Prezidentin adından uydurma göstəriş: Qəzetlərin rəngli çıxmasını kim istəyib?

KİVDF vasitəsilə dövlətdən yardım alan qəzetlərin sayında kəskin azalma gözlənilir. AzToday.az-a daxil olan məlumata görə, Prezidentin köməkçisi Əli Həsənov və onun ətrafında medianı kurasiya edənlərin özlərinə məxsus və ya yaxın olan qəzetlər istisna olmaqla qalan qəzetlərə yardımlar dayandırılacaq.

Bununla bağlı qərarın fevral ayında açıqlanacağı gözlənilir. Məlumatda bildirilir ki, KİVDF bunu açıq mətnlə bildirməyəcək, sadəcə olaraq, qəzetlərin qarşısında icrası mümkün olmayan tələblər irəli sürüləcək. Məsələn, ən azı gündəlik 5 min tirajla dərc olunmaq və ən azı 2 min nüsxə satış tələbi… Həmçinin qəzetlərin ən azı 4 çalardan istifadə olunmaqla rəngli çıxması da tələblərin sırasında olacaq ki, bu da nəşriyyat xərclərini kəskin artıracaq. Yəqin ki, bu xərclərin şişirdilməsindən hansı məqsədin güdüldüyünü başa düşmək çətin deyil.

Belə olan halda yalnız məlum çevrənin özünə məxsus olan qəzetlər qalacaq. Bu qəzetlər üçün dövlət qurumları və şirkətlərdə məcburi qaydada abunə toplanılır. Məsələn, “Səs” qəzeti təkcə Dövlət Sərhəd Xidmətindən 5 min nüsxə abunə alıb. Təbii ki, sifarişli qaydada, çünki bu qəzet orada heç kimə lazım deyil. “İki Sahil” qəzeti isə SOCAR-da “çox sevilir” və bütün abunəsi oradan gəlir.

Belə inzibati himayəsi olmayan qəzetlər isə maliyyələşmədən kənarda qalacaqlar. Maraqlıdır ki, KİVDF qəzetlərdən satış statistikası tələb edir, amma metroda qəzet satışının bərpası barədə heç nə danışmır. Mətbuat yayımı firmaları da qəzet satışını faktiki olaraq dayandırıblar. Ancaq KİVDF qəzetlərin gündə ən azı 2 min nüsxəni harada satmalı olduğuna aydınlıq gətirmir.

Aydın məsələdir ki, bu dəyişikliklərin arxasında daha rahat və səs-küysüz “otkat” istəyi dayanır. Amma maraqlıdır ki, bu dəyişikliklər Prezident İlham Əliyevin tələbi kimi qələmə verilir. Daxil olan məlumata görə, Əli Həsənov  belə nəql edib ki, guya Prezident qəzetlərin xaricdə olduğu kimi rəngli çıxmasını tələb edib.

Amma məlumatlı mənbələrin bildirdiyinə görə, bu təşəbbüsü Əli Həsənov Prezident qarşısında özü qaldırıb və dövlət başçısı da bu təklifin arxasında dayanan gizli məqsədə diqqət yetirmədən razılıq verib. Sonra da Əli Həsənov iddia edib ki, Prezidentin göstərişi var və qəzetlər rəngli çıxmalıdır.

Qeyd edək ki, gözlənilən dəyişikliklərin başqa detalları da var və zamanı gəldikcə hamısı üzə çıxacaq.

AzToday.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button