“Siyasi Məhbusları Müdafiə Mərkəzi” bəyanat verdi: Mehman Hüseynov və Taleh Xasməmmədovla bağlı

“Siyasi Məhbusları Müdafiə Mərkəzi” siyasi məhbuslar ətrafında son günlər baş verən proseslərlə bağlı narahatlığını ifadə edən bəyanat qəbul edib. Xural.com-a daxil olan bəyanatda deyilir:

 

““Siyasi Məhbusları Müdafiə Mərkəzi” 28.12.2018-ci il tarixdə ölkədə insan haqq və azadlıqlarının mövcud durumu barədə apardığı müzakirənin nəticəsi olaraq aşağıdakıları Azərbaycan hökumətinin diqqətinə çatdırır və bəyan edir:
– Hüququn nihilizmi artıq ölkənin reallığına çevrilib və Azərbaycanın qanunlarla deyil, ölkə prezidenti də daxil, dövlət məmurlarının şəxsi istək və mülahizələri əsasında idarə olunması barədə formalaşmış rəy kütləviləşməkdədir. Bunun əsas səbəbi isə təkcə ölkə əhalisinin sosial-rifah halının günü-gündən pisləşməsi deyil, daha çox, ən doğal hüquqlqrının, o cümlədən, qanunlar çərçivəsində təhlükəsiz yaşamaq və fəaliyyət hüququnun hər addımbaşı pozulması və bu hüquq pozuntularının, bilavasitə, hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilməsidir.
– Hüquq-mühafizə orqanlarının insanların həyatına siyasi motivli qanunsuz müdaxiləsi, təqib, təzyiq, işgəncə, şərləmə və qanunsuz həbslər həyata keçirməsi və s. hakimiyyətə qarşı narazılıq və etirazların kütləviləşdirilməsini stimullaşdıran və kütləvi etirazlar fonunda dağıntılara aparan yoldur ki, biz “Siyasi Məhbusları Müdafiə Mərkəzi” olaraq, hüquq-mühafizə orqanlarının ölkənin təhlükəsizliyini şübhə altına alan və dağıntılara rəvac verəcək bu kimi hərəkətlərini pisləyirik!
Hüquq-mühafizə orqanlarının insan haqlarını pozması hallarına nümunə olaraq, hakimiyyət orqanlarının düqqətinə çatdırırıq ki;

 


1. Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) üzvü, hüquq müdafiəçisi Taleh Xasməmmədov dünən naməlum şəkildə oğurlanıb. Artıq ikinci gündür ki, harada, hansı şəraitdə saxlandığı bəlli deyil. O, iki dəfə qanunsuz həbs həyatı yaşayıb. Hazırda 3-cü dəfədir ona qarşı cinayət işi açılıb. Ölkədən çıxışı qadağandır, rəsmən polis nəzarəti altındadır. Heç şübhəsiz ki, Taleh bəyin başına nə gətirilirsə, bu, onun ictimai-siyasi fəaliyyəti, sosial şəbəkələrdə hakimiyyət əleyhinə çıxışları ilə bağlıdır və bunun da sorumlusu hakimiyyətdir…


2. Həbsdə olduğu mddətdə Taleh Bağırzadənin, Əli İnsanovun, Firudin Zeynalın, Məmməd İbrahimin, Telman Şirəliyevin ardınca azadlığa buraxmamaq məqsədi ilə video-blogger Mehman Hüseynova da CM-nin 315.2-ci maddəsi ilə qondarma cinayət işi açılıb.


3. Hərəkət imkanı olmayan iflic – yataq xəstəsi Əbülfəz Bünyatov həbsdə saxlanmaqla bilərəkdən və qərəzli olaraq, ölümə tərk edilib.
4. Ruhulla Axundzadənin, Rza Səfərsoyun və səhhətində problem olan digər siyasi məhbusların müalicəsinə şərait yaradılmır.
5. Müsavat fəalı Əbülfəz Sadıqovun ailə üzvləri ilə görüşünə, kitab və digər əşyalar qəbul etməsinə imkan verilmir.
6. Fuad Əhmədli heç bir səbəb olmadan, məhz atası Zəfər Əhmədovun siyasi məhbusları müdafiə işi ilə məşğul olduğuna görə tez-tez CÇM-də müxtəlif formalarda işgəncələrə məruz qoyulur və hazırda şərlənərək “kars”-a salınıb. Özünü əliyevlər hakimiyyətinə müxalif elan etmiş klan nökərləri tərəfindən təşkilatın üzvü Zəfər Əhmədova və onun oğlu siyasi məhbus ömrü yaşayan Fuad Əhmədliyə hücumlar təsadüfü deyil, ümumi hücum konsepsiyasının tərkib hissəsidir.


7. “Siyasi Məhbusları Müdafiə Mərkəzi” hesab edir ki, səhhətində ciddi problemlər olan Taleh Xasməmmədovun oğurlanması, video-blogger Mehman Hüseynovun yenidən şərlənməsi, bədəninin 80%-i iflic, ölüm ayağında olan Əbülfəz Bunyadovun ədalətsiz məhkəmə hökmü ilə həbsdə saxlanması siyasi motivli qisasçılıqdan başqa bir şey deyil və bu zərərli tendensiya ölkəyə uğurlu gələcək vəd etmir!
8. “Siyasi Məhbusları Müdafiə Mərkəzi” müvafiq hakimiyyət orqanlarına təklif və təkidlə tələb edir ki, siyasi mülahizə və motivlərlə insanların təzyiqinə, təqibinə, şərlənməsinə və həbs edilməsi hallarına son qoysun, fəaliyyətini Konstitusiya və qanunların tələblərinə uyğun qursun, Mehman Hüseynov barədə yeni açılmış qondarma cinayət işini ləğv etsin, “Siyasi Məhbusları Müdafiə Mərkəzi”nin üzvü, tanınmış hüquq müdafiəçisi Taleh Xasməmmədovu dərhal azadlığa buraxsın!
9. “Siyasi Məhbusları Müdafiə Mərkəzi” hökumətin nəzərinə bir daha çatdırmağı lazım bilir ki, hökumətin siyasi təqib, işgəncə və həbslərlə bağlı qanunsuz fəaliyyəti bilavasitə ölkənin təhlükəsizlik məsələsidir, ərazi bütövlüyümüzün, Qarabağ probleminin ədalətli həlli yolunda maneədir və ümummilli mənafeyə zidd olan bu fəaliyyətə son verməlidir!”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button