Qarabağ qazisi bələdiyyə sədrindən şikayətçidir

Yayımlandı: 24 Fevral 2023 15:29

“İcra başçısı tapşırsa da, mənə torpaq vermir”

Sabirabadın Moranlı kənd sakini, İkinci Qarabağ müharibəsi döyüşçüsü Elnur Hüseynzadə kəndin bələdiyyə sədri Adəm Mansurludan şikayətçidir.

Deyir ki, 2021-ci ildə rayonun icra başçısı ilə görüşərək ona torpaq sahəsinin ayrılması ilə əlaqədar müraciət edib.

İcra başçısı da onun təklifini müsbət cavablandıraraq, Moranlı kənd bələdiyyə sədri Adəm Mansurova  döyüşçünün torpaq sahəsi ilə təmin olunması ilə əlaqədar tapşırıq verib.

Üzərindən ilyarım keçsə də, Elnur Hüseynzadə hələ də torpaq sahəsi ilə təmin olunmayıb:

“2021-ci ilin yayında icra başçısı Siraqəddin Cabbarovun qəbulunda oldum. Müraciətim əkin vaxtına düşdüyü üçün Adəm Mansurov dedi ki, boş yer yoxdur, hamısı əkilib. Mənə gözləməyi tövsiyə etdi. Bildirdi ki, uzağı, iyirmi günə əkin sahələri boşalmalıdır. Bundan sonra sizə torpaq veriləcək. Üzərindən ilyarım keçib, hələ də torpaqla təmin olunmamışam”.

Elnur Hüzeynzadə deyir ki, işsizdir.

Topaq sahəsi alıb, orada əkin-biçinlə məşğul olmaq istəyir:

“Kənddə iş tapmaq çətindir. Torpaq olsa, çətin vəziyyətdən çıxaram. Adəm Mansurova dəfələrlə yazılı qaydada məktub göndərmişəm. “Bu gün-sabah”, – deyərək vaxtı uzadır. İcra başçısının tapşırığına da məhəl qoymur. Deyir ki, torpaq sahəsi nə zaman icarəyə çıxsa, onda mümkün olacaq. Mənim də iki-üç min manat pul verib, torpaq almağa imkanım. Yenə də kimsə həmin pulu verəcək, mən yenə də kənarada qalacağam”.

Sabirabad Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev Meydan TV-yə bildirib ki, veteran və şəhid ailələri torpaqla təmin olunublar:

“Müharibə iştirakçıları isə siyahılaşdırılıb. Onların torpaqla təmin olunması ilə əlaqədar qərar qəbul edilib. Müharibə iştirakçılarının hamısı torpaqla təmin olunacaqlar. Sadəcə, bizdən asılı olmayan məsələlər vardı. Həll etmişik, daxili imkanlar hesabına hamını torpaqla təmin edəcəyik”.

Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu bir müddət əvvəl Meydan TV-yə demişdi ki, bölgələrdə nəinki döyüşçülər, hətta şəhid ailələri və İkinci Qarabağ müharibəsi əlillərinin problemlərinə baxılmır:

“Prezident İlham Əliyevin tapşırığı var ki, İkinci Qarabağ müharibəsində şəhid olanların ailələri, əlillər və veteranlara xüsusi qayğı, diqqət göstərilsin. Əksər rayon icra hakimiyyətləri şəhid ailələri, veteran və Qarabağ əlillərinin müraciətlərinə məhəl qoymur. Baxırsan ki, hansısa rayonda məmurun, ya da icra başçısının üç min-beş min hektar torpağı var. Dədəsinin deyil, dövlətin torpağıdır. Torpaqların hamısını qanunsuz yollarla mənimsəyiblər. Deyirsən ki, qaziyə on hektar torpaq ver, vermir. Əksər rayonlarda bu problem var. Hərbi qulluqçu, veteranlara torpaq və ya mənzil verilməlidir. Heç birinə verilməyib”.

Rey Kərimoğlu həmçinin bildirmişdi ki, Qarabağ Qazilər Birliyi müharibə iştirakçılarının sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə proqram hazırlayıb:

“Qarabağ Qaziləri İctimai Birliyi olaraq on yeddi təklif göndərmişik. Təkliflərdən biri də odur ki, kənd təsərrüffatı rayonlarında şəhid ailələri, veteranlar, qazilər üçün torpaq sahəsi ayrılsın və onlara şəraiti yaradılsın. İcra hakimiyyətlərində yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin bəziləri heç bir iş görmürlər. Yaxud da qazinin birinə yardım edirlər, əllisi kənarda qalır”.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button