Sevil Nuriyeva yazır: “BMT və Prezident Ərdoğanın “ədalət” hayqırtısı”-VİDEO

Sevil Nuriyeva İsmayılov

snuriyeva@stargazete.com

İstanbul, “Star” qəzeti

 

Türkiyə prezidenti Ərdoğanın, BMT-dəki çıxışının tək sözlə ifadə edilirsə, “ədalət hayqırtısı” mahiyyəti daşıdığı aydındır. Bütün Müsəlman və tamamilə məzlum coğrafiyaların səsi olma məzmununu daşıyan, Türkiyənin yeri və rolunu ən yüksək pərdədən anlatabilen tək lider idi qarşımızda.

Dünyada mövcud olan nizamın İkinci Dünya Müharibəsindən sonra hegemonların diktəsi ilə qurulduğunu bilməyən yoxdur! Yeni təmayül və konyunkturaya baxmayaraq, hələ də dünyanı öz nüfuzu ilə düzəltmək istəyən və dünyanın problemlərini həll edən qurum kimi görünən Birləşmiş Millətlər Təşkilatının nəyə yaradığını soruşa biləcək,  başqa bir lider də, ölkə də yoxdur ortada! Anlaşılan bu nizamı, ədalət dəyərləri ilə tənzimləyən yenə Türkiyənin tezisləri və prinsipləridir.

İsrailin; göz görə-görə işğalçı siyasəti ilə Fələstinə aid olan torpaqlarda özünə yurd salmasının, hətta bir dövlət qurmasının hansı əsasının olduğunu soruşan və mühakimə edən də Ərdoğandır. Qarabağda erməni işğalında səssiz qalan BMT və dünyaya sərt münasibət göstərən də Ərdoğandır. Körpə Aylanın o cansız və günahsız bədəninə cıqqırı çıxmayan saxta dünya tarazlığına “dur” deməyi bacaran da Ərdoğandır.

Bəli, Ərdoğan belə bir prezident və belə bir liderdir. Başına gələnləri ard-arda sıraya düzdüyümüzdə hər şeyin səbəbi açıqca görsənmirmi? Bugünkü əxlaqlı davranışın, məzlum və arxasızlara arxa olmaq cəhdinin və təşəbbüsünün adı nədir sizcə? Pakistan, Myanmar, Suriyə, Fələstin və daha nə qədər səsi, harayı eşidilməyən məzlumların problemlərini bütün dünyanın gözlərinin qarşısında və zalımların gözlərinə baxa-baxa başqa kim dilə gətirə bilər ki?!

Hər halda “insan” dediyimiz budur və belə də olmalıdır!

Türkiyənin necə və niyə bu qədər birilərinə problem olduğunu anlamaq üçün çevrəmizə, ətrafımıza və bütün bu hadisələrin səbəblərinə baxmamız şərtdir.

Mursini silah gücü ilə devirən birinin oturduğu yemək süfrəsinə oturmadan geri qayıtması, əsasən Ərdoğanın şəxsi nöqteyi-nəzərindən daha çox, təmsil etdiyi türk millətinin və dövlətinin izzəti və şərəfi naminə olduğunu heç kim diqqətdən qaçırmamalıdır. İnsanlar kimi dövlətlərin də izzəti, şərəfi və dəyərlər sistemi var. Əks təqdirdə, dövlət dövlətliyindən çıxar və başıpozuq bir quruma çevrilər.

Prezident Ərdoğan; bizi şərəf və izzətimiz böyüklüyündə təmsil etdi və edir. Davosda illər əvvəl necə hərəkət etdisə, bu gün də BMT-də bir növ dərs verən müəllim kimi boy göstərdi. Üstünə gedə-gedə və göstərə-göstərə! Bunu müasir dövrümüzdə edə biləcək başqa bir dövlət və lider göstərə bilərmi kimsə?

Nümayəndə heyətlərinin üzlərindəki ifadəni gördünüzmü? Məzlum və əzilən ölkələrdən və cəmiyyətlərdən gələnlərin heyranlığı, Ərdoğan danışdıqca ona bəslədikləri sevgi boşuna idimi? Yaxşı, başqalarının üzlərinə baxdınızmı? Nə qədər kin, nə qədər nifrət! Bəli, məsələ də, fərq də budur!

İslam dünyasına və tamamilə məzlum cəmiyyətlərə onları idarə edənlərin parametrlərindən baxmalıyıq. Siyasət; dövlətlərarası münasibətlərdə dövlət qurumlarının çalışmasını ya birbaşa, ya da dolayı yolla hərəkətə gətirir. Ancaq burada vacib olan şey, heç kimdən gözlərini qaçırmadan və hamının gözlərinin içinə dik baxaraq yanlışları söyləmək, “ədalət” deyə hayqırmaqdır. Əsas olan, davamlı olan və dərdə dərman olacaq da budur!

Türkiyə bu səbəblə əhəmiyyətlidir. Ədaləti tələb edən və bunu yalnız öz siyasi dünyagörüşü ilə bəzəmədiyi üçün Türkiyə əvəzedilməzdir. Bəlkə başımıza min bir müsibət gələcək, amma əsla əsas məsələ olan ədalət axtarışından imtina etməmək, Türkiyəni zirvəyə daşıyacaq ən böyük təməl dəyərdir.

https://www.star.com.tr/yazar/bm-ve-cumhurbaskani-erdoganin-adalet-haykirisi-yazi-1483464/

 

Tərcümə “Xural.com”-a məxsusdur

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button