Şaqraq vıyıltı

Elnur Astanbəyli

Dünən Əvəz Zeynallıya Azərbaycan məhkəmə-məzhəkəsi 965783120 il iş kəsdi. Rəqəmlər sizi hürkütməsin. Düz oxudunuz. Axı ədalətsiz həbsin müddəti olmur. Bir insanı sifarişli hökmlə bir gün belə həbsə atmaq dəhşətdir. Əvəz bəy siyasi sifarişin qurbanıdır. Ona qarşı hökm azad sözə qarşı növbəti cinayətdir. 
Həmin sifarişli hökmün çıxarıldığı saatlarda isə Prezident Administrasiyasının sözçüsü Əli Həsənovun beyqəfil saytlarda açıqlaması peyda oldu, “müxalifətlə yenidən dialoq olacağını” muştuluqlayırdı. Özü də “yenidən dialoq” ha! Maraqlıdır, əvvəlki dialoq nə vaxt olub? Harda olub? Kimlərlə olub? Nə danışılıb?
Nəticəsi isə budurmu: indi müxalifətin iki tanınmış siması qondarma ittihamla dəmir barmaqlıqlar ardında saxlanılır, üç gənci isə lap təzəcə şərləyərək içəri atıblar, onları lap 37-ci il üsulları ilə “səmimi etiraflar” verməyə məcbur ediblər.
“Yenidən dialoq” olsa, kimlər hansı ittihamlarla tutulsun, kimin evindən nüvə silahı tapılsın, xalqa qarşı rezin güllələr hansı məsafədən atılsın kimi məsələlər incəliklə müzakirə edilməlidir. Çalışılmalıdır ki, repressiyalar zamanı keyfiyyət göstəriciləri gözlənilsin. Məsələn, mən üç “NIDA”çının rejim telekanallarındakı “etirafedici” videosuna baxarkən çox sıxılırdım. Yalnız bir kamera qoyub gəncləri də onun qarşısına oturtmaq çox darıxdırıcıdır. Elşad Abdullayevin videoları adama bundan qat-qat maraqlı gəlir. Adam əsl “Hollivud” effekti ilə sağdan, soldan, yuxarıdan, aşağıdan çəkib, gözə yorucu gəlmir.
Məsələn, əgər MTN-nin videosunda gənclərin evindən 94 min manat tapıldığı göstərilirsə, bəs “otvyorka”, “qayınana” kimi artıq tarixə damğasını vurmuş, minilliklərdən süzülüb gələn yaradıcı ifadələrdən niyə istifadə edilmir? Inanaq ki, “yenidən dialoq” zamanı belə quru, bədiilikdən uzaq, milli-mənəvi dəyərlərdən məhrum videolarla tamaşaçı zövqünün korlanmasına son qoyulması üçün ciddi qərarlar qəbul ediləcəkdir.
Ya da məsələn, mitinqlər zamanı təzyiqli suyun keyfiyyətinə diqqətin artırılması üçün “yenidən dialoq” çox vacibdir. Bəs necə? Bir var suvuran maşınların çəni “Ceyranbatan” su anbarından doldurulsun, bir də var “Oğuz-Qəbələ-Bakı” kəmərindən. Şəxsən mən bulaq suyu, dağ havasını seçirəm.
Və ya, camaata su sıxılırsa, niyə eyni vaxtda sabun da verilməsin, can dəsmalı da paylanılmasın? Təmizlik imandandır. Hətta ən yaxşısı bundan sonra mitinqlər üçün “Təzə bəy” hamamını ayırmaqdır, qoy antimilli ünsürlər gedib orada çirkli məqsədlərindən yuyunub-təmizlənsinlər.
“Yenidən dialoq”da həmçinin başqa vacib, ümummilli məsələlərlə bağlı da dil tapmaq olar. Bura qəbir daşlarının təhlükəsizliyi naminə birgə əməkdaşlıq, Lənkərana vizasız gediş-gəlişin təmin edilməsi, müxalifətçilərə Xoşqədəm xanımın verilişində efir vaxtı ayıraraq, onlara hüquq, demokratiya, azadlıqlar kimi əzizlərini axtarıb-tapmaq üçün şərait yaradılması və s. daxil ola bilər.
Ümumiyyətlə, məndə “yenidən dialoq” üçün xeyli belə təklif və tövsiyələr var. Mən onları ürək açıqlığı ilə tərəflərə təqdim edə bilərəm. Yetər ki, ümummilli məsələlərdə iqtidar-müxalifət birliyi olsun, ölkəmizin suları düşmən dəyirmanına tökülmək əvəzinə hansısa mitinq-zad vaxtı öz vətəndaşlarımızı çimizdirsin, rezin güllələrin şaqraq vıyıltısı, ana laylasını xatırladan səs bombalarının doğma sədası, sümükqıran itlərin şən hürüşməsi xoş bir ahəng yaradıb Azərbaycanı sevməyən qüvvələrin bağrını dəlsin.
Bu tragikomik təzad da iqtidar-müxalifət dialoqunun aşiqlərinə gəlsin:
Ortada heç bir dəlil-sübut yox ikən, üstəlik, ondan şikayətçi olan adamın özü indi dələduzluq ittihamları ilə həbs edilmişkən Əvəz Zeynallıya 9 il azadlıqdan məhrumetmə qərarı çıxaran kor zehniyyət BDU-nun sabiq dekan müavini, “külli miqdarda pulu rüşvət kimi alarkən cinayət başında yaxalanan” (rəsmi məlumatdan çıxarış) və haqqında 11 il həbs cəzası istənilən Məhəmməd Imanlıya 3 il iş kəsdi. Əlavə şərhə ehtiyac varmı? Bir ölkədə hüququn, ədalətin necə yerləbir edildiyini, vicdanın, dürüstlüyün, əxlaqın necə yox edildiyini bundan aydın anlatmaq mümkündürmü?
Sağ olun, salamat qalın.
Yeni dialoqlarda görüşənədək!

“Azadlıq” qəzeti

13.03.2013

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button