bölmədə şəxsən rəis və müavinlərinin göstərişi və iştirakıyla ağlasığmaz işgəncələrə, insan ləyaqətini alçaldan rəftara məruz qaldığını vurğulayıb. Ə.Salayev qeyd edib ki, təcridxanadan yazdığı məktubda işgəncələr haqda yazmışdı. O, baş verənləri apelyasiya məhkəməsində də təkrarlayıb.

“Məni məhkəmədən gətirəndən sonra bölmədə ikinci mərtəbəyə qaldırdılar, sola dönəndə tualetin yanında bir otağa saldılar. Bölmənin rəisi gəldi, 20-yə qədər də polis dəhlizdə düzüldü. Məni otaqdan çıxarıb, tualetə apardılar. Video vasitəsilə tualeti yumağa məcbur etmək istədilər. Mən imtina edəndə rəis dedi ki, “döyün”. Qolumu qandalla arxadan bağladılar. Tualetin içində döyməyə başladılar. Rəis dedi ki, “başını soxun unitazın içinə”. Sonra yerə yıxıb, üstümə çıxıb təpikləməyə başladılar. Bir saata yaxın tualetdə döydülər. Bədənimə “tok” verdilər. Bədənimin hər yeri xəsarətdir. Sonra məni Səbail Rayon Polis İdarəsinin rəisinin otağına apardılar. O, məni nalayiq söyüşlərlə təhqir etdi, vurdu, sonra da dedi ki, “aparın “podvala”, sındırın”. Məni “podvala” düşürdülər. Rəisin üç müavini və əməliyyat qrupu paltarlarımı soyundurdular. Lüt formada, videokamera ilə çəkilişlə tualeti və yeri yumağa məcbur etmək istədilər. İmtina elədim. Dizlərim üstdə yerə oturmağa məcbur elədilər. Etiraz elədim, qoluma arxadan qandal vurub, döyməyə başladılar. Qarnımın üstündə oturub, partlatdılar. Başımı da partladıblar. Gecə saat 12 radələrində məni inzibati həbs yerinə gətirdilər”.

Ə.Salayev

Ə.Salayev onu da əlavə edib ki, təcridxanada onun vəziyyətinin ağır olduğunu deyiblər, xəstəxanaya aparılmasını istəyiblər. Polislər onu Kliniki Tibbi Mərkəzə aparıb. Orada həkimlər cərrahiyyə əməliyyatına ehtiyac olduğunu desələr də, polislər əməliyyata imkan verməyib. Orada ilkin tibbi yardım göstəriləndən sonra təcridxanaya gətiriblər:

“O işgəncələrin fəsadları hələ də qalır. Sonradan da məni müayinə ediblər, müalicəm indi də davam edir. Əməliyyat olunmalıyam”.

Vəkil bildirib ki, şəxs işgəncədən şikayətləndiyinə görə məhkəmə bunu mütləq araşdırmalıdır. Müdafiəçi bu barədə vəsatət qaldırıb.

Lakin hakim bu vəsatəti də təmin etməyib.

Hakim Səbail rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli həbs qərarından verilən şikayəti də rədd edib. Həmin qərara əsasən, Ə.Salayev İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 30 sutka həbs olunub.

Daxili İşlər Nazirliyi Ə.Salayevin işgəncəyə məruz qalması barədə deyilənlərin yalan olduğunu bəyan edib.

“Qəti şəkildə bildirirəm ki, Əlizamin Salayevin saxlanma şəraiti, həmçinin ona qarşı təzyiqlərin olması və işgəncəyə məruz qalması barədə səsləndirilən iddialar əsassızdır. İnzibati qaydada həbs olunan Əlizamin Salayev bu gün vəkili Cavad Cavadlı ilə görüşüb. Vəkili onun saxlanma şəraiti və səhhəti ilə maraqlanıb. Hətta bu gün Əlizamin Salayevin oğluna zəng edilərək atası ilə görüşmək təklif olunub. Oğlu isə işi olduğu üçün sabah görüşə biləcəyini deyib. Bir daha qeyd edirəm ki, sosial şəbəkələrdə yayılan məlumatarın heç bir əsası yoxdur və yalandır”, – deyə nazirliyin mətbuat xətmətinin rəisi Ehsan Zahidov APA-ya açıqlamasında bildirib.

AXCP isə Ə.Salayevin sifarişlə həbs olunduğunu iddia edir. Çünki Ə.Salayev həbsindən bir neçə gün əvvəl “YouTube” sosial şəbəkəsində Salyan rayon Polis şöbəsinin təhqiqat bölməsinin rəisi Həmzə Əzizovu videoya çəkərək paylaşmışdı. O, videoda H.Əzizovu 21 yaşlı qıza təcavüzdə ittiham edirdi. Polis rəisi isə Ə.Salayevin dediklərini təkzib edir, ona “qızın nəslində kişi yoxdur ki, sən bu məsələyə qarışırsan?” deyə cavab verirdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button