QMİ-dən Məhərrəmliklə bağlı fətva, Şeyxdən təxribat xəbərdarlığı

Aşura günü sentyabrın 20-də olacaq; QMİ sədri: “Xaricdən tapşırıq alan və maliyyələşən bəzi qruplar…”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib. Qazılar Şurası məlumat yayaraq bildirib ki, bu il Məhərrəm ayı sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək. Fətvada qeyd olunub ki, Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir.

Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir. Din xadimləri moizələrində Həzrət Hüseynin (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin açıqlanmasına, habelə vətən təəssübü və milli mənafelərimizin təbliğinə çalışmalıdırlar. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir və İmamin, Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Eləcə də, təziyə məclislərində uşaqların iştirakı qeyri-məqbuldur. Din xadimləri Qazılar Şurasının fətvasını məscidlərdə oxumalı və bu tövsiyələrə bütün dini mərasimlərdə əməl olunmalıdır. Din xadimləri və dindarlar ölkədəki mövcud sabitliyin qorunması üçün çalışmağa, dindən sui-istifadə edərək məhərrəmlik mərasimlərində qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı ayıq-sayıq olmağa, mümkün hər hansı təxribatın qarşısını almaq üçün asayiş keşikçilərinə yardımçı olmağa çağırılıb.

QMİ-dən həmçinin bildirilib ki, Məhərrəmlik ayı ilə əlaqədar olaraq bu il də adəti üzrə qanvermə aksiyaları keçiriləcək. Aksiyalar məscidlərlə yanaşı ibadət məkanlarına yaxın ərazilərdə yerləşən tibb məntəqələrində də həyata keçiriləcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov isə mətbuata açıqlamasında qeyd edib ki, Aşura mərasimi tədris dövrünə təsadüf etməsinə baxmayaraq, həmin günü bütün şagirdlər məktəbdə olmalıdır: “Biz uşaqların hüquqları ilə bağlı qanunvericiliyə riayət etməliyik və onlar dərsdən yayınmamalıdır. Aşura günü uşaqların dərsdən yayınmasına görə valideynlər də məsuliyyət daşıyacaq”.

S.Heydərov həmçinin bildirib ki, artıq Aşura mərasimi qanunlara hörmət əsasında, daha sivil formada keçirilir, baş yarmaq və digər hərəkətlə demək olar ki, yox dərəcəsindədir.

“Bəzən Məhərrəm ayı ilə bağlı sünni və şiələr arasında müəyyən fikir ayrılıqları yaratmaq istəyir və təxribata cəhd göstərirlər. Lakin Azərbaycan cəmiyyəti və Azərbaycan xalqı sünni və şiə ayrı-seçkiliyi salmadan həqiqətin nə olduğunu çox gözəl bilir”.

QMİ-dən təxribat xəbərdarlığlı ile ilgili görsel sonucu

Bu sözləri isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Seyxülislam Allahşükür Paşazadə deyib. O qeyd edib ki, Məhərrəm ayında belə təxribata cəhd edənlərin əsas niyyəti dini öz məqsədləri üçün istifadə etməkdir:

“Bu da, əlbəttə, xaricdən tapşırıq alan və maliyyələşən bəzi qrupların atdığı addımlardır”. Azərbaycanda dindarlarla dövlət arasında vəhdət və bir körpü yaranıb: Bu körpü daha da  möhkəmlənir. Dindarlarla dövlət vəhdəti yüksək səviyyədə qurulub. Əsas çağırışlar dövlətə qulluq və Allaha düzgün ibadət etməklə bağlıdır. Bu gün məscidlərin tikilməsi dinə, Allaha olan inamdan gəlir. Bu gün din sahəsində çalışanlara dövlət maddi dəstək verir, biz də bu inamı doğrultmalıyıq”.

Beləliklə, bütün müsəlman aləmində, o cümlədən Azərbaycanda sentyabrın 11-dən Məhərrəm ayı başlayacaq. Bəs Məhərrəmlik nədir və haradan gəlir?

Qeyd edək ki, bu ayın əsas hadisəsi Aşura və ya Kərbəla hadisəsidir. Hicrətin 61-ci ili (Miladi təqvimlə 680-ci il) Məhərrəm ayında İraqın Kərbəla çölündə baş verən qanlı hadisələr bütövlükdə İslam təqvimində ən mühüm hadisələrdən biridir. Məhərrəm ayının 10-cu (ərəbcə “əşərə”- Aşura) günü İslam Peyğəmbəri həzrət Məhəmmədin (s.ə.s.) nəvəsi, İmam Əlinin (ə) və Həzrət Fatimənin oğlu İmam Hüseyn (ə) ailə üzvləri və tərəfdarları ilə birlikdə Kərbəla çölündə şəhid olub.

Allahşükür ile ilgili görsel sonucu

Kərbəla çölündə hökumət qoşunları İmam Hüseyn (ə) və 72 tərəfdarından ibarət qrupu mühasirəyə alır. İmam tərəfdarları 10 gün davam edən mühasirənin 3 gününü susuz qalır. Nəhayət, Məhərrəm ayının 10-da Kufə valisinin qoşunları hücum edərək İmam Hüseyni (ə) iki oğlu, qardaşı, qardaşı oğlu, bacısı oğlanları da daxil olmaqla, 72 tərəfdarı ilə birlikdə şəhid edir. Kərbəla şəhidlərinin kəsilmiş başları əsir götürülmüş ailə üzvləri ilə birlikdə Kufəyə, sonra isə şəhərləri gəzdirməklə Dəməşqə aparılır. Müsəlmanlar bu hadisədən böyük üzüntü keçirərək Peyğəmbər (s.ə.s) nəvəsinə yas tuturlar. Sonradan bu mərasimlər hər il davamlı olaraq keçirilir, hər il müsəlmanlar Aşura qətliamını eyni baş vermiş qətl hadisəsi kimi qeyd edir, İmam Hüseyn və tərəfdarlarına yenicə dünyadan köçmüş insanlar kimi yas tuturlar.

Son illərdə müsbət hadisədir ki, Aşurada İmam Hüseynə əza saxlamaqla yanaşı, sosial yardımlaşma, ehtiyaclılara yardım, qan verilməsi kimi sosial aksiyalar da keçirilir.

“Yeni Müsavat”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button