Rusiya Şimali Koreyaya görə BMT sanksiyalarını pozdu

Birləşmiş Millətlər Təşkilatının (BMT) 2017-ci ildə nüvə silahı sınaqlarına cavab olaraq Koreyaya Xalq Demokratik Respublikasına (KXDR) qoyduğu sanksiyalara baxmayaraq, Rusiya bu ölkəyə birbaşa neft tədarük etməyə başlayıb.

Bu barədə “The Financial Times” qəzeti yazır.

Nəşrin məlumatına görə, neft daşımaları martın 7-də başlayıb – bunlar BMT sanksiyalarının tətbiqindən sonra ilk sənədləşdirilmiş tədarüklərdir. Peyk çəkilişlərinə görə, mart ayında Rusiyanın Uzaq Şərqdəki Vostoçnı limanından ən azı beş Şimali Koreya neft tankeri çıxıb. “The Financial Times”da yazılıb ki, iki gəmi daha sonra KXDR-in Çxoncin limanına doğru yola düşüb, görünür, orada boşaldılıblar.

Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) tədqiqatçısı Cozef Birnin sözlərinə görə, bu gəmilərin bəziləri BMT-nin siyahısındadır, yəni onlar hətta xarici limanlara belə girə bilməzlər.

“Bu neft daşımaları indi dağılmaq ərəfəsində olan sanksiyalar rejiminə tammiqyaslı hücumu ehtiva edir”, – BMT-nin KXDR-ə sanksiyalarına nəzarət edən qrupunun keçmiş koordinatoru Hyu Qriffits bildirib.

“The Financial Times”da yazılana görə, ötən ilin avqustunda KXDR Rusiyanı Ukrayna ilə müharibədə sursatla təchiz etməyə başlayıb. RUSİ-nin məlumatına görə, Vostoçnı limanı həm də silah daşıdıqları güman olunan Rusiya gəmiləri üçün yükboşaltma məntəqəsi kimi istifadə edilib.

“İndi gördüyümüz açıq-aşkar “neft əvəzində silah-sursat” barteri razılaşmasıdır ki, bu da Vladimir Putinin şəxsən imzaladığı sanksiyaları açıq şəkildə pozur”, – H.Qriffits əlavə edir.

Kremlin sözçüsü Dmitri Peskov məsələyə şərh verməkdən imtina edib.

Fevralda “The New York Times” yazıb ki, Rusiya döyüş sursatı əvəzində KXDR-ə qlobal maliyyə sisteminə çıxış əldə etməyə imkan verib. Həmçinin, bu ölkənin BMT-nin sanksiyalarına məruz qalan aktivlərinin bir hissəsini blokdan çıxarıb. Bundan əlavə, mənbələr bildirir ki, Moskva Pxenyana Cənubi Osetiya ərazisində bank hesabı açmağa icazə verib. Gürcüstan ona məxsus Cənubi Osetiyanı Rusiyanın işğal etdiyini bildirir.

2023-cü ilin oktyabrında Ağ evin milli təhlükəsizlik üzrə müşaviri Con Kirbi KXDR-in Rusiyaya silah-sursat göndərdiyini bildirib. Ağ ev həmin ölkənin anbardan döyüş sursatı göndərildiyini əks etdirən foto yayımlayıb. Bildirildiyinə görə, silahlar Rusiya bayraqlı gəmiyə yüklənərək bu ölkənin cənub-qərb sərhədindəki anbara göndərilib.

BMT Təhlükəsizlik Şurasının yeddi üzvü Rusiyanı Pxenyanla hərbi-texniki əməkdaşlığa qoyulan embarqonu pozmaqda ittiham edib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button