Qarabağ Komitəsi sərt bəyanat verdi: “Ərazi bütövlüyümüzə uzanan əllər və dillər anında kəsilməlidir”-MƏTN

Azərbaycan-Gürcüstan arasındakı münasibətlərlə bağlı Qarabağ Komitəsi bəyanat verib. Xural.com bəyanatı olduğu kimi təqdim edir:

“Qarabağ Komitəsi Azərbaycan Respublikası ilə 446 km dövlət sərhəddi ilə, minillikləri əhatə edən ortaq tarixi, ortaq təhlükəziliyi, iqtisadi maraqları, beynəlxalq əhəmiyyətli enerji kəmərləri ilə bağlanmış Gürcüstanda Azərbaycana və Gürcüstan vətəndaşı olan yüzminlərə etnik azərbaycanlıya münasibətdə son günlərdə müşahidə olunan hadisələrdən ciddi narahatlıq ifadə edir.
Qarabağ Komitəsi Azərbaycan-Gürcüstan sərhəddində, Azərbaycanın Ağstafa rayonunda yerləşən “Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğu” monastr-mağara kompleksinin yerləşdiyi ərazidə sərhəddin delimitasiya və demarkasiya probleminin tarixi-coğrafi, tarixi-mədəni irs aidiyyatı, siyasi-coğrafi, beynəlxalq hüquqi, sərhəd demarkasiyası ilə bağlı aspektlərinin əhəmiyyətini qeyd edərək, lakin konkret halda bu mübahisənin araşdırılmasını və həllini iki dövlətin müvafiq orqanlarının, tarixçilərin, hüquqşünas və diplomatlarının öhdəsinə buraxaraq məsələyə dair mövqeyini mahiyyətini net və açıq şəkildə ortaya qoyur. Hər yerindən duranın Azərbaycandan torpaq istəməsi, ərazi bütövlüyümüzə dil və əl uzatması ənənəsinə son verilməlidir, ərazi bütövlüyümüzə uzanan əllər və dillər anında kəsilməlidir.
Ərazisinin əhəmiyyətli bir hissəsi Rusiya tərəfindən silahlı təcavüz nəticəsində işğal olunmuş, etnik seperatizm fəlakəti ilə üzləşmiş Gürcüstanda bəzi dairələrin Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi açıq-aydın fitnəkar xarakter daşıyır. Bu fitnəkarlıqda məqsədin oradakı kiçik torpaq sahəsinin və dini-tarixi obyektin deyil, Azərbaycan və Gürcüstan arasında münasibətləri gərginləşdirmək, Azərbaycan və Gürcüstanı, Azərbaycan və gürcü xalqlarını qarşıdurmaya sürükləmək olduğu açıq-aydın ortadadır. Abxaziya və Osetiyadan qovulmuş qaçqın problemi ilə çarpışan Gürcüstanda bir sıra üzdəniraq siyasətçilərinin “Azərbaycan qırmızı körpüdə yüz minlərlə qaçqını hazırlamağa hazır olsun” kimi sərsəm bəyanatlarının ilk növbədə Gürcüstan üçün yaratdığı təhlükənin fərqində olmalıdırlar və bu fonda Gürcüstan hakimiyyətinin və ziyalılarının bu tipli təxribatçı açıqlamalara yol verən şəxslərin fəaliyyətinə yumşaq münasibəti başa düşülən və qəbul edilən deyildir.
Heç şübhəsiz Gürcüstanda yaşayan yüz minlərlə azərbaycanlı soydaşlarımız ilk növbədə Gürcüstan vətəndaşlarıdır, Gürcüstan dövlətinin qanunlarına tabedirlər, Gürcüstanın dövlət maraqlarını qorumaqla, Gürcüstan dövlətinin formalaşması, mövcudluğu, möhkəmlənməsi və tərəqqisi üçün mükəlləfdirlər. Eyni zamanda onların həyat və təhlükəsizliklərinin təmin olunması və hüquqlarının qorunması, onları təhdid edənlərin cəzalandırılması və onlara qarşı təhdidlərin zərərsizləşdirilməsi də ilk növbədə Gürcüstan hökumətinin borcu və vəzifəsidir. Bununla yanaşı, Gürcüstandakı soydaşlarımız əmin olmalıdırlar ki, Gürcüstan dövləti bir dövlət olmanın gərəyi olan bu vəzifəsindən imtina edərsə və ya bunun öhdəsindən gəlmə iqtidarında olmazsa, 10 milyonluq Azərbaycan Respublikası onların hər mənada arxasında və yanındadırlar.
Bununla əlaqədar Qarabağ Komitəsi Azərbaycan hökümətini ərazi bütövlüyü və Gürcüstandakı soydaşlarımızın həyatının qorunması məsələsində daha qətiyyətli mövqe tutmağa çağırır. Bir halda ki, Azərbaycanı yüzminlərlə qaçqın qəbul etməyə hazır olmaqla hədələyirlər, o halda məsələ artıq Gürcüstanın daxili işi olmaqdan çıxaraq Azərbaycanın təhlükəsizliyi probleminə çevrilir və Azərbaycan hökumət bu istiqamətdə bütün hallara hazır olduğunu bəyan etməlidir.
Birdəfəlik və birmənalı şəkildə bilmək lazımdır ki, bu gün üzləşdiyimiz Keşikçidağ problemi, sünü şəkildə daxilimizdə yaradılmağa cəhd edilən etnik, terrorçu separatizm planları əhəmiyyətli şəkildə Qarabağ probleminin, torpaqlarımızın işğal altında qalmasının, ərazi bütövlüyümüzün pozulmuş vəziyyətinin davam etməsinin fəsadlarıdır. Qarabağı azad etsək, nə Keşikçi dağda, nə digər yerlərdə bizə, torpağımıza, sərhəddimizə dil və əl uzatmaq istəyənlərin cəsarəti qalmayacaqdır. Qarabağ azad olunacaqsa təkcə oradakı əhalimizin deyil, bütün dünyada, müxtəlif ölkələrdə yaşayan milyonlarla soydaşımızın təhlükəsizliyi təmin olunacaqdır. Odur ki, Qarabağda yalnız bir bölgənin deyil, bütün Azərbaycanın, harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının taleyi həll olunur. “Hər yer Qarabağ, hər gün Qarabağ!” şüarının mənası budur! “Hər şey Qarabağ üçün, hər kəs Qarabağ üçün!” şüarının mənası budur!
Hər yer Qarabağ, hər gün Qarabağ!
Hər şey Qarabağ üçün, hər kəs Qarabağ üçün!

08.05.2019, Bakı şəhəri

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button