Təhlükəsizlik eksperti “İŞİD Ermənistana keçir” xəbərdarlığını şərh etdi

İlham İsmayıl: “Suriyadan terrorçu erməni qruplarını Qarabağda yerləşdirmək planı ola bilər”

Suriya və İraqda məğlubiyyətə uğradıldıqdan sonra İŞİD terror qruplaşması maraqlarını Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğız Respublikası və Ermənistan ərazisinə doğru hərəkət etdirir. Bu barədə Rusiya Daxili İşlər Nazirliyi Ekstremizə qarşı Mübarizə Baş İdarəsinin rəisi Oleq İlyinıx “Ekstremizm və terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığın prioritetləri” mövzusunda Rusiya Daxili İşlər Nazirliyinin V.Y.Kikot adına Moskva Universitetində keçirilən II beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, İŞİD terror qruplaşması ümumdünya terror şəbəkəsi yaradılması üzrə planlarını həyata keçirmək istəyir. O.İlyinıx deyib ki, Xilafətin Suriya və İraqda strateji məğlubiyyət alması onların maraqlarının Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğız Respublikası və Ermənistan ərazisinə doğru hərəkət etməsinə gətirib çıxaracaq.

Bəs İŞİD-in məhz Ermənistanda yerləşməsi realdırmı və mümkünmü?

“Təhlükəsizlik” Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, Suriyada xeyli sayda ermənilər yaşayır: “Həmin ermənilərdən Ermənistana köçənlərin olduğu barədə son illərdə tez-tez məlumatlar yayılıb. Ancaq bu, o demək deyil ki, onlar məhz İŞİD üzvləridir. Ermənistana Suriyadan və digər ölkələrdən erməni terrorçuları keçə bilər. Ancaq onlar İŞİD-ə bağlı olmaya da bilərlər. Ermənistan hökumətinin özünün Suriyadan terrorçu erməni qruplarını ya Ermənistan ərazisində, ya da Qarabağda yerləşdirmək planı ola bilər. Məqsəd isə Azərbaycana qarşı yeni təhdid mexanizmi qurmaq ola bilər. Ancaq həmin qrupların məhz İŞİD-çi olduqları az inandırıcıdır. Diqqət edirsinizsə, Oleq İlyinıxın açıqlamasında Ermənistandan başqa adı çəkilən ölkələrin hamısı müsəlman ölkələridir. Bu baxımdan da Ermənistanın adının o siyahıya daxil edilməsi inandırıcı görünmür. Sadəcə ola bilsin ki, erməni terror qruplarının yerləşdiriləcəyinə hazırlıq gedir və Rusiya həmin qrupu İŞİD-lə bağlı qrup hesab edir. Əgər Ermənistanda hər hansı bir terror birləşməsi yerləşdiriləcəksə bu, Ermənistan hökumətinin razılığı ilə edilmiş olacaq. Ermənilərin həmişə terror təşkilatları olub. Hələ İŞİD mövcud olmayanda ermənilər çoxsaylı terror təşkilatlarına malik idilər. ASALA terror təşkilatı kimi erməni terror təşkilatları dünyada qəddarlığı ilə ad çıxarıb. Birinci Qarabağ müharibəsində erməni terror təşkilatları xüsusilə aktiv idilər. İndi onlar yenidən fəallaşa bilərlər”.

Ekspert vurğuladı ki, İŞİD qruplaşmasının Ermənistanda məskunlaşmasına Rusiya razı olmaz: “İŞİD-in adı varsa, Rusiya heç cür istəməz ki, ona yaxın və müttəfiq olan bir ölkənin ərazisində İŞİD yerləşsin. İŞİD məsələsində Rusiyanın ən qorxduğu çətin yerlərdən biri şimali Qafqazdır. Rusiya İŞİD-in bu bölgəyə gəlməsini xüsusi nəzarətdə saxlayır. Ona görə də Rusiya qətiyyən razı olmaz ki, İŞİD-çilər Cənubi Qafqazın hansısa ölkəsinə yerləşsinlər və bir müddət sonra da şimali Qafqaza keçsinlər. İŞİD-in Ermənistanda yerləşməsinə İran da razı olmaz”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button