Qaraçayçek sakinləri məscidsiz qaldıqlarını deyirlər

Yayımlandı: 27 Mart 2024 12:52

Bələdiyyə də məscidin təhlükəli vəziyyətə düşdüyünü təsdiqləyir

Xaçmaz rayonunun Qaraçayçek kəndində yerləşən qədim məscid dağılmaq üzrədir. Bir əsrdən çox yaşı olan məscidin tavanı çürüyüb, divarlarında iri çatlar yaranır. Məscid yararsız hala düşdüyündən kənd sakinləri orada ibadət edə bilmirlər.

Bunu Meydan TV-yə kənd sakinləri bildiriblər.

Qaraçayçek kəndi rayon mərkəzindən 14 kilometrlik məsafədə yerləşir. 150 ildən artıq tarixə malik kənddə 600-dən artıq əhali yaşayır.

Sakinlərin sözlərinə görə, onlar özləri məscidi təmir etmək istəyiblər. Lakin binanın qədim olduğunu əsas gətirərək buna icazə verilməyib.

Sakinlərdən Nəsib Hacıyev deyib ki, uzun illərdir onlar məscidsiz qalıblar. Halbuki kənd əhalisinin yarıdan çoxu dini inanclıdır. Dini bayramlarda getməyə yer tapa bilmirlər.

Qaraçayçek kənd Bələdiyyəsinin sədri Arif Rəhimov məscidin təhlükəli vəziyyətə düşdüyünü təsdiqləyib. Bildirib ki, məscid binası xeyli müddətdir bərbad vəziyyətdədir:

“1930-cu ildə istifadəyə verilmiş bina təxminən on il olar ki, təmirsizdir”.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, məscid tarixi mədəni abidələrin reyestrinə daxil deyil, amma tarixi tikili reyestrə daxil edilməsi üçün qeydiyyata alınıb. Bina dövlət mühafizəsinə götürüldükdən sonra bərpası imkanlarına baxılacaq.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button