Şoyqunun adamı sülhməramlıları Laçına “qaytardı” – Lentsov niyə kölgəyə çəkilib?

Laçın yolunda yoxlanış postu qursaq da, Rusiya Müdafiə Nazirliyinin saytında ərazi rus hərbi birləşmələrinin məsuliyyət zonası kimi göstərilir – ekspertlərin öz izahı var…

Rusiya sülhməramlı hərbi kontingenti 2022-ci il avqustun 31-dən rəsmən Azərbaycan dövlətinin yurisdiksiyasına qaytarılmış Laçın şəhərini 2023-cü il mayın 31-dən yenidən virtual olaraq öz məsuliyyət və nəzarət zonasına daxil edib.

Yeni Müsavat”ın verdiyi xəbərə görə, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı sülhməramlı kontingentə aid bölmədə həmin kontingentin 2 iyun 2022-ci il tarixində axşam saatlarında təqdim edilmiş dislokasiya xəritəsində Laçın şəhəri kənarda göstərilsə də, 4 iyun 2022-ci ilə aid xəritədə bu şəhərimiz yenidən hərbi birləşmənin məsuliyyət zonasında göstərilib. Xəritədən görünür ki, eyni tarixdə sülhməramlıların  mayın 31-də olduğu kimi, Şuşa rayonunun Zarıslı kəndi yaxınlığından başlamaqla və  ermənilərin istədiyi kimi xəritədə “Kirov” adlandırdıqları Kiçik Qaladərəsi kəndindən keçməklə Laçın şəhərini də tam əhatə edən patrul marşrutu  həyata keçirdiklərini qeyd ediblər.

Moderator.az hazırda Laçında olan vətəndaşlarımıza istinadən yazır ki, şəhərdə heç bir Rusiya hərbçisi görünmür. Söhbət razılaşmalara zidd olaraq Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Laçın şəhərinin sülhməramlıların məsuliyyət zonasını əks etdirən xəritələrinə salınmasından gedir. Yəni məlumdur ki, öncə dediyimiz kimi, 2022-ci ilin avqustundan Azərbaycanın öz hesabına çəkdiyi alternativ Xankəndi-Ermənistan yolu istifadəyə verilib və Rusiya hərbçiləri də həmin vaxtdan Laçın şəhəri, Zabux və Sus kəndləri ərazilərindən çıxaraq alternativ yol ərazisinə keçiblər. Rusiya tərəfinin bu “yanlışı” Azərbaycan Prezidentinin mayın 28-də Laçın şəhərində geniş çıxış etməsi, oraya ilk köçürülən ailələrə evlərinin açarlarını təqdim etməsindən sonra baş verməsi diqqət çəkir.

Yada salaq ki, aprel ayında Rusiya hakimiyyəti sülhməramlıların komandanı, general-mayor Andrey Volkovu vəzifəsindən geri çağırıb. Onun yerinə general-polkovnik Aleksandr Lentsov təyin edilib. Volkovun xələfi Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ən etibarlı kadrlarından biridir. Onlar uzun illər birlikdə çalışıblar. Mayın 4-də Lentsov Bakıda olub və müdafiə naziri ilə görüşüb. O vaxtdan sonra Lentsov Xankəndidə də az gözə dəyib. Lentsovdan əvvəl də Rusiyanın xəritə ilə bağlı “yanlış addımı” dəfələrlə təkrar olunub, bəs budəfəki “yanlışla” bağlı hansısa mesaj varmı, niyə Bakı etiraz etmir?

Hələ Laçın şəhəri nəzarətimizə qaytarılmamışdan öncə Tərtər rayonunun sülhməramlıların nəzarətində olmayan Suqovuşan, Qapanlı və s. məntəqələri ilə də bağlı belə “texniki səhvlər” olmuşdu… Konkret Laçın şəhəri və “köhnə dəhliz” ərazisinə gəldikdə isə, məsələn, 2022-ci il sentyabrın 17-də yenə də Laçın şəhəri və “köhnə dəhliz”dəki Ağanus kəndi də sülhməramlıların dislokasiya və patrul xidməti xəritələrinə yerləşdirilmişdi. Ondan sonra bir neçə dəfə də Laçın şəhəri ərazisinə “patrul xidməti” salınmışdı. Bütün hallarda Rusiya MN Laçın şəhəri ilə bağlı bu “texniki”, “təsadüfi” adlandıracaqları “xəta” haqda izahat verməlidir. Necə oldu, həmin “təsadüfi xəta” məhz Azərbaycan Prezidentinin Laçın şəhərinə ilk köçürülən ailələrə evlərinin açarlarını təqdim etməsi, yəni şəhərin məskunlaşdırılmağa(!) başlanmasından sonra baş verib.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror, diversiya aksiyaları həyata keçirir | Kaspi.az

