Səsin üç rəngi

“Bayraq Adam” Ağalar Bayramov!

III-Son yazı

Bu günlərdə Ağalar Bayramovun 57 yaşı tamam oldu. Ölkəmizin tanınmış və sevilən bu bədii qiraət ustasının haqqında o qədər xoş və maraqlı münasibətlər var ki, biz bu haqda zaman-zaman Oxucularımızla paylaşmış, bölüşmüşük. Hörmətli və sevimli səs ustasının bu xoş günündə Əli Rza Xələflinin onun haqqında yazdığı bir yazısını dərc etməklə Ağalar Bayramovu təbrik edir, onun möhtəşəm səsindən işğalda olan torpaqlarımızın xilas xəbərini duymaq istəyirik.

O göy rəngin çoxdan bəri ulu göylərdə itmiş əks-sədasıdır.

Maddənin itməməsi qanunu var, bir haldan başqa hala çevrilməsi qanunu var. Böyük axının əbədi yoxluğundan söhbət gedə bilməz. O böyük axın yerın təkinə çökəndə səsə çevrilib göylərə qalxıb. XX əsrin 50-ci illərində doğulan uşağın səsi ilə yenidən qayıdıb.

Qayıdıb ki, bir daha bizə çatdırsın: dünyanın dəyişdiyi məqamda, sərhədləri yenidən dəyişdirmək xülyasına düşənlərin qulağında guruldasın: “Eheyy! Yaddaşınızı oyadın. Mən gəlirəm, yenidən gəlirəm, təzədən gəlirəm. XXI əsrin köhləni mənimdir. Bu köhlənin dırnaqlarından sıçrayan gözünüzü deşər, bədxahlarım!”

“Can verərik, qan verərik, amma bir çınqı da vermərik”. Bu, dişi türk aslanının səsidir. Və Ağaların dilindən bütün əzəməti, gücü, qüdrəti ilə səslənir.

Səsin qırmızı rəngi…

Bu, səsin döyüş çalarıdır. Bu, səsin qan rəngidir. Ağaların səsindəki qırmızı çaların üfüqü boyu baxıram, qıpqırmızı rəng görürəm. Arazı da qırmızı rəngdə görürəm, Xəzəri də qırmızı rəngdə görürəm. Ağaların səsinin qırmızı çalarından qıpqırmızı yağışlar yağır. Bu qıpqırmızı yağışlar bizim suyumuz, çörəyimizdir. Ağaların səsinin qırmızı rəngi Azərbaycan Ordusudur – “Öncə Vətəndir!”

Bu ikicə kəlməni – “Öncə Vətəndir!” – sədasını dinləyən əsgərin qanı qaynayır.

“Öncə Vətəndir!” sədasından torpağın bağrı yarılır, yer ayaq altında dayanmır. Dizində təpər, ayağında güc olmalıdır, ayağını o yerə möhkəm basmalısan, elə basmalısan, ayağının altından yer qaçmasın.

Ağaların “Öncə Vətəndir!” sədası əsgərin uyuyan gücünü üzə çıxarır, gözlərdə ildırıma, şimşəyə çevrilir.

Goranboyda – bir hərbi hissədə əsgərlərlə görüş zamanı Ağaların “Öncə!” sədasından əvvəl əsgərlərin əldə çəpinə tutduğu silaha baxırdım. Hər şey qayda-qanunla idi. Amma Ağaların səsindən sonra əsgərlərin əlindəki silahın barmaqlar arasında necə sıxıldığını öz gözlərimlə görmüşəm. Və ilk dəfə Ağalara “Bayraq Adam” adını orada vermişəm.

Ağalar öndə gedən əsgərdi. Çünki Bayraq Adamdı – bayraq öndə olar. Bəzən hisslərimi cilovlayıb ağlımı, düşüncəmı köməyə çağırıram. Ağalar alovlananda, yananda onun yanında olmaq istəyirəm. Ona demək istəyirəm ki, özünü tamam yandırmağa çalışma. Bəlkə həmin anda Ağalara bu sözü demək mümkün olsa, çilik-çilik olan şüşə kimi sınıb-tökülər.

Agalar Bayramova o yanmaq anında yanma demək dünyanın ən böyük günahı olardı.

