Rusiyaya satışı qadağan edilən avtomobillərin Azərbaycan vasitəsilə ötürüldüyü bildirilir

Yayımlandı: 12 Mart 2024 20:22

“Avtomobillər Britaniyadan Azərbaycana, Azərbaycandan isə Rusiyaya ixrac olunur”

Rusiyaya qarşı Qərb sanksiyalarına baxmayaraq Britaniya istehsalı olan bahalı avtomobillər üçüncü ölkələr vasitəsilə Rusiyaya çatdırılır.

Britaniyanın “SkyNews” telekanalının saytında dərc olunmuş xəbərdə deyilir ki, Ukraynaya hərbi müdaxiləsindən və sanksiyaların tətbiqindən sonra Britaniya avtomobil istehsalçıları artıq Rusiyaya avtomobil satmırlar.

Ən azından iddia etdikləri budur. İkili istifadə sanksiyaları adlanan rejim çərçivəsində Rusiyaya idxalı qadağan edilən əşyalar arasında avtomobillər də var.

Dəyəri 42 min funt sterlinqdən yuxarı olan lüks avtomobillərin Rusiyaya satışına xüsusi qadağa qoyulub.

Bununla yanaşı, postsovet məkanının digər ölkələrinə avtomobil ixracı kəskin şəkildə artıb.

Bu ölkələrdən biri də Azərbaycandır.

10 milyon əhalisi olan və ümumi daxili məhsulu Qananın ümumi daxili məhsuluna uyğun gələn bir ölkə bir neçə ilin içində Avstriya, Portuqaliya və İsveçi qabaqlayaraq, dəyər baxımından Britaniyanın 16-cı ən böyük avtomobil ixracatçısına çevrilib.

Britaniyanın Vergi və Gömrük Rüsumları İdarəsinin (HMRC) rəsmi məlumatlarına görə, bu ölkə 2023-cü ildə Azərbaycana 273 milyon funt sterlinq dəyərində avtomobil ixrac edib ki, bu da Rusiyanın Ukraynaya təcavüzündən əvvəlki 5 illik dövrlə müqayisədə 1860% artım deməkdir.

Satılan avtomobillərin sayını və ümumi dəyəri də göstərən HMRC məlumat bazasında qeyd olunur ki, Azərbaycana ixrac edilən Britaniya avtomobillərinin orta dəyəri 100 min funt sterlinqdən çox olub.

Bu, idxalın əsasən və ya eksklüziv olaraq lüks avtomobillər olduğunu göstərir.

Azərbaycana ixracın artımı nəinki görünməmiş, həm də miqyasına görə sanksiyalardan əvvəlki iki ildə Rusiyaya illik avtomobil ixracı ilə müqayisə edilə bilər ki, bu da orta hesabla 330 milyon funt-sterlinqdir.

Britaniyanın HMRC statistikasına əlavə olaraq “Sky News” BMT-nin beynəlxalq ticarət məlumatlarını təhlil edib.

Məlum olub ki, avtomobillərin Britaniyadan Azərbaycana, Azərbaycandan isə Rusiyaya ixracı sıçrayışla artıb.

“Sky News”a verilən məlumatlara görə, Britaniyadan Azərbaycana yüklərin daşınması üçün ən çox istifadə edilən liman “Bristol” olub ki, bu liman daha əvvəl heç vaxt bir il ərzində ölkəyə bir neçə milyon funt-sterlinq dəyərində mal ixrac etməyib.

Ukraynada müharibə başlyandan sonra iki il ərzində ixrac ildə 100 milyon funt sterlinqə yüksəlib.

Britaniya avtomobil istehsalçıları bütün sanksiyalara əməl etdiklərini təkid edilər.

Lakin ekspertlər üçüncü ölkələr vasitəsilə Rusiyaya daxil olan malların axınını izləməyin faktiki olaraq mümkün olmadığını deyirlər.

Nəşr yazır ki, Almaniya istehsalı avtomobillər Rusiyaya Qırğızıstan vasitəsilə çatdırılır.

Londondakı “Royal United Services İnstitutu”nun (RUSI) Maliyyə Cinayətləri Mərkəzinin direktoru Tom Kitinq deyir ki, Azərbaycan, Ermənistan və Rusiya arasında sıx iqtisadi bağların olması aşkardır və bu səbəbdən də bu əraziyə çatdırılan avtomobilin son mənzilini aşkar etmək olmur:

Amma avtomobil ixracına gəldikdə özünə belə bir sual verməlisən: “Mən düşünmürəm ki, birdən-birə ortalığa çıxan bu ixracatçı 100 avtomobil alırsa, onları üçüncü bir ölkəyə ixrac etməyəcək. Yoxsa onun əsl məqsədi sanksiyalardan yan keçib Rusiyaya maşın satmaqdır?”.

Bugünlərdə Litva kəşfiyyat xidmətləri Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək edən şirkətlər aşkarlayıblar.

Bu şirkətlərin çoxu anbar, nəqliyyat və gömrük xidmətləri göstərir. Xüsusilə, onlar Rusiyaya nəqliyyat sektoru üçün komponentlərin, metal emalı və laboratoriya avadanlıqlarının, elektronika, mikroelektronika və komponentlərin, eləcə də hərbi məhsulların ixracına kömək edir.

Finlandiyada isə Fransa vətəndaşı Qabriel Temini ixrac məhdudiyyətlərini pozduğuna görə 9 aylıq şərti həbs cəzasına məhkum edilib.

Temin beynəlxalq daşımalar və anbarlarla məşğul olan Finlandiyanın “Luminor” və “Siberica” şirkətlərinin baş direktorudur.

İş adamı 2023-cü ilin sentyabrında həbs edilib.

İttiham tərəfinin fikrincə, onun şirkətləri sanksiyalardan yayınaraq Rusiyaya müxtəlif məhsullar göndərib.

Rusiya 2022-cil fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button