Qarabağdan köçən ermənilərin Yerevanda meydana çıxdığı bildirilir

Yayımlandı: 21 Mart 2024 16:17

Onlar beynəlxalq ictimaiyyətdən dəstək istəyirlər: “Bizə geri qayıtmaq imkanı verilsin”

Qarabağdan köç edən ermənilərin martın 20-də Yerevandakı Azadlıq meydanında hüquqlarına hörmət edilməsini tələbilə toplaşdıqları bildirilir.

“Beynəlxalq ictimaiyyət özünə gəlməli, Artsax (tanınmamış Dağlıq Qarabağ Respublikası-red.) xalqının başına gələnləri başa düşməli və dəqiq qiymət verməlidir. Bu, soyqırımdan və insanlığa qarşı cinayətdən başqa bir şey deyil. Biz tələb edirik ki, hüquqlarımız qorunsun və vətənimizə qayıtmaq imkanı verilsin”, – nümayişçilərdən biri bildirib.

“Artsaxın (Qarabağ) keçmiş dövlət naziri” kimi təqdim olunan Artak Beqlaryan vurğulayıb ki, onlar Dağlıq Qarabağa yalnız yüksək beynəlxalq təminatlar şəraitində qayıtmağa hazırdırlar.

“Mənim fikrim budur ki, istənilən birbaşa Azərbaycan üsul-idarəsi istisna edilməlidir, çünki bu qayda soyqırımı qaydasıdır. Beynəlxalq müdafiənin ən yüksək mexanizmləri olmalıdır, mümkün qədər beynəlxalq təhlükəsizliyə təminatlar olmalıdır. Biz orada suveren dövlətə, həyata rəhbərlik edə bilərik”, – Beqlaryan bildirib.

Aksiyaçıların bir çoxu beynəlxalq sülhməramlıların iştirakı ilə qayıtmağa hazır olduqlarını bildiriblər.

Daha öncə rəsmi Bakı ermənilərin Qarabağa qayıtması üçün onların Azərbaycan vətəndaşlığını qəbul etməsinin kifayət etdiyini bildirib.

Münaqişənin tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button