Rusiyada seçkilərin son günü: müxalifətin aksiyasına dəstək verənlər saxlanılıb

Yayımlandı: 17 Mart 2024 20:47

70-dən çox fəalın polisə aparıldığı bildirilir

Martın 17-də Rusiyada Prezident seçkilərinin sonuncu günüdür.

Moskva vaxtı ilə saat 16:02-ə olan məlumata görə, ölkə üzrə seçici fəallığı 70,01 faiz təşkil edib.

Bu, 15 və 16 martdakı fəallıqdan çoxdur.

Mərkəzi Seçki Komissiyası bildirib ki, səsvermənin birinci günü seçici fəallığı 38, ikinci günü isə 60 faizi keçib.

Foto: spektr.press

Bununla bərabər saat 17-ə olan məlumata görə, 17 şəhərdə 75-dən çox adam saxlanılıb.

Bu barədə “ovd.info” məlumat yayıb.

Sayt bildirir ki, saxlanıların sayı hər bir polis idarəsində dərc edilmiş siyahılarda göstərilənlərdən daha çox ola bilər.

Ən çox həbs hələ ki Kazandadır: 29 nəfər. Moskvada azı 19 saxlanılan var. Məsələn, bülletendə “Müharibəyə yox” yazan Elmira Yakupovanı təhlükəsizlik qüvvələri şöbəyə aparıblar. Onun telefonu əlindən alınıb. Sankt-Peterburqda azı 6, Volqoqrad və Çelyabinskdə isə 3 nəfər saxlanılıb”, – deyə məlumatda qeyd olunub.

Rusiyanın İstintaq Komitəsi “seçki komissiyalarının işinə mane olmaq” maddəsi ilə azı 15 cinayət işi açdığını qeyd edib.

Foto: Reuters

Saxlanılanların çoxu Rusiya müxalifətinin seçkilər zamanı “Putin əleyhinə günorta” etiraz aksiyasına qatılanlar olub.

Qeyd olunub ki, paytaxt Moskva daxil olmaqla Sankt-Peterburqda, İrkutskda, Permdə, Murmanskda, Yekaterinburqda, Kazanda, Pskovda və bir çox başqa şəhərlərdə “Putin əleyhinə günorta” aksiyaları müşahidə olunub.

Aksiya ölkə xaricində Rusiyanın Budapeştdə, Lyüksemburqda, Berlində, Stokolmda, Belqradda, Haaqada, Qdanskda, Yerevandakı səfirlikləri qarşısında da keçirilib.

Seçki günü ən çox gərginlik Belqrad vilayətində olub.

“Rusiyanın azadlığı legionu”nun “Telegram” kanalının bildirdiyinə görə, vilayətin Qorkovski qəsəbəsi Ukrayna tərəfdə savaşan “Rusiyanın azadlığı” legionunun nəzarətinə keçib:

“Hərbi əməliyyat “içkeriyalı könüllülər”lə birgə aparılıb”.

“Rusiyanın azadlığı” legionu rusiyalı əsir və könüllülərdən ibarət hərbi birləşmədir və Ukrayna Silahlı Qüvvələrinə tabedir.

2023-cü ilin martında Rusiyanın Ali Məhkəməsi legionu terror təşkilatı kimi tanıyıb. 

Rusiya XİN binası. Foto: Aleksey Qolubkov, Spektr. Press

Rusiya Xarici İşlər Nazirliyi (XİN) səsvermə prosesinə xaricdən müdaxilə etdiyini açıqlayıb.

Prezident seçkisinə müdaxilə bütün dost olmayan ölkələrdən gəlir. Bu prosesdə ABŞ və Almaniya liderlik etdi”, – XİN qeyd edib.

Bugünkü seçkidə 4 namizəd iştirak edir: beşinci müddətə namizədliyini irəli sürmüş hazırkı ölkə başçısı Vladimir Putin, Liberal Demokrat Partiyasının lideri Leonid Slutski, Kommunist Partiyasının namizədi Nikolay Xaritonov, “Yeni İnsanlar” blokunun namizədi Vladislav Davankov.

Rusiyada sonuncu dəfə Prezident seçkiləri 2018-ci ilin martında keçirilib.

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırkı Prezident Vladimir Putin həmin seçkilərdə 76,69 faiz səs toplayıb.

2000-ci ildən 2008-ci ilə qədər prezidentlik müddətini nəzərə aldıqda Vladimir Putin dördüncü dəfə Rusiyanın Prezidenti seçilib.

2008-2012-ci illərdə Rusiyanın Prezidenti Dmitri Medvedyev olub.

O, hazırda Təhlükəsizlik Şurasının sədridir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button