Söyüdlüdə fəaliyyət göstərən müəssisə haqqında QƏRAR VERİLDİ

Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə ölkə Prezidentinin tapşırığı və Azərbaycan Respublikası Baş nazirinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiya tərəfindən aparılan araşdırma və monitorinqlərin nəticələri əsasında mövcud vəziyyət təhlil edilib, sağlamlıq, təhlükəsizlik, ekoloji mühitin yaxşılaşdırılması ilə bağlı kompleks təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

Musavat.com xəbər verir ki, bu barədə Gədəbəy rayonunun Söyüdlü kəndində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiya məlumat yayıb.

Nəticələr göstərib ki, ərazidə fəaliyyət göstərən müəssisə tərəfindən təhlükəsizlik, ekoloji, sanitar qaydalarda pozuntulara yol verilib, istismar və tikinti prosesində müvafiq icra orqanlarının razılığı alınmayıb.

Bu səbəbdən hazırlanmış təkliflər paketində müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması haqqında qərar verilib.

Hazırlanan təkliflər planına beynəlxalq şirkətlərin iştirakı ilə ərazidə ekoloji auditin aparılması, tullantı anbarının reabilitasiya və rekultivasiya planının hazırlanması, mövcud tullantı anbarı və bəndinin dayanıqlılığının yoxlanılması, ətraf mühitin sağlamlaşdırılması tələblərinin tam olaraq yerinə yetirilməsi məsələləri daxil edilib.

Həmçinin istehsalatda müasir texnologiyaların tətbiqi şərtilə, şirkətin sonrakı fəaliyyətini davam etdirməsi də təkliflər planına əlavə olunub.

Yerli icmalarla münasibətlərin yaxşılaşdırılması, Söyüdlü kəndində korporativ tibbi, sosial layihələrin həyata keçirilməsi də istismarçı şirkətin qarşısında qoyulan məsuliyyətlər sırasındadır.

Bu gün Gədəbəy rayonunda Komissiyanın növbəti iclası keçirilib, istismarçı şirkətin nümayəndələri ilə görüş olub, sağlamlaşdırma proqramında əks olunan təkliflər paketi ətrafında müzakirələr aparılıb. Daha sonra kənd sakinləri ilə görüş təşkil edilib, onlara Komissiyanın gördüyü işlər barədə məlumatlar verilib.

Xatırladaq ki, hələ iyunun 24-də “Gədəbəy rayonunun Söyüdlü kəndində baş vermiş məlum hadisəni əks etdirən görüntülərlə bağlı “AzerGold” QSC açıqlama verib və bildirib ki, onların bu məsələ ilə bağlı heç bir bağlılığı yoxdur”.

Bunu “AzerGold” QSC-nin rəsmisi Ariz Tarverdiyev bildirib. “Gədəbəy rayonunda qızıl yataqlarının işlənilməsini ölkəmizdə fəaliyyət göstərən digər dağ-mədən şirkəti həyata keçirir”, – deyə o qeyd edib.

YATAQLA BAĞLI QISA MƏLUMAT:

Yataqda açıq üsulla mədən fəaliyətinə 2008-ci ildə “Anglo Asian Mining”in törəmə müəssisəsi Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti (ing. Azerbaijan International Mining Company – AIMC) tərəfindən bərpa olunub. Filizlərdən qızıl, mis, sink əldə edilməsi məqsədi ilə “heap leach” tipli zavod qurulub. İlk qızıl istehsalı isə 2009-cu ilin may ayında əldə edilib.

“Anglo Asian Mining” şirkəti Azərbaycanın 6 qızıl yatağının işlənməsi layihəsinin operatorudur. Şirkətin əsas payçısı iranlı Rza Vəziriyə məxsus “R.V.İnvestment Group Services, LL USA” şirkətidir. “R.V.İnvestment Group Services LL USA” şirkəti “Gədəbəy” yatağında qızıl hasilatı üzrə layihədə 51% paya sahibdir.

5 il əvvəl Gədəbəy yatağında təqribən 22 ton qızıl, 192 ton gümüş, 37 min ton mis ehtiyatının olduğu güman edilirdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button