Qırmızı rəng, sən əqidəsən, əməlsən, amalsan. Sən o göy rəngin davamısan. O göy rəng bu gün yaşamazdı sən olmasaydın. Sən mübarizəsən. Tarixin, ulu kökün üstündə baş qaldıran – bədxahların əliylə, yağıların hiyləsi, kələyiylə üstümüzə atılmış və bizi yerin üstünə basan ağır yük var, daş var – daş qaldıran gücün var, qüdrətin var.

Tarix o zaman yaşarı olur ki, onun uğrunda mübarizə aparılır. Bəzən mənim belə ifadələrimə etiraz edənlər tapılır. Mən tarixi canlı orqanizm kimi təsəvvür edirəm, mən tarixi insanlığın özü kimi təsəvvür edirəm, mən tarixi Vətən kimi görürəm.

Bayraq Adamların timsalında tarix canlıdır, Bayraq Adamların timsalında tarix mübarizədir, döyüşçüdür, hərb meydanıdır, olum və ölümün çarpışma anıdır.

Ağaların səsində yaşıl rəng mənəviyyatdır; tarix boyu mübarizələrlə yaradılmış mənəviyyat, hər cür tənə və təhdidlərin, təcavüzlərin qabağına sipər olan mənəviyyat. Özünü qoruma instinktidir, heysiyyətidir.

Ağaların səsində mən yaşıl rəng görürəm. Bütün Şərqi birləşdirən yaşıl rəng, bütün Şərqi səfərbər edən yaşıl rəng. Bu yaşıl rənglə Bayraq Adamın bütövlüyü tamamlanır. Ağalar Bayramov öz sənəti ilə bu üç rəngi birləşdirən sənətkardır.

Hər birimizin daxili dünyamızda bardaş qurub əyləşmiş, arın-arxayın cavabını gözləyən suallar yığını var. Kimsə deyə bilməz ki, bu suallar nə vaxt onun içindən çıxıb gedəcək. Hər bir insan övladı daşıyır bu sualları. Varlı da, kasıb da, xəzinəsi aşıb-daşan da, cibi boş olan da… Bezmir bu sualları özünə yük eləyib ömrü boyu daşımaqdan; hər kəs bu sualları uşaqlığından gəncliyinə ötürür, gəncliyindən cavanlığına verir, cavanlığından qocalığına keçirir. Dünyadan köçən adamların gözünə baxmısınızsa, onun gözlərində son nəfəsin sonuncu həddi gəlməmiş bir işıq yanır. Bəlkə də bu, daxili bir dünyanın hakim sualının cavabıdır: – Axırı budurmu? Mən də bunu ömrüm boyu cavabını tapmadığım bir sual kimi ıçımdə yaşatmışam…

Ağalar Bayramov kimi sənətkarların fenomenal, istedad sirləri ilə dolu dünyasına vaqiflik mümkün olsaydı, bəlkə də həmin sualların cavablarını tapmaq olardı. Mən deməzdim ki, Ağalar Bayramovun özü öz dünyasında belə suallar daşımır. Ağalar Bayramov istedadını Tanrıdan alsa da, onu da bir ana doğub. O da bir yüyrükdə yüyrülüb, onun da başının üstündə yuxusuzluğa sinə gərən bir ananın laylası eşidilib. Amma Ağalar Bayramovla onun sənətini duyanların, bu sənətə pərəstiş edənlərin arasında bir fərq var: onun şirin, bal kimi dadlı ləhcəsiylə dinlənilən sənət lövhələri bizi yüngülləşdirir. Hər kəsi öz çiynində daşıdığı yükdən bir anlığa da olsa azad edir. Üzümüzə-gözümüzə nur çilənir: səbəbı? Çünki biz daxilı dünyamızda yatan o suallara cavab tapmış oluruq. İstər-istəməz zaman-zaman cavabını sənətin verdiyi həmin suallar elə sənətkarların özlərinin də qarşısında boyun bükdüyü, səcdə etdiyi suallardır.

