Rahim Qazıyevin qızı Mehriban Əliyevaya müraciət etdi: “…təhdid olunuram!”

Redaksiyamıza sabiq Müdafiə nüziri Rahim Qazıyevin qızı Əzizova Şəbnəm Rahim qızı adından məktub daxil olub. Xural.com Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Xanım Mehriban Əliyevaya ünvanlanan bu açıq məktubu təqdim edir:

 

“Son zamanlar yaşadığımız və sonu gəlməyən problemlər, şiddət bu məktubu sizə ünvanlamağa məcbur etdi məni. Artıq iki ildən artıq bir müddətdə ardı arası kəsilməyən təhdid və həyati təhlükə içində yaşayırıq. 2017-ci ildən ayrıldığım (rəsmən 2019-cu ildə boşandığım) keçmiş həyat yoldaşım Əzizov Ramil Rafiq oğlu tərəfindən davamlı aqressiya və şiddət görürəm. Bu, həm mənə, həm də mənim ailə üzvlərimə ciddi təsir edir. Belə ki, 2017-ci ilin dekabr ayından Polis orqanlarına şikayət etməyimə baxmayaraq, bu insan haqqında ciddi tədbir görülmür.

2017-ci ilin dekabr ayında Xəzər Rayon 1 saylı polis bölməsinə tərəfimdən iki şikayət ərizəsi verilib. Cavabdeh sadəcə inzibati qaydada cərimlənib. Bundan sonra davamlı olaraq təzyiq və təhdidlərlə üz-üzə qalmışıq. Dəfələrlə ictimai yerlərdə hücumlara və təzyiqlərə məruz qalmışam (həm mən, həm də ailə üzvlərim). Lakin ailə məsələsi olduğuna görə şikayət etməmişik. Lakin durum get-gedə daha da dözülməz hala çevrilirdi.

Daha sonra 2019-cu ilin oktyabr ayında bacım Qazıyeva Aytən Rahim qızına məxsus “Opel Astra” markalı avtomobilə xəsarət yetirmiş və yan güzgülərini sındırmışdır və elə həmin gün Mətbuat Prospekti 18/7 mən. 32 ünvanına hücum etmişdir. Bu barədə Yasamal Rayon 28 saylı Polis bölməsinə şikayət etdik. Lakin yenə də inzibati qaydada cərimələnərək, heç bir ciddi tədbir görülməyib. Daha sonra 2020-ci ilin fevral ayında keçmiş həyat yoldaşım Əzizov Ramil Rafiq oğlu təkrar bacım Qazıyeva Aytən Rahim qızına məxsus “Opel Astra” Markalı avtomobilə xəsarət yetirərək 4 təkərini də kəsici alətlə deşmiş və binanın həyətində nalayiq ifadələr işlədərək uzaqlaşmışdır. Elə həmin ay, yəni 2020-ci ilin fevral ayında Əzizov Ramil Rafiq oğlu atam Qazıyev Rahim Həsən oğluna məxsus Mətbuat prospekti 18/7 ünvanında yerləşən mənzilə təkrar hücum etmiş və qapını sındırmışdır, atam Qazıyev Rahim Həsən oğlu evdən çıxarkən, binanın həyətində arxadan ona hücüm edib qaçmışdır. Bundan sonra Əzizov Ramil Rafiq oğluna qarşı AR CM-nin 221-1 maddəsi ilə cinayət içi qaldırılmış və həbs olunaraq müvəqqəti istintaq təcridxanasına göndərilmişdir. Lakin daha sonra həbs qəti imkan tədbiri ev dustaqlığı ilə əvəz olunaraq Əzizov Ramil Rafiq oğlu azadlığa buraxılmışdır. Lakin may ayının sonlarında Əzizov Ramil Rafiq oğlu təkrar atam Qazıyev Rahim Həsən oğluna arxadan hücum edərək xəsarət yetirmiş və qaçmışdır. Bu barəqə atam nə bizə nə də hüquq mühafizə orqanlarına xəbər verməmişdir.

Hal-hazırda Yasamal Rayon məhkəməsində Əzizov Ramil Rafiq oğlunun cinayət işi üzrə Cənab İslam Əliyevin sədrliyi ilə məhkəmə işi gedir. 12.06.2020 tarixində məhkəmə prossesi başa çatdıqdan bir neçə saat sonra atam Qazıyev Rahim Həsən oğluna hücüm olunmuşdur və başından küt alətlə vurularaq yaralanmışdır. Bu barədə Yasamal Rayon Polis idarəsinə məlumat verilmişdir. Hadisəni törədən və ya hadisəni sifariş edən şəxs məlumdur. Qərəz və cinayətin törədilmə forması eynidir. Lakin hələ bir tədbir görülməmişdir. Hörmətli Mehriban Xanım, bu məktubu sizə ünvanlayaraq özümün və ailə üzvlərimin təhlükəsizliyinin təmin olunmasının və cinayətkarın cəzalandırılmasının təmin olunmasını xahiş edirəm.

Davranış və əxlaq problemləri, pis alışqanlıqları, narkotik asılılığı olan Əzizov Ramil Rafiq oğunun ailəm, övladlarım və mənə yaratdığı həyati təhlükənin davam etdiyi bir müddət biz ciddi sıxıntı yaşayacağıq. Mən bir ana olaraq bir qız övladı, gələcəyin anası və bir oğul övladı, gələcəyin əsgərini tərbiyə edirəm. Övladlarımın pis təsir və pis nümunə görməməsi, tərbiyə və davranışlarında problem yaranmaması üçün əlimdən gələni edirəm. Biz ailəlikcə qanun və qaydalara riayət edirik. Bizə qarşı törədilən təhqir və hücumlara hüquqi şəkildə cavab verməyə çalışırıq. Bütün ailə üzvlərim, bacılarım və onların ailələri bu haldan ciddi narahatlıq keçirirlər. Mən Azərbaycan Respublikasının vətəndaşı olaraq Konstitusiya üzrə nəzərdə tutulmuş haqlarımın təmin olunmasını, azad yaşamaq hüquqlarımın keçmiş həyat yoldaşım tərəfindən pozulmasının qarşısının alınmasını sizdən xahiş edirəm.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button