Ramil Məmmədli

Hərbi analitik Ramil Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Qarabağ bölgəsi və Laçın müharibə bitdikdən sonra rusların xidmət apardığı ərazi olduğuna görə bu gün də Rusiya MN-in saytında həmin formada saxlanılır. Onun fikrincə, əslində keçid məqsədilə istifadə edilən Laçın rayonu məhz Rusiya Müdafiə Nazirliyinin baxış bucağıdır: “Yəni rusların nəzarət etdiyi ərazi kimi yox, keçid ərazisi kimi göstərilir. Rusiya özü də yaxşı bilir ki, Laçın Azərbaycan Ordusunun nəzarətindədir. Əgər belə olmasaydı, Laçın yolunda sərhəd-keçid məntəqəsi yaratmazdıq, indiyə qədər fəaliyyətini davam etdirməzdik”. Hərbi ekspertin fikrincə, zaman-zaman Rusiya MN-in saytında belə səhvlərə yol verilir, eləcə də toponimlər erməni dilində yazılır, rəsmi şəkildə xəbərdarlıq da etmişik: “Ancaq arabir bu yanlışlar edilir. Bu səhvlər sonra düzəldilir, amma yenə təkrarlanır. Səbəbini konkretləşdirmək çətindir, amma rusların Laçın şəhərində olmadığı aydındır. Artıq Laçına ilk köç reallaşıb, qayıdış prosesi həyata keçirilir, quruculuq işləri davam etməkdədir, sərhədçilərimiz erməniləri Laçın yolunda yoxlayaraq Ermənistana gediş-gəlişə nəzarət edirlər, o halda Rusiya Müdafiə Nazirliyinin saytında niyə belə göstərilməlidir?”

Erməni xalqı Azərbaycanla qonşu olmaq istəyir - Xəyal Bəşirov - VİDEO - Sonxeber.net

Xəyal Bəşirov

Siyasi şərhçi Xəyal Bəşirov hesab edir ki, Rusiya MN-in saytındakı xəritə yanlışlıq və ya texnika xəta deyil, birbaşa təxribatdır: “Mən buna təsadüf deməzdir, təxribat xarakterli addımlardır. Eyni zamanda Rusiya hərbi-siyasi elitasının dərinliklərində erməni təsirlərinin olmasından xəbər verir. Bu bizim yox, Rusiya dövlətinin adına utanc gətirir, çünki ölkənin prezidenti Vladimir Putinin imzaladığı sənədə hörmətsizlik edilir. Həmin 10 noyabr razılaşmasında Kreml rəhbərinin imzası var və anlaşmaya əsasən, 3 il ərzində Laçın şəhərinin içərisindən keçən dəhlizə alternativ yol tikərək istifadəyə verilməliydi. Biz bu öhdəliyi yerinə yetirdik, Laçın, Zabux və Sus boşaldıldı, indi bu addımlarla təxribat yaradırlar”.

Ekspertin sözlərinə görə, Laçın şəhəri həmişə strateji nöqtə olub: “Erməni separatçıları və işğalçı qüvvələri onların Rusiyadakı himayədarları sayəsində məhz bu dəhlizi ələ keçirməklə işğala nail olmuşdular. İndi də həzm edə bilmirlər ki, 30 il sonra azərbaycanlılar bu torpaqlara qayıdır, bu strateji yol Ordumuzun nəzarəti altındadır… Ona görə bu təxribatçı mövqeni vaxtaşırı  göstərirlər. Ancaq müvəqqəti xarakter daşıyır və reallığı dəyişə bilmir. Faktiki olaraq, Azərbaycan Laçın şəhərində öz sakinlərini məskunlaşdırır, hava limanı, tunellər inşa edir. Bu addımlar fonunda nazirliyin saytında ərazinin rusların məsuliyyət bölgəsi kimi göstərilməsi isə gülüncdür. Bu, bizim qələbəmizə sevinməyən qüvvələrin olduğunu göstərir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button