Şair Sabir Sarvan öldü

Daha bir şairi ürəyi apardı

Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri, şair Sabir Sarvan vəfat edib. Sosial şəbəkədə yayılan xəbərə görə, o, dünən axşam Neftçilər xəstəxanasında ürək çatışmazlığından ölüb.

Sabir Sabir Sarvan 1956-cı ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. O, “Gördüyüm göy üzü, baxdığım işıq”, “Çıx qaranlıqdan, “Gəldi qürub”, “Özümü sözə çevirdim” adlı şeir kitablarının müəllifidir.

Sabir Sarvan bu gün doğulduğu kənddə dəfn olunub.

Şairin iki şeirini təqdim edirik.

 

YAŞIM ƏLLİNİ ÖTDÜ

Dustaqsan,
yolun olmaz,
Budaqsan,
gülün olmaz,
Ocaqsan,
dözəmmirəm,
Bir belə zülüm olmaz,
Yanma,
ürək,
yanma.

Löyün-löyün əsirsən,
Nə ərköyün əsirsən?!
Sən çıraq keçirməyə
Belə yeyin əsirsən?!
Danma,
külək,
danma.

Günlər qumdu, vaxt sumu,
Yuyub aparır qumu.
Yaşım əllini ötdü
Yazdığın yazı bumu?
Dinmə,
fələk,
dinmə.

 

DÜNYAYA NİFRƏTİM YOXDU

Yoruldum daha, İlahi,
Hərki-hərkidən, gedirəm.
Günüm,
ayım,
ilim bir-bir
Düşür hörgüdən, gedirəm.

Dizimdə
taqətim yoxdu,
Gözümdə
hiddətim yoxdu,
Dünyaya nifrətim yoxdu
Sənə sevgidən… gedirəm.

Qaldım bəxtin tərs üzüylə,
Görüşmədim gündüzüylə,
Aparır bir az özüylə
Məni hər gedən, gedirəm.

Nə balam var,
nə də balım,
Nə yaşılım,
nə də alım,
Bu fanidə niyə qalım?
Keçir körpüdən, gedirəm…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button