Aydın Məmmədov – tənqidçı və publisist, Azərbaycanın XX əsr natiqlik sənətinin nadir nümayəndələrindən biri – mən ona “Domosfen” deyirdim. Antik dünyanın qüdrətli natiqinin adını ona təsadüfi verməmişdim. Aydın Məmmədovun “Son giley”indən bir parçanı yada salıram: “Bizə nə vəd olunub? Biz nə istəyirik? Bizə vəd olunan şeyin mahiyyətini, qiymətini, dəyərini özümüz üçün düzgünmü müəyyənləşdirmişik. Və yaxud dəli kimi hayqıra-hayqıra, qışqıra-qışqıra, bir-birimizi itələyə-itələyə, dümsükləyə-dümsükləyə, gah yavaş, gah yorğa, gah da nəfəsi kəsilə-kəsilə, sürünə-sürünə işığına getmiş olduğumuz o arzu deyilən bir şeyin özü bizim üçün tam aydınlığı ilə bəllidirmi, mahiyyətini bilirikmi? Bilirikmi ki, bu bizim doğrudan da həyatımız boyu arzuladığımız, gözlədiyimiz o böyük arzudur, yoxsa bu da milyon-milyon arzularımız kimi bir yol dolanbacında, bir dalanda qismətimizə çıxandan sonra dişimizə vurub ayaqlarımızın altına tullayacağımız və üstündən adlayıb keçəcəyimiz arzulardan biridir? Yüz minlərlə suallarımız var. Və bu sualları elə bil dünya bir dərd kimi, bir sər kimi, bir yağış kimi, qar kimi atıb bizim üstümüzə. Biz də bu sualları çuvallarımıza yığır, qucaq-qucaq, anbar-anbar toplayırıq. Və Allahın bir insaflı bəndəsi də yoxdur deyə ki, ay insan, bu qədər sualları dağ anbarı yığmısan üst-üstə, bəs onların hansı birinin cavabını tapmısan? Və yaxud cavabini tapmağa iqtidarın, ağlın və gücün var?” (Aydın Məmmədov, “Son giley”. Səh.91).

Bu sualların heç birisinə Aydın Məmmədov cavab istəmirdi. Cavab hər kəsin daxili dünyasında qoruduğu və ancaq özünə məlum olan sirlərlə bağlıdır. Və mən parlaq, aydın bir nitqlə danışan Ağalar Bayramovun səsinin, intonasiyasının və onun öz varlığını ifadə edən poeziyasının özündə görürəm bu cavabları.

Bir dəfə atam məndən soruşdu:

– Necəsən, necə dolanırsan?
Dedim, “belə”. “Səhərdən axşamacan qan-tər içində çalışıram, ortalıqda bir şey yoxdur”.
Dedi:
– Elə demə, yaşına, boyuna görə kifayət qədər varlısan.
Dedim:
– Necə, varlıyam?
– Bəli, varlısan, əgər səni dinləyən, yeri gələndə eşitmək istəyən varsa, demək
varlısan. Mən çox görmüşəm sən danışmaq üçün ayağa qalxanda çoxları dinləyir. Daha varlı olmaq nəyə deyirsən?
Bu hesabla götürəndə Ağalar Bayramov bizim Azərbaycanımızın ən varlı adamlarından biridir. Çünki onun səsini ekrandan, efirdən Azərbaycan dilinin dadı-tamı ilə yaşayan hər bir soydaşımız nəfəs çəkmədən dinləyir.

Ağalar Bayramov dinlənilən, eşidilən, səsi göydə tutiya kimi tutulan sənətkardır. Onun səsi yerə düşmür, hissə-hissə, parça-parça göydəcə tutulur, gözlərə təpilir, ruhlara yeyilir.

Ağalar Bayramov ürəyinə, qəlbinə, mənəvi dünyasına güvənən sənətkardır. Çünki onun çox böyük arxası, dayağı var. O, çox qüdrətli bir dağa söykənib. Bu dağ qüdrətinə iman gətirdiyimiz, gücünə inandığımız dildir – Azərbaycan dilimiz. Qadasın aldığımız, başına döndüyümüz, müdriklərin, ərənlərin əvəzində can verdiyi dilimiz, Şəhriyar demiş: ehtizazlı dilimiz, doşablı-ballı dilimiz, pətəkli dilimiz.

Nə üçün Ağalar Bayramov sənətinə bu qədər vurğunluqla danışıram. Çünki o, dilin özünə, sənətinə vurğun sənərkardır. Çünki o, ürəyinin, qəlbinin çağırışı ilə bu uzaq və çətin yolda yorulmur. Qəlbinin, ürəyinin çağırışına gedir. Ürəyi, hissi, mənəvi dünyası həmişə ondan öndədir.

