Prezident Qafqaz üzrə baş müşaviri qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 28-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri (Philip Reeker) qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların aparılması ilə bağlı xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçirilmiş görüş ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər görə, ABŞ Dövlət katibi Entoni Blinkenin (Antony Blinken) Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini daim diqqətdə saxlaması yüksək qiymətləndirilib.

Üç həftə öncə, noyabrın 7-də ABŞ-da E.Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşmüşdü.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparıb, hələ də çözülməli olan bir sıra məsələlərin olduğunu qeyd ediblər.

Ötən ilin dekabrından başlayaraq iki ölkə arasında sülh danışıqları, əsasən, Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə aparılırdı. Azərbaycanla Ermənistan liderlərinin həmin formatda sonuncu görüşü də oktyabrın 6-da Aİ Şurasının prezidenti və Fransa dövlət başçısının iştirakı ilə Praqada gerçəkləşmişdi. Bu formatda növbəti görüşün dekabrın 7-də keçirilməsi gözlənirdi. Amma Prezident İ.Əliyev noyabrın 25-də bu görüşün baş tutmayacağını vurğulayıb:

“Dünən (prezidentin köməkçisi) Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”.

Bundan əvvəl, oktyabrın 31-də isə Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçirilmişdi. Görüşdə tərəflər üçtərəfli görüşün yekunları ilə bağlı bəyanat qəbul etmişdilər. Bəyanatda Rusiya sülhməramlı kontingentinin Qarabağda təhlükəsizliyin təmin olunmasına mühüm töhfəsi qeyd edilmişdi.

Ceyhun Bayramov ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri ilə görüşüb

Noyabrın 28-də Azərbaycan prezidentindən sonra xarici işlər naziri Ceyhun Bayramov da bu ölkədə səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı, Azərbaycan-Ermənistan normallaşma prosesi, sülh müqaviləsinin elementləri üzrə aparılan ikitərəfli danışıqlar, kommunikasiyaların açılması və delimitasiya prosesi üzrə cari vəziyyət müzakirə olunub.

Açıqlamaya görə, nazir “Ermənistanın hələ də öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, mina təhdidlərini davam etdirdiyini, Laçın yolundan hərbi məqsədlər üçün istifadə olunduğunu diqqətə çatdırıb.”

Xəbərə görə, Filip Riker ABŞ tərəfinin normallaşma prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib.

O, sülh müqaviləsinin elementləri üzrə aparılan danışıqların əhəmiyyət daşıdığını, bölgədə sülh və əmin-amanlığın təmin edilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Ermənistanın dedikləri…

Görüşdə səslənən tənqidlərə, hələlik, Ermənistan rəsmilərinin münasibəti bəlli deyil. Amma bu ilin yayında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan demişdi ki, onun ölkəsinin Silahlı Qüvvələrinin bir hissəsi müharibə vaxtı Dağlıq Qarabağın “müdafiə ordusu”na köməyə getmişdi:

“Atəşkəsdən sonra onlar Ermənistan Respublikasına qayıdırlar. Bu proses sona yaxınlaşır və sentyabrda başa çatacaq. Müdafiə ordusuna gəlincə, o, Dağlıq Qarabağda olub və orada qalmağa davam edəcək”.

Ermənistan rəsmiləri indi isə Qarabağda hərbi qüvvə yerləşdirmədiklərini, etnik erməni “müdafiə ordusu”nun özlərinin silahlı qüvvələrinə dəxli olmadığını vurğulayırlar.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button