Siyasi Məhbusları Müdafiə Mərkəzi yeni repressiya dalğasını pisləyir

Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) ictimai fəalların həbsilə bağlı son faktları pisləyib.

“Son zamanlar hakimiyyətin ictimai fəallara, həbsdə olan siyasi məhbuslara qarşı repressiyasının yeni mərhələsi başlayıb. Tənqidi baxışlarına, fikirlərinə görə insanlar şərlənib həbs olunur, həbsdə olan siyasi məhbuslar təzyiqlərə, işgəncələrə məruz qalır”, – Mərkəzin məlumatında deyilir.

Əsasən Musavat Partiyasının fəalı, Litvada siyasi mühacirətdə olan Azad Həsənovun, eləcə də Klassik Xalq Cəbhəsi Partiyasının üzvü, Rusiyadan gələn Ceyhun Nəbinin həbsinə toxunulur. C.Nəbi oktyabrın 23-də Şəmkirdə həbs edilib. 2 gündür onun yeri haqda məlumat verilmir. Bəzi məlumatlara görə, Facebook-da hakimiyyət əleyhinə yazdığı tənqidi statuslara görə həbs olunub və hazırda DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılır.

Həddi-büluğa çatmayan fəal Fatimə Mövlamlı 30 saatdan çox Binəqədi polisində saxlanılıb və ondan məcburi qaydada izahat alınıb.

Son günlər siyasi məhbuslar Əhsən Nuruzadə, Elgiz Qəhrəmanlı, Əfqan Muxtarlı, Saleh Rüstəmov, Aqil Əli Məhərrəmli, Ruslan Nəsirli, Babək Həsənov və digərləri əsassız olaraq karsa salınıb.

AXCP fəalı Fuad Əhmədli və bloger Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa çıxmaq istəkləri rədd edilib.

Digər AXCP fəalı Məmməd İbrahim və dindar Telman Şirəliyev azadlığa çıxmalarına bir neçə gün qalmış yenidən həbs olunublar.

SMMM ictimai fəallara və jurnalistlərə təzyiq faktlarını pisləyir, onların dərhal azadlığa buraxılmasını tələb edir.

SMMM Azərbaycan hakimiyyətini Konstitusiyanın təməl prinsiplərinə əməl etməyə, insanların hüquq və azadlığının qorunması üçün əməli addımlar atmağa çağırır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button