Şarl Mişel: “Brüsseldəki görüş çox məhsuldar keçib”

“Bugünkü görüşümüz məhsuldar oldu. Bu görüşümüz mayın əvvəlindən Ermənistan və Azərbaycan liderləri, baş nazirin müavinləri və xarici işlər nazirləri arasında Brüsseldə, Kişineuda, Vaşinqtonda, Moskvada intensiv və məhsuldar keçirilən yüksəksəviyyəli görüşlər silsiləsinin davamıdır”.

“Report”un Brüsselə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında deyib.

O, Ermənistan və Azərbaycan liderlərinin sülh prosesinə sadiq qalmalarını təqdir etdiyini vurğulayıb.

“Biz gündəlikdə olan bütün məsələləri müzakirə etdik. Ermənistan və Azərbaycan liderləri Ermənistanın 29,8 min kvadratkilometr, Azərbaycanın isə 86,6 min kvadratkilometr olmaqla, ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını bir daha tam şəkildə təsdiq etdilər”-deyən Şarl Mişel qeyd edib ki, hər iki lider sərhədlərin delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə birmənalı bağlılıqlarını bir daha təsdiqləyib.

Onun sözlərinə görə, tərəflər son iki ay ərzində regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası ilə bağlı danışıqlarda aşkar irəliləyiş əldə ediblər.

“Biz suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə hörmətlə yanaşacaq gələcək nəqliyyat razılaşmalarının şərtlərini müzakirə etdik”, – deyə o qeyd edib.

Avropalı diplomat deyib ki, tərəflər son iki ay ərzində regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpasına yönəlmiş müzakirələrdə də aşkar irəliləyişə nail olublar:

“Biz suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə cavab verən gələcək nəqliyyat razılaşmalarının şərtlərini müzakirə etdik. Dəmir yolu xəttinin tikintisinə dərhal başlanılmalıdır. Avropa İttifaqı maliyyə töhfəsi verməyə hazır olacaq. Bəzi detallar hələ də aydınlaşdırma tələb edir, lakin bu mövzuda indi mövqelər yaxınlaşır və variantlar fəal şəkildə araşdırılır”.

“Biz razılaşdıq ki, komandalarımız bu gün müzakirə olunan məsələlərin daha sonra konkret inkişafını təmin etmək üçün sıx təmasda olacaqlar. Real inkişaf isə yaxın gələcəkdə atılmalı olan növbəti addımlardan asılıdır. Əsas prioritet isə odur ki, sülh və normallaşma danışıqlarına lazımi şəraiti təmin etmək üçün zorakılıq və sərt ritorika dayandırılmalıdır.

Mən, həmçinin Ermənistan və Azərbaycan liderlərinə yaydan sonra Brüsseldə növbəti görüşə dəvət etmək niyyətimi bir daha bildirdim. Bundan əlavə, “Avropa siyasi birliyi”nin növbəti Zirvə toplantısı çərçivəsində Qranadada Fransa və Almaniya liderlərinin də iştirakı ilə beştərəfli görüş təklifimi də diqqətə çatdırdım”-deyə, o bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button