XIX əsr Azərbaycan klassik şeirinin çox görkəmli nümayəndələrindən biri və təəssüf ki, çarizm dövründə özü, eləcə də sovet dönəmində yaradıcılığı repressiya olunan, Azərbaycanda təqib olunan, Türkiyədə təqib olunan və eyni zamanda, geniş xalq kütlələri tərəfindən həmişə sevilən və əziz tutulan Seyid Nigari vurğunluğu, məcnunluğu, fərhadlığı, nəsimiliyi, cavidliyi, müşfiqliyi belə ifadə edir:

Sərxoş olmuş badeyi-ləlinə, çalmış daşlarə,
Tişələr eşqin yolunda can verən mərdanələr.

Tişə canlıdır, tişə dağı ona görə çapır, yarır, daşları ona görə yonur ki, ondan süd arxı çəkiləcək Şirin üçün. O daşdan Şirinin bənzəri olan heykəl yaranacaq. Və bu eşqin yolunda hər tişə özü parça-parça olan, əzilən, həlak olan və həlak olmağından “uf” deməyən mərdanədir.

Yenə Seyid Nigari divanından Ağalar Bayramov əhvalına uyğun daha iki misra:

Kərbəla atəşi, ey vah, cigərgahimdən,
Baş verib, dil yağılar, sinə yanar, can ağlar.

Rəhmətlik Aydın Məmmədov deyirdi ki, kütlə sevdiyi şəxsi həmişə gözlərinin qabağında görmək istər. İstər hakimlik taxtı olsun, istərsə də dar ağacı. Ağalar Bayramov hamımızın istədiyi və qəlbimizə hakim olmağı bacaran, ruhumuza yön, qəlbimizin həqiqətlərinə qanad verən sənətkardır. Ağalar Bayramov sənəti hamımızın əvəzində vuruşan sənətkardır.
Dünyaya mədəsinin gözü ilə baxanların Ağalar Bayramovdan xoşu gəlməz, iştahası pozular. Çünki o, bizə dünyamızın bilmədiyimiz sirlərini açır. Və elə bizim özümüzün ən qüdrətli hakim olduğumuzu bizə xatırladır. Ağalar Bayramov haqqında danışanda Pilatla İsanın qarşılaşma səhnəsi yadıma düşür: “Pilat soruşdu:

-…Nə etmisən?

İsa cavab verdi: “Mənim Səltənətim bu dünyadan deyildir; əgər Mənim Səltənətim bu dünyadan olsaydı, nökərlərim cəhd edərdilər ki, mən yəhudi idarəçilərə təslim edilməyim; lakin indi mənim Səltənətim buradan deyildir.”

Pilat ona dedi: “Demək Sən hökmdarsan?” İsa cavab verdi: “Doğru deyirsən: Mən hökmdaram. Mən bunun üçün doğulmuşam və bunun üçün dünyaya gəlmişəm ki, həqiqətə şəhadət edim. Həqiqət tərəfdarı olan hər kəs Mənim səsimi eşidir.”

Pilat Ona: “Həqiqət nədir?” dedi. Bunu dedikdən sonra təkrar eşiyə, yəhudilərin yanına çıxıb dedi: “Mən onda heç bir günah tapmıram!”

Axı sizdə belə bir adət var ki, pasxada sizə bir adamı həbsxanadan azad edim; indi Yəhudilərin Hökmdarını azad etməyimi istəyirsinizmi?”

O vaxt yenə bağırıb dedilər: “Bu Adamı yox, Barabbanı!” Barabba isə quldur idi.” (“İncil”, səh.193).

Bəlkə heç vaxt bir də belə bir mənzərə təkrar oluna bilməz. Bəlkə heç vaxt insanlar mənəvi dünyalarının hakimini quldurla dəyişməzlər. Kahinlər İsanı Pilatın yanına gətirirlər. Pilat romalı idi – yəni yəhudi deyildi. Həmin gün isə pasxa bayram olub. Bayram günləri yəhudi kahinlər qeyri-yəhudi hakimin iqamətgahına girsəydilər, napak hesab olunardılar. Demək, onlar pasxa yeməyini yeyə bilməzdilər. Kahinlər içəri girmirlər. İsanı ölümün ağzına itələyib bayırdan ona ölüm tələb edirlər. Halbuki bircə qarın yeməyin ucbatından onlar öz əqidələrinin arxasınca yeriyə bilmirlər.

Əlbəttə, mən Pilata bəraət vermək istəməzdim, ancaq hər halda Pilat kahinlərdən soruşur ki, biz bu gün adətə görə bir nəfəri azad edə bilərik. Bəlkə İsanı təqsirsiz olduğuna görə yox, elə buna görə azad edək?

Kahinlər bir quldurun azadlığını tələb edirlər. Bu, iki min il bundan əvvəlin faciəsidir. İki min ildən sonra dünyaya hakimlik iddiasında olanların yer üzünə bomba, mərmi yağışı yağdırmasına nə ad vermək olar?

Ağalar Bayramovun od-alov püskürən nəfəsi iki min il bundan əvvəlki o faciənin üstündəki qara örtüyü yandırmağa xidmət edir. Hər dəfə də Babəkin adı Ağalar Bayramovun dilindən səslənəndə ətrafa baxıram; elə bilirəm ki, Babək Xürrəminin atı Qarabağ bələnlərində elə indicə kişnəyəcək.

Ağalar Bayramov min il bundan əvvəl dünyasını dəyişmiş olanların ruhunu öz içində yaşadan sənətkardır.
Ağalar Bayramov müqəddəs ayparanın köksünə sığınmış səkkizguşəli ulduzdur.

Mən dostcanlı, qohumcanlı, millətsevər, yurdsevər Ağalar Bayramova təkcə Azərbaycan xalqının artisti deməzdim. Azərbaycan xalqının cavan müdriki deyərdim, Azərbaycan xalqının əsgəri deyərdim, Azərbaycan xalqının böyük vətənsevəri deyərdim.

Elə bilirəm ki, heç bir rəsmi ad və titulla əvəz oluna bilməz bu dəyərlər. O dəyərlər ki, onlar Ağalar Bayramovun mənəviyyatında bütövləşir, birləşir.

…”Şuşanı qaytardılar”

…Qonşularım məni yaman qınadılar. Amma əvəzində Ağalar sənətinin qüdrətini, insanların Şuşa həsbəndini, sözə, sənətə inam gördüm. Və bildim ki, bir gün Ağalar hay vurub desə ki, indi Şuşaya getmək vaxtıdır, ona hamı inanacaq.

Niyə inanacaqlar? Bunun sirri nədir? Çünki Ağalar tək özü deyil, o, tarixin özündən gələn, varlığımızı özündə ehtiva etmiş sənətkardır. Bayraq Adam – Ağalar Soltan Nəcəfovun, Müxlis Qənizadənin, Kazım Ziyanın, Səməndər Rzayevin…, Aşıq Ələsgərin, Məmməd Arazın, Söhrab Tahirin, Səməd Vurğunun… tarixi-xronoloji ardıcıllığı gözləyib-gözləmədən deyərdim ki, bizim sənət dünyamızın göylərə çəkilmiş ruhlarının bu gün yaşayan daşıyıcısıdır; kimisinin səs daşıyıcısı, kimisinin söz daşıyıcısı.

O, bizim üçün işıq olan ruhları mənəviyyatına çağırmış bir sənətkardır. Ağalar Bayramovun sevilməsinin, uca tutulmasının kökü, rişələri xalqın bağrının ümman dərinliyinəcən işləmişdir.

Ağalar Bayramovun köksü həssas vulkan yatağıdır. Hər dəfə Azərbaycan poeziyasının ən nadir inciləri ilə o həssas vulkan yatağı yenidən püskürməyə başlayır. Vulkana yaxın getsən yandırar, məhv edər, uzaqdan onun gözəlliyi göz oxşayar. Vulkan təbiət hadisəsidir. Cəmiyyətin özünün vulkanları var ki, onlar Ağalar kimilərinin timsalında görünür.
Hər dəfə Ağaların səsini eşidən bir qərib xəyalı ilə öz yurduna qonaq gedir. Ağaların səsini eşidəndə unudulmuşlar yada düşür. Ağaların səsi yatmış beyinlər üçün dərmandır, iksirdir.

…Bir də kürən atın kişnərtisini yada salmışdım.

O kürən at mənə çox tanış gəlir. Alnının qaşqası, ayağının səkili ilə. O, Qarabağ atıdır.

Göylərdə kəsilməyən bir kişnərti dolanır.

Göylərdə dolaşan o kəsilməyən kişnərtinin Ağalar Bayramovun səsinə çox bənzəri var…

Əli Rza Xələfli

“Xural” qəzeti
il: 9, sayı: 004(412), 30 yanvar – 